Böyük perspektivlər vəd edən sahə

Əşyaların interneti qlobal bazarda sürətlə böyüyən və yüksək gəlir gətirən bir sahədir. Bu bazarın gəlirləri ölkələrin texnoloji inkişaf səviyyəsi və bu sahəyə ayırdıqları investisiyalarla birbaşa əlaqəlidir.
Bu il Azərbaycanda əşyaların interneti (IoT) bazarının 463,10 milyon ABŞ dolları gəlir əldə edəcəyi gözlənilir. "Statista" portalının proqnozuna görə, bu, illik 10,2 faiz artım deməkdir.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycan ağıllı şəhərlərə və enerji idarəetmə həllərinə diqqət yetirməklə əşyaların interneti bazarında sürətli artım yaşayır. Əşyaların interneti bazarının müxtəlif seqmentləri arasında Əşyaların Sənaye İnterneti (IIoT) seqmenti 119,70 milyon ABŞ dolları həcmində dəyərlə üstün mövqeyə sahib olacaq. 2025-2029-cu illərdə ölkədə əşyaların interneti bazarında gəlirin illik 10,68 faiz artacağı və 2029-cu ildə bazar həcminin 694,90 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Bəs görəsən, əşyaların interneti nə deməkdir? Bu sahənin hansı perspektivləri var?
Gəlirlər bir trilyon dollara yaxınlaşıb
Əşyaların interneti qlobal bazarda sürətlə böyüyən və yüksək gəlir gətirən bir sahədir. IoT bazarının gəlirləri ölkələrin texnoloji inkişaf səviyyəsi və bu sahəyə ayırdıqları investisiyalarla birbaşa əlaqəlidir. Gəlirləri əsasən müxtəlif sahələrdə tətbiqindən və innovativ həllərdən qaynaqlanır. 2024-cü ilin statistikasına görə, IoT bazarının qlobal gəliri bir trilyon dollara yaxınlaşıb və hər il təxminən 20-25 faiz böyüyür. 2030-cu ilə qədər bu bazarın altı trilyon dolları keçəcəyi proqnozlaşdırılır.
Hazırda IoT sahəsində ən yüksək gəlir əldə edən ölkələr arasında ABŞ, Çin və Almaniya kimi sənaye nəhəngləri ön plandadır.
"Bu texnologiyanın inkişaf potensialı böyükdür"
“İKT LAB” Tətbiq və Tədris Mərkəzinin Tədris və inkişaf sektorunun müdiri Ayaz Kərimovun fikrincə, IoT artıq gündəlik həyatımızın və sənayenin ayrılmaz hissəsinə çevrilib: “Bu texnologiya fiziki obyektlərin - yəni cihazların, sensorların və proqramların internet vasitəsilə bir-biri ilə əlaqə qurmasını və məlumat mübadiləsini təmin edir. Məsələn, ağıllı evlərdə işıqların və istilik sistemlərinin uzaqdan idarə olunması, sənayedə avadanlıqların monitorinqi və avtomatlaşdırılması kimi tətbiqlər IoT-nin gündəlik həyatda necə istifadə olunduğunu göstərir”.
Mütəxəssis hesab edir ki, bu texnologiyanın inkişaf potensialı böyükdür: “Bir neçə əsas istiqamətə toxunaq. Məsələn, smart evlər və şəhərlər - enerji səmərəliliyinin artırılması, təhlükəsizlik sistemlərinin gücləndirilməsi və ümumi yaşayış keyfiyyətinin yaxşılaşdırılması üçün qurulmuş ağıllı infrastrukturdur. “Sənaye 4.0” istehsalat proseslərinin avtomatlaşdırılması və idarə edilməsində səmərəliliyin yüksəldilməsinə xidmət edir. Sağlamlıq və tibdə uzaqdan xəstə monitorinqi, tibbi cihazların izlənilməsi və erkən diaqnostika kimi imkanların yaradılmasını nəzərdə tutur. Kənd təsərrüfatında məhsuldarlığın artırılması, su və gübrə istifadəsinin optimallaşdırılmasına imkan yaradır. Nəqliyyat və logistikada avtomatlaşdırılmış nəqliyyat sistemləri, real vaxt izləmə və marşrut planlamasını nəzərdə tutur. Enerji idarəetməsində resursların səmərəli istifadəsi və enerji qənaəti üçün ağıllı şəbəkələrdən ibarətdir”.
“Xərclər azalır, yeni biznes modellər yaranır”
A.Kərimovun sözlərinə görə, bu bazar müxtəlif məhsul kateqoriyalarını əhatə edir: “IoT bazarı olduqca genişdir. Bu bazara ağıllı ev avadanlıqları, ağıllı termostatlar, ağıllı işıqlandırma sistemləri, təhlükəsizlik kameraları və siqnalizasiya sistemləri, ağıllı ev mərkəzləri və sensorlu smart saatlar, sağlamlıq monitorinq cihazları, istehsalat proseslərini izləyən sensorlar, avtomatlaşdırma sistemləri və nəzarət cihazları, avtomobil sensorları və əlaqə sistemləri, yük və daşınma vasitələrinin izlənməsi, hava keyfiyyəti sensorları, su və enerji monitorinq sistemləri və sair daxildir. Bütün bu məhsullar və texnologiyalar həyatımızı asanlaşdırır, əməliyyat xərclərini azaldır və yeni biznes modellərinin yaranmasına şərait yaradır. İnanıram ki, gələcəkdə IoT həm fərdi istifadəçilər, həm də müəssisələr üçün böyük əhəmiyyət kəsb edəcək. Demək olar ki, həyatımızın hər sahəsində inqilab edəcək”.
Əşyaların interneti evimizdə
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, son illər ölkəmizdə əşyaların interneti bazarının payı kifayət qədər artıb: “Texnologiyanın inkişafı həyatımızı əhəmiyyətli dərəcədə dəyişir. Bu irəliləyiş nəticəsində informasiya texnologiyaları sahəsində əşyaların interneti anlayışı meydana çıxıb. Əşyaların interneti müxtəlif obyektlərin internet vasitəsilə insan müdaxiləsi olmadan funksiyalarını yerinə yetirən bir sistemdir. Artıq evimizdəki müxtəlif əşyalar müəyyən qədər internetlə ünsiyyətdədirlər. Misal üçün, əgər smart qurğular qapımızı, pərdələrimizi açıb-bağlayırsa, elektrik avadanlıqlarını söndürüb-yandırırsa, bu o deməkdir ki, evimizdə əşyaların interneti anlayışından istifadə edirik”.
Kommunal münasibətlər rəqəmsal formada tənzimlənəcək
Ekspert deyib ki, hazırda dövlət qurumlarında bəzi xidmətlər əşyaların interneti texnologiyasına çevrilir: “Məsələn, qaz və işıq sayğacları ağıllı olacaq. İnsanlar belə sayğaclara müdaxilə etməyəcəklər. Sayğacın özünün interneti olacaq və vətəndaş hər hansısa bank və ya ödəmə sistemindən ödəniş etdiyi zaman pul sistemə köçürüləcək. Hazırda ağıllı sayğac anlayışının yenilənməsini gözləyirik. Burada bir neçə pilot layihə müşahidə olunur. Onları əsasən “Azərişıq” və “Azəriqaz” kütləvi olmayan formada tətbiq edib. Hələlik sistem sınaqdan keçirilir. Ağıllı cihazların tətbiqinə çalışmaqda məqsəd odur ki, insanların qapıları qaz, su, işıq puluna görə döyülməsin. Həmin sahə inzibatçıları vətəndaşlarla birbaşa ünsiyyətə girməsinlər və ödənişlər birbaşa, internetə bağlanaraq köçürülsün”.
Ekspertin sözlərinə görə, Azərbaycanda yaxın beş il ərzində kommunal münasibətlər rəqəmsal formada tənzimlənəcək: “Bununla sayğacların tamamilə internetə bağlanması, vətəndaşların onlayn vasitələrlə ödəniş etməsi, sayğacların birbaşa açılması mümkün olacaq”.
Sevinc Abbasova
