Bir kart, bütün nəqliyyat
Azərbaycanda aylıq nəqliyyat biletinin tətbiqi məsələsi uzun müddətdir müzakirə olunsa da, hələlik real sistemə çevrilməyib. İndi isə Bakı metrosunda “28 May”-“Nizami” sahəsində qatarların hərəkətinin avqustun 15-dən müvəqqəti dayandırılması bu məsələni yenidən aktuallaşdırıb.
İctimai nəqliyyatdan hər gün istifadə edən sərnişin üçün əsas sual ayın sonunda ortaya çıxır: nəqliyyata bu ay nə qədər pul xərcləndi? Ayrı-ayrılıqda böyük görünməyən gediş haqları ay ərzində onlarla səfərlə toplandıqda ailə büdcəsində nəzərəçarpacaq məbləğə çevrilir. İctimai nəqliyyatdan mütəmadi istifadə edən sərnişin üçün daha sərfəli tarif mexanizminin tətbiqi bu yükü azaltmaqla yanaşı, insanların ictimai nəqliyyata üstünlük verməsinə də stimul yarada bilər.
Azərbaycanda aylıq nəqliyyat biletinin tətbiqi məsələsi uzun müddətdir müzakirə olunsa da, hələlik real sistemə çevrilməyib. Bakı metrosunda “28 May”-“Nizami” sahəsində qatarların hərəkətinin avqustun 15-dən müvəqqəti dayandırılması bu məsələni yenidən aktuallaşdırıb. Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində işlərin təxminən 10-11 ay davam edəcəyi gözlənilir və bu müddətdə sərnişinlərin bir hissəsi alternativ avtobus marşrutlarından istifadə etməli olacaq. Belə vəziyyətdə isə bir sual ortaya çıxır: ictimai nəqliyyatdan mütəmadi istifadə edən sərnişin niyə daha sərfəli aylıq nəqliyyat bileti ala bilməsin? Niyə dünyanın müxtəlif ölkələrində işləyən bu mexanizmi Azərbaycanda tətbiq etmək mümkün olmur?
Problem yalnız texniki imkanlarla bağlı deyil
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev hesab edir ki, artıq Azərbaycanda da belə paketlərin tətbiqi zərurətə çevrilib: “Dünyanın bir çox şəhərində bu sistem illərdir işləyir. Sərnişin ictimai nəqliyyatdan nə qədər mütəmadi istifadə edirsə, bir gediş daha ucuz başa gəlir. Bizdə isə sərnişin ay ərzində metro və avtobusdan 10 dəfə də istifadə etsə, 100 dəfə də istifadə etsə, hər gediş üçün ayrıca tarif ödəyir”, - deyə ekspert bildirib.
A.Nəbiyev deyib ki, aylıq paketlərin indiyədək tam şəkildə tətbiq olunmamasını yalnız texniki səbəblərlə izah etmək doğru deyil: “Burada tarif siyasəti, müxtəlif daşıyıcıların gəlirlərinin hesablanması, ödəniş sistemlərinin tam inteqrasiyası, sərnişin axınının dəqiq uçotu və ən əsası, güzəşt nəticəsində yaranacaq maliyyə fərqinin kim tərəfindən qarşılanacağı kimi məsələlər birlikdə həll edilməlidir”.
Ekspertin sözlərinə görə, məsələ xüsusilə sərnişinin eyni nəqliyyat biletindən həm metroda, həm də müxtəlif avtobus marşrutlarında istifadə etdiyi halda mürəkkəbləşir. Belə olduqda sərnişinin ödədiyi vəsaitin müxtəlif daşıyıcılar arasında hansı prinsiplə bölüşdürüləcəyi əvvəlcədən müəyyənləşdirilməlidir.
“Məsələn, sərnişin aylıq vahid paket alaraq həm metrodan, həm müxtəlif avtobus operatorlarından limitsiz və ya müəyyən sayda istifadə edəcəksə, həmin şəxsin ödədiyi vəsaitin metro ilə avtobus daşıyıcıları arasında hansı qaydada bölüşdürülməsi üçün dəqiq hesablama mexanizmi olmalıdır. Çünki avtobus daşımalarında müxtəlif operatorlar fəaliyyət göstərir və marşrutlar üzrə tariflər də eyni deyil”, - deyə ekspert bildirib.
“Bu problem tədricən aradan qaldırılır”
Bununla belə, A.Nəbiyev hesab edir ki, elektron ödəniş imkanlarının genişlənməsi və müxtəlif nəqliyyat növlərinin vahid rəqəmsal mühitdə birləşdirilməsi istiqamətində görülən işlər vahid bilet sisteminin yaradılması üçün mühüm baza formalaşdırır.
“BakıKart”ın metro və avtobuslarda elektron ödəniş vasitəsi kimi istifadəsi, AYNA tərəfindən “AYNA MaaS” platformasının yaradılması və avtobus marşrutlarının nağdsız ödəniş sisteminə mərhələli keçirilməsi bu istiqamətdə imkanları artırır. “Əvvəllər əsas maneələrdən biri texniki infrastruktur və bütün nəqliyyat vasitələrinin vahid sistemdə görünməməsi idisə, bu problem tədricən aradan qaldırılır. Məncə, növbəti mərhələ artıq vahid tarif və vahid bilet siyasətinə keçmək olmalıdır”, - A. Nəbiyev qeyd edib.
“30 günlük paketlə kifayətlənmək olmaz”
Ekspertin fikrincə, gələcək abonement sistemi yalnız 30 günlük bir paketlə məhdudlaşmamalıdır. Sərnişinlərin istifadə intensivliyi nəzərə alınaraq müxtəlif müddətli və məzmunlu paketlər təqdim edilə bilər.
“Hamıya eyni aylıq kart təqdim etməkdənsə, 24 saatlıq, 7, 30, 90 günlük və illik, eləcə də müəyyən sayda gediş verən paketlər hazırlamaq olar. Metro və avtobus üçün ayrıca paketlə yanaşı, daha sərfəli vahid “metro+avtobus” paketi də təklif edilə bilər”, – deyə o bildirib.
A.Nəbiyev hesab edir ki, belə bir sistemdə sosial qruplar üçün ayrıca tariflərin müəyyənləşdirilməsi də mümkündür. Tələbələr, şagirdlər, pensiyaçılar və digər kateqoriyalar üçün xüsusi paketlərin yaradılması ictimai nəqliyyatın əlçatanlığını artıra bilər.
“Sərnişin əvvəlcədən aylıq paket alanda artıq hər səfərdə “gediş haqqı nə qədərdir?” deyə düşünmür və avtomobilini evdə qoyaraq avtobus və metrodan istifadə etməyə daha çox maraq göstərir. Bu isə uzunmüddətli perspektivdə şəxsi avtomobillərdən istifadənin və şəhər mərkəzinə daxil olan avtomobillərin sayının azalmasına, tıxacların müəyyən qədər yüngülləşməsinə və ictimai nəqliyyatın payının artmasına xidmət edə bilər”, - deyə A. Nəbiyev vurğulayıb.
“Brutto-müqavilə” modeli nəyi dəyişəcək?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə bildirib ki, ictimai nəqliyyatda vahid bilet və fərqli ödəniş modellərinə keçid baxımından “brutto-müqavilə” sistemi mühüm mərhələdir. Onun sözlərinə görə, bu modelə keçid 2026-2028-ci illər ərzində nəzərdə tutulub və proses Bakı şəhərində avtobusların nağdsız ödəniş sisteminə tam keçidi ilə əlaqələndirilir. “Hazırda avtobus parkının 88 faizi nağdsız, 12 faizi isə nağd ödənişlə fəaliyyət göstərir. Bu keçid tam başa çatdıqdan sonra “brutto-müqavilə” modeli tam gücü ilə işə düşəcək. İlkin olaraq ötən ay müvafiq qaydalar təsdiq edilib”, – Rauf Ağamirzəyev bildirib.
“Əvvəlcə nağdsız ödəniş tam təmin edilməlidir”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, ictimai nəqliyyatda müxtəlif ödəniş üsullarının, o cümlədən saatlıq, günlük və aylıq ödənişlərin, eləcə də güzəştlərin tətbiqi məsələsinə nağdsız ödənişlərə keçid tam təmin edildikdən sonra baxıla bilər.
Qurumun cavabında diqqət çəkən əsas məqam isə daşıyıcılarla bağlanacaq “brutto-müqavilə” sistemidir. AYNA-dan bildirilib ki, daşıyıcılarla bağlanacaq “brutto-müqavilə” sisteminin tətbiqi bu prosesin sürətlənməsinə imkan yaradacaq.
Sevinc Abbasova