• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

“Beyində əməliyyat texnikası üzrə dünyada bir yenilik etdim” - MÜSAHİBƏ

15.04.22 23:45 1057
“Beyində əməliyyat texnikası üzrə dünyada bir yenilik etdim” - MÜSAHİBƏ

Avropada tibb elminə yenilik gətirən azərbaycanlı gənc alim Nuran Abdullayev “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azərbaycan saytının qonağı olub.

Sevda Mirzə (müəllif və aparıcı): Salam, “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azərbaycan saytının oxucuları, bu gün “Könül coğrafiyasından Türkiyə” proqramının Almaniyadan azərbaycanlı qonağı var: Almaniyanın Köln Universitetinin tibb elmləri doktoru, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniya Azərbaycanlıları Alyansı (AAA) İdarə Heyətinin sədri Nuran Abdullayev. Xoş gördük sizi Türkiyədə.

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): Xoş gördük.

Sevda Mirzə (müəllif və aparıcı): Siz Almaniyada yaşayan bir azərbaycanlısınız. Almaniyaya gedişiniz, ağlınız, biliyiniz hesabına bir mövqeyə çatmağınız, oradakı fəaliyyətləriniz və ümumiyyətlə keçdiyiniz pillələrdən özünüzün bəhs etmənizi istərdik.

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): Almaniyada tibbin inkişafı mənim də marağıma səbəb oldu. Bir çox gəncin dövlət proqramı çərçivəsində Almaniyaya getməsi və orada təhsili alması məni də maraqlandırırdı. Öz insiativlərimə əsasən, ixtisas seçimini edib 2012-ci ildə Almaniyaya üz tutdum. Azərbaycandakı tibb təhsilimdən sonra bu dəfə orada lazım olan mərhələləri keçdim, dövlət imtahanı verdim. Oranın tibb təhsili bir az fərqlidir, ona rezidentura təhsili deyilir. (Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır.) Həmin rezidenturaya başlamaq üçün vacib olan mərhələlər var ki, orada tibb təhsilinin təsdiqi və yaxud dövlət imtahanına girmək lazımdır.

  Belə deyək, müəyyən imtahanları keçdikdən sonra artıq nəinki Almaniya, bütün Avropada həkim kimi çalışmaq icazəsi verilir və bu sənədlə həm də rezidentura təhsilinə başlamaq olur. Mən radiologiya sahəsində rezidentura təhsilinə başladım. Məqsədli şəkildə bu sahəni seçdim. Çünki bu, elə bir sahədir ki, bütün tibb ixtisaslarıyla əlaqəlidir və mənim arzum bütün insanlara kömək etməkdir.

  Radiologiyada xüsusi bir mərhələ var. Məsələn, Almaniyada artıq 15 ildir bu əməliyyatlar həyata keçirilir, amma inkişaf etmiş elə ölkələr var ki, orada icra olunmur. Həmin əməliyyatların icrası da məhz radiologiyanın beyin əməliyyatları, yəni neyroradiologiya sahəsində icra edilir. Mən radiologiyanı uğurla bitirib diplomu aldıqdan sonra növbəti 3 ildə neyroradiologiya ixtisasına yiyələnmək üçün orada çalışdım. Üstünlüyüm o oldu ki, mən Almaniyanın Köln Universitetinin radiolojiya institutunda şöbə müdiri vəzifəsinə qədər yüksəldim. Həm elmi, həm klinik fəaliyyətlə eyni zamanda məşğul oldum.

  Əsas işim insult xəstələrində beyin cərrahiyyəsi əməliyyatlarıdır. İnsult baş verdikdə xəstəxanaya gətirildikdən ilk 4-6 saat ərzində onların beynində əməliyyat aparırıq. Bu əməliyyatlardan sonra həmin xəstələri biz həyatda saxlamağı bacarırıq: onların paraliç, iflic deyə bir problemləri olmur. Bu əməliyyatların icrası mənim elmi fəaliyyətimə də dəstək oldu. Beyində icra etdiyimiz əməliyyatların texnikasında dünyada bizim elmi komandamız yenilik etdi.

Sevda Mirzə (müəllif və aparıcı): Yəni “bizim” deyəndə Azərbaycan və Almaniya alimləri birlikdə?

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): Bəli, bəli. Bu gün mən Köln universitetinin dosentiyem. Bir zaman elmi komandada yeni tədqiqatlar aparan işçi kimi başlamışdım. Artıq özüm bu elmi komandanın rəhbəriyəm. Həmin komanda ilə illərlə apardığımız tədqiqatlar nəticəsində əməliyyat texnikasına yeni bir uğurlu icad - yenilik gətirdik. Bu, birbaşa mənim özümün kəşfidir, patent qeydiyyatına müraciət etmişik. Beyində icra olunan əməliyyatda istifadə edilən yeni bir alət kəşf etdim. 

Sevda Mirzə (müəllif və aparıcı): Bu kəşf sizin adınızla, ya elmi komandanızın adıyla bağlıdır?

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): Birbaşa mənim adımla bağlıdır.

Sevda Mirzə (müəllif və aparıcı): O zaman biz fəxr edə bilərik ki, azərbaycanlı həkimimiz, alimimiz Almaniya – Avropa kimi bir yerdə yenilik və patent üçün müraciət edib.

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): Bəli, bu istiqamətdə artıq qeydiyyat prosesi başlayıb. Yeni alət modeli üzərində ilkin uğurlu əməliyyatlar icra olunub. Ümumiyyətlə, bu əməliyyat nəinki Almaniya, bütün dünyada yeni bir elmi sahədir və tətbiqi, inkişafı insult xəstələrinin müalicəsində yeni bir yoldur.

Sevda Mirzə (müəllif və aparıcı): Siz bir həkim, həm də alimsiniz. Eyni zamanda, azərbaycanlıları Almaniyada bir araya toplamaq istədiniz. Bu necə oldu?

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): Bizim Almaniya Azərbaycanlıları Alyansı artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Burada Almaniyada yaşayan, fərqli ixtisas sahibləri olan azərbaycanlılarla əlaqəni təmin etmək üçün onlarla görüşdük və alyansa cəlb etdik. Məqsədimiz istər tibb sahəsindəki alimlərimiz olsun, istər iqtisadiyyat sahəsində çalışanlar, istərsə də tələbələr - bunların arasında koordinasiyanı təmin etmək, Azərbaycana bağlılıqlarını itirməmək üçün birlikdə fəaliyyətə göstərməkdir.

Sevda Mirzə (müəllif və aparıcı): Son 10-20 ildə Azərbaycan Respublikasından olan vətəndaşlarımız Avropaya ya oxumaq, ya işləmək üçün gediblər. Mənim bildiyimə görə, Almaniyada daha çox Cənubi Azərbaycandan gələn azərbaycanlılar var, xüsusilə İran İslam İnqilabından sonra üz tutanlar. Bizim azərbaycanlılar çox az idi orada, 10-15 il bundan qabağa qədər. Sizin kimi insanların gedib fəxrimiz olmanız həqiqətən Azərbaycana bir başucalığı gətirir. Hər belə azərbaycanlı özü təklikdə bir diaspora ola bilir.

  Almaniyada, ümumiyyətlə, Avropada müsəlmanlara, türklərə qarşı münasibət haqqında bəzi şeylər eşidirik, oxuyuruq. Siz necə, çalışdığınız sahədə nə gördünüz, yoxsa kəşfinizə o saat qapılar açıldı? Yəni almanlar bir azərbaycanlı alimi necə qəbul etdi?

Nuran Abdullayev (Almaniya Aərbaycanlıları Alyansının sədri): Bu, bir az mürəkkəb mövzudur. Mən özümdən misal çəkərək deyə bilərəm ki, Azərbaycan dövlət siyasəti son illər bu istiqamətdə fərqli şəkil aldığı üçün Almaniyada, ümumiyyətlə azərbaycanlılara qarşı pozitif, çox gözəl münasibət var. Dövlət proqramları çərçivəsində mənim kimi xaricdə təhsil alan tələbələrin müəyyən pillələrə çatması, müəyyən mövqelər tutması Almaniya kimi bütün Avropa ölkələrində Azərbaycana qarşı münasibəti yaxşılaşdırır. Şəxsən mənə olan münasibətdən deyə bilərəm ki, Almaniyada dünyanın hər yerindən gələn çalışqan gənclərə böyük hörmət var. Bir azərbaycanlı kimi bu xüsusi hörməti mən gördüm və hiss etdim.

Sevda Mirzə (müəllif və aparıcı): Söylədiklərinizdən belə anlaşılır ki, dövlətlər, prezidentlər, ayrı-ayrı yüksək vəzifəli rəhbərlər arasında münasibətlər yaxşı olduğu zaman o ölkələrin vətəndaşlarına da münasibət isti olur.

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): Tamamilə doğru buyurursuz. Bu istiqamətdə cənab prezident İlham Əliyevin xaricə təhsil almağa gedən tələbələrə göstərdiyi xüsusi qayğı əhəmiyyətlidir.  

  Mən vurğulamaq istəyirəm ki, dövlət gənclərə həqiqətən çox strateji bir dayaq və böyük dəstəkdir. Bunu mən öz misalımda görürəm. İnanıram ki, hər gənc də bu məsuliyyəti qarşılıqlı olaraq öz üzərində hiss edəcək. İnsanın istədiyi uğurlara bütün ölkələrdə çatmaq imkanları vardır.

Sevda Mirzə (müəllif və aparıcı): Darıxmırsız orada?

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): Təbii ki, vətən üçün hər zaman darıxılır.

Sevda Mirzə (müəllif və aparıcı): Nuran bəy, TRT “Türkiyənin səsi” radiosu və TRT/Azərbaycan saytına verdiyiniz müsahibəyə görə sizə təşəkkür edirik. Bilirəm ki, dünyanın harasında nə qədər azərbaycanlı olursa olsun, hansı mərtəbəyə çatırsa çatsın, bizim yenə son gedəcəyimiz yer vətənimiz Azərbaycandır. Bu gün Avropada xidmət göstərirsinizsə də, o kəşfləriniz, təcrübələriniz və fəaliyyətinizi bir gün Azərbaycanda davam etdirəcəyinizə inanırıq.

Nuran Abdullayev (Almaniya Azərbaycanlıları Alyansının sədri): İnşallah, o bizim arzumuzdur, inşaallah. Təşəkkür edirəm sağ olun.

banner

Oxşar Xəbərlər