• cümə axşamı, 28 mart, 21:17
  • Baku Bakı 13°C

Balın bal olmayan bazarı 

02.07.22 01:30 1990
Balın bal olmayan bazarı 

“Təklif tələbdən çoxdur, üstəlik, idxal da var. İstehsal çoxdursa, ixrac edilməlidir. Azərbaycan balı “premium” məhsullar sırasındadır. Çünki bu bal mədəni əkinlərdən deyil, vəhşi təbiətdən əldə edilir. Beynəlxalq sərgilərə çıxmaq lazımdır. Bunun üçün dövlətin qayğısı olmalıdır. Bahalı sərgilərdə iştirak etmək bir arıçının işi deyil”

Son 13 ildə Azərbaycanda bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib. Bu, Dövlət Statistika Komitəsinin arıçılıq məhsullarının istehsalı haqqında bu günlərdə yaydığı məlumatdır. Bəli, bir çox arıçılar son illər öz təsərrüfatlarını böyüdüblər, istehsalı artırıblar, ancaq bal satışında problem yaşayırlar. Onlardan biri də arıçı Ruslan Hüseynovdur. O deyir ki, dövlət subsidiya verir, təsərrüfatını ildən-ilə böyüdür, amma son bir neçə ildə bal satışında problemlə üzləşir: “Daimi müştərilərimiz var. Bal yarmarkasında iştirak edirəm. Sosial şəbəkə səhifəsində ödənişli reklamlardan yararlanıram, ancaq yenə də əvvəlki satış həcminə nail ola bilmirəm. Hətta arıçılar tanıyıram ki, məhsulunu, demək olar ki, sata bilmir. Bu il satış daha zəifdir. Əvvəl 15-20 kiloqram alan müştərilərimiz indi 7-8 kiloqram alır”.

İstehsal artacaq, nə etməli?

Son vaxtlar bir çox arıçıların bu tipli fikirlərini eşidirik. Düzdür, pandemiya dövründə bal yarmarkası təşkil edilmədi. Üstəlik, bu dövrdə əhalinin alıcılıq qabiliyyəti aşağı düşmüşdü. Amma onu da nəzərə alaq ki, bal yarmarkası ildə cəmisi bir dəfə keçirilir. Üstəlik, bütün arıçıların orda iştirak etməsi mümkün deyil. Arıçılar problemin əsas səbəbi kimi bal idxalını da göstərirlər. İdxal olunan bal yerli məhsulu sıxışdırır. Belə fikirlər də səsləndirilir ki, təklif çoxdur, tələb az. Bəs çıxış yolu nədir? İşğaldan azad edilən torpaqlar da arıçılığın inkişafı cəhətdən perspektivli ərazi hesab edilir. Yaxın vaxtlarda istehsal daha da artacaq. Bəs nə etməli?

Qida zənbilində bal olsa... 

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyir ki, istehsalçıların satışda problemlə üzləşməsinin kompleks səbəbləri var: “Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Digər tərəfdən, idxal edilən daha ucuz bal bazarda çoxdur. Assosiasiya olaraq bir neçə dövlət qurumuna, hətta ölkə başçısına müraciət etmişik ki, bal idxalına hansısa formada məhdudiyyət qoyulsun. Ya bal idxalında rüsum artırılsın, ya da tamamilə qadağa qoyulsun. Dünya təcrübəsində hər iki təcrübə var. Burda məqsəd həm daxili istehsalı, həm də arıçılığın inkişafını qorumaqdır. Çünki təbiətdəki tozlanmanın 85 faiz bal arılarının payına düşür. Balın satışında olan çətinliklərin bu sahəyə marağı azaldacağını düşünürük. Elə ölkələr var ki, bal qida zənbilinə daxildir, ancaq bizdə elə deyil. Qida zənbilində bal olsa, orduya, dövlət müəssisələrinə qida kimi xeyli bal verilər, əlavə satış olar”.

“Premium” rəflərə çıxmalıyıq”

B.Həsrətov bildirdi ki, hazırda ölkəmizdə bala 6000 ton tələb var. İstehsal isə 7000 tondur. Təklif tələbdən çoxdur, üstəlik, idxal da var. İstehsal çoxdursa, ixrac edilməlidir. Amma Həsrətov bildirdi ki, xarici bazarda qiymətlərlə ayaqlaşa bilmirik: “Dünya bazarında daha ucuz ballar var, onlara qiymət cəhətdən uduzacağıq. Ancaq keyfiyyət məsələsindən çıxış edərək dünya bazarına çıxa bilərik. Azərbaycanın bal məhsulları “Premium” məhsullar sırasındadır. Çünki bu bal mədəni əkinlərdən deyil, vəhşi təbiətdən əldə edilir. Məhsulumuzun “premium” rəflərə gedib çatmasına çalışmalıyıq. Azərbaycan balının güclü təbliğat kampaniyaları keçirilməli, reklam çarxları hazırlanmalıdır. Beynəlxalq sərgilərə çıxmaq lazımdır. Bunun üçün dövlətin hansısa diqqəti, qayğısı olmalıdır. Çünki bahalı sərgilərdə iştirak etmək bir arıçının işi deyil”.

“Rüsum artsa, alıcı əziyyət çəkəcək”

İqtisadçı Xalid Kərimli deyir ki, “alıcı həmişə ucuz mala yönəlir” yanaşması doğru deyil, sadəcə işin düzgün təşkili vacibdir: “Məhsulun keyfiyyətlidirsə, satışı üçün bu məqamdan yararlanmaq lazımdır. Sahibkar alıcını balının keyfiyyətli olmasına inandırmalıdır. İnandıra bilmirsə, bu, sahibkarın problemidir. Sahibkar bacarmırsa, sahibkarlarla işləyən assosiasiyalar, birliklər, dövlət agentlikləri bu işdə onlara kömək etməli, yerli məhsulumuzun daha keyfiyyətli, faydalı və təbii olduğunu alıcılara çatdırmalıdırlar”.

X.Kərimlinin sözlərinə görə, idxalla bağlı qadağa bazarda balın qiymətini artıra bilər: “Təklif edilir ki, idxal zamanı müəyyən rüsumlar tətbiq edilsin. Bu zaman idxal olunan balın qiyməti də artacaq. Nəticədə fermerlər ballarını baha satacaqlar. Amma bundan alıcı əziyyət çəkəcək. Onda da belə çıxacaq ki, hökumət rəqabəti pozur”.

Balın nə qədər keyfiyyətli olsa da...

Satış mütəxəssisi Azad Qəhrəmanov deyir ki, istənilən bazarda təklifin tələbdən çox olması yaşanır. Bu isə rəqabətli bazar deməkdir: “Rəqabət mühitində isə təkcə keyfiyyətli məhsulla iş bitmir. Bal istehsalçısı yalnız balının keyfiyyətinə arxayın olmamalı, həm də işinə biznes kimi yanaşmalıdır. Bazarı araşdırmalı, doğru marketinq işi qurmalı, düzgün satış kanallarını müəyyənləşdirib gücünü həmin istiqamətə verməlidir”.

Satışda problem yaşadıqlarını dilə gətirənlər daha çox bankada bal satışı edənlərdir, brendləşdirənlər yox. A.Qəhrəmanov bildirdi ki, markalaşma bugünkü bazarda çox vacibdir: “Bal əvvəllər markalaşan yox, bankada satılan məhsul idi. Yaxşı balın həmişə müştərisi olurdu. Amma zamanla gördük ki, nə qədər keyfiyyətli olsa da, markalaşma olmadığı halda insanlar sənə güvənmirlər. Məhsulun nə qədər keyfiyyətli olsa da, az sayda müştəriyə satış edə bilirsən. Ona görə də, markalaşmaya getmək lazımdır”.

500 kiloqrama brendləşmək?

Öz brendini yaradan arıçı Osman Kazımov isə deyir ki, bütün arıçıların məhsullarını brendləşdırməsi real deyil: “Brendləşmə satışa yaxşı təsir edir, üstünlükləri var, amma xərci də çoxdur. Mən böyük xərc çəkib brendləşmə etməmişəm. Çünki marketinqi bilirəm, reklam sahəsində təcrübələrim var. Hər arıçı bunu bacarmır axı. Arıçı marketinq, reklam, mühasibatlıq və s. üçün əməkdaşlar tutmalı, maliyyə sərf etməlidir. Yaxud qablaşdırma üçün lazım olan aparatın qiyməti 50-60 min manatdır. İl ərzində 10 ton istehsalı olan təsərrüfatlar brendləşə bilər. Arıçı var ki, ildə 1 ton balı olur. Bu məhsulun 500 kiloqramını daimi müştəriləri alacaq. 500 kiloqrama görə brendləşmək sərf etmir”.

O.Kazımov deyir ki, insanlarımız təmiz balı seçməkdə çətinlik çəkirlər, bu da satışda problem yaradan məsələdir: “Bir dəfə saxta bal alan adam ikinci dəfə başqa satıcılara güvənmir, gedib xarici məhsul alır. Saxta ballar bazardan çıxarılmalı, təmiz balı müəyyənləşdirməklə bağlı maarifləndirmə işi aparılmalıdır”.

Aygün Asimqızı

 

banner

Oxşar Xəbərlər