• şənbə, 20 Aprel, 08:59
  • Baku Bakı 14°C

Bakının unudulan memarlıq abidələri

06.05.23 03:00 1663
Bakının unudulan memarlıq abidələri

Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirələrdən birində məlum oldu ki, paytaxtda hələ də diqqətdən kənarda qalan və sökülmək, məhv olmaq təhlükəsi ilə üzləşən çox sayda memarlıq abidələri var. Mütəxəssislər də məsələ ilə bağlı ciddi dəqiqləşdirmə işlərinin aparılmasına, mövcud siyahının yenilənməsinə ehtiyac duyulduğu qənaətindədir. 

Bakı Şəhər İcra Hakimiyyətinin müşavirələrindən birində bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi tənqid edilib. Belə ki, bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən sökülmək təhlükəsi ilə üzləşib. Paytaxt rayonlarının icra hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını qısa müddətdə müəyyənləşdirib Mədəniyyət Nazirliyinə təqdim etsinlər. Amma xatırladığımız qədəri ilə memarlıq abidələrinin siyahısı tərtib edilmişdi. Əgər bu siyahı varsa, necə ola bilər ki, hələ də bəzi abidələr diqqətdən kənarda qalıb?

6308 tarixi mədəniyyət abidəsi qeydə alınıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, siyahı olsa da, abidələrin müəyyənləşməsi sonu olmayan prosesdir: “Tarix və mədəniyyət abidələrinin son siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilib. Həmin siyahıda 6308 tarixi mədəniyyət abidəsi qeydə alınıb. Tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması davamlı olaraq həyata keçirilir. Tarix, memarlıq və arxeoloji abidələr müəyyən edilərək müvafiq proseduralar həyata keçirildikdən sonra dövlət qeydiyyatına alınırlar.

Son illər ərzində ölkə ərazisində aparılmış monitorinqlər nəticəsində əvvəlki siyahıya daxil edilməyən 1400-dən çox tarix, memarlıq və arxeoloji əlamət daşıyan obyektlər müəyyən edilərək yeni aşkar edilmiş tarixi mədəniyyət abidələri kimi qeydə alınıb. Aparılan monitorinqlər zamanı abidələrin fiziki vəziyyətləri vizual olaraq qeydiyyata alınıb, onların coğrafi koordinatları GPS vasitəsilə təyin edilib, qorunması işi təşkil olunub. Eyni zamanda, Azərbaycan Memarlar İttifaqı tərəfindən təklif edilən binaların da memarlıq abidələri qismində reyestrə daxil edilməsi istiqamətində tədbirlər görülür. Amma bununla yekunlaşacaq demək olmaz. Çünki yeni abidələr yaranır, dövr dəyişdikcə digər abidələri siyahıya salmaq, çıxarmaq lazım olur”.

300-ə yaxın bina var ki...

Memar Elçin Əliyev isə bildirdi ki, son təsdiq olunan siyahı Sovet dövründə qeydiyyata alınmış binalar əsasında hazırlanıb: “Memarlıq abidələrinin siyahısı axırıncı dəfə 2001-ci ildə təsdiq olunub. Amma o abidələrin də 99 faizi Sovetlər zamanında qeydiyyata alınıb. Həmin dövrdə də abidələrin çoxu qəsdən siyahıya salınmırdı. Təəssüf ki, müstəqillik dövründən sonra da bu siyahılara yenidən baxılmayıb. 300-ə yaxın bina var ki, onlar qorunan memarlıq abidələri siyahısına daxil edilməlidir”.

Düzgün olmayan bölgü

E.Əliyevin sözlərinə görə bəzən lazım olmayan binalar da siyahıya salınır: “Məsələn, Milli Məclisin binası sovet vaxtında tikilən adi beton binadır. Onu dövlət əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya əlavə ediblər. İstiqlaliyyət küçəsindəki İsmailiyyə binası yerli, amma hansısa hamam dünya əhəmiyyətli abidə hesab olunur. Hamam əhəmiyyətsizdir demirik, amma bölgü düzgün deyil”.  

Subyektiv amillər də var

Memar bildirdi ki, abidələrin siyahıya salınmasına mane olan subyektiv amillər də var: “Abidə bəzən siyahıda olmayanda sökülür, yerində yeni nəsə tikilir. Bu barədə illərdir danışılır, amma heç bir addım atılmır. Abidəni sökəndə kimsə gəlib söz deyəndə, tikinti şirkəti əsas gətirir ki, rəsmi memarlıq abidəsi deyil, adı siyahıda yoxdur. Üzeyir Hacıbəyov küçəsində yerləşən Səbail Rayon İcra Hakimiyyəti vaxtilə tarixi bina idi. Onu söküb, yerində yeni bina tikib, adını memarlıq abidəsi qoyublar. Üstünə də lövhə vurublar ki, dövlət tərəfindən qorunur”.

E.Əliyevin fikrincə, elə binalar ola bilər ki, onların üzərində hansısa memarlıq elementi yoxdur, amma əhəmiyyətli hesab olunar: “Abidələr siyahıya salınarkən ümumi memarlığı, tikilmə dövrü, fasadında memarlıq elementlərinin sayı, interyerləri, şəhərin həmin hissəsinin mühiti nəzərə alınmalıdır. Amma yüzlərlə 2-3 mərtəbəli bina var ki, elementləri yoxdur, amma şəhərin mərkəzinin mühitini, strukturunu təşkil edir. Təbii ki, onlara da əl vurmaq olmaz”.

5-10 il vaxt tələb edən proses

Memar qeyd etdi ki, abidələrin siyahıya salınmasına vaxt lazımdır: “Memarlıq abidələrinə yenidən baxılmalı, müstəqil Azərbaycan dövrünün siyahısı tərtib olunmalıdır. Bir-bir binaları gəzmək, materialları toplamaq uzun və çətin işdir. Binaları analiz edib, siyahıya salmağa 5-10 il lazımdır. Dövlət proqramı, Mədəniyyət Nazirliyinin nəzdində bu işləri aparan orqan olmalıdır”.

5 min illik tarixin abidələri

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərovun sözlərinə görə, tarixi abidələrlə bağlı çox həssas münasibət var: “Cənab Prezidentin tapşırığı ilə heç bir tarixi abidəyə toxunulmur. Abidələri Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi müəyyən edir. Amma hansısa abidə siyahıdan kənarda qala bilər. Çünki tək Bakı şəhəri yox, Azərbaycanın hər yeri abidələrlə doludur. Ölkəmizin ərazisi balaca olsa da, burada təxminən 5 min illik bir tarix yaşanıb. Bu vaxta aid abidələrin hamısını qeydiyyata almaq mümkün deyil. Ona görə heç kimi günahlandırmaq olmaz”.

“Bütün abidələri siyahıya sala bilmərik”

Deputatın fikrincə, abidələrin qorunmasını sırf hansısa qurumun üzərinə atmaq düzgün deyil: “Hansısa abidə kənarda qalırsa, etiraz etmək lazımdır. Çünki abidələr bütün xalqa aiddir, hər kəs qorumalıdır. Siyahıdan kənarda qalmış abidəni görəndə Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyinə məlumat verməliyik. Abidələrin qorunmasına hansısa təşkilat laqeydlik göstərsə, o zaman cəmiyyətin tənqid hədəfinə çevrilməlidir. Çünki abidələr bizə keçmişimizdən, dədə-babalarımızdan qalıb, həmçinin gələcək nəslə özümüzü ifadə etməyin mədəni nümunəsidir. Amma biz nə qədər çalışsaq da, bütün abidələri siyahıya sala bilmərik. Ona görə ən əsas abidələri götürməliyik”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər