bazar, 29 Yanvar, 17:16

Baku Bakı 8°C

Bakıda məşhur restoranın fəaliyyəti dayandırılıb

icon 224 icon 07 yanvar 2023 | 14:15 Bakıda məşhur restoranın fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Kaspi.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Qoqol küçəsi, 3A ünvanında yerləşən “Təndir-Məndir” restoranında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;

- yanğın və ya digər fövqəladə hadisələr zamanı insanların köçürülməsi üçün ehtiyat təxliyə yolu nəzərdə tutulmayıb, habelə obyekt insanların köçürülməsinə (təxliyə olunmasına) kömək edən qurğularla təmin olunmayıb;

- elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların və normativ sənədlərin tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Qoqol küçəsi, 3A ünvanında yerləşən “Təndir-Məndir” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.