• bazar ertəsi, 30 dekabr, 21:09
  • Baku Bakı 6°C

“14 yaşlı qızı oğurlayıb, kənd-kənd, rayon-rayon sürükləyiblər, amma heç bir cəza almırlar” - ŞİKAYƏT

27.05.23 18:15 4246
“14 yaşlı qızı oğurlayıb, kənd-kənd, rayon-rayon sürükləyiblər, amma heç bir cəza almırlar” - ŞİKAYƏT

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı oğurlayan şəxslər heç bir cəza almayıblar.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına rayon sakini Nimət Hacıyev şikayət ünvanlayıb. O qeyd edib ki, qızı, 2008-ci il təvəllüdlü Həvva Hacıyevanı evlənmək məqsədilə oğurlayan şəxslər barəsində polisə və digər qurumlara dəfələrlə müraciət ünvanladığı halda heç bir tədbir görülməyib. Müraciəti olduğu kimi təqdim edirik:

“Mən, Hacıyev Nimət Qəhrəman oğlu, Ağdaş rayonu Dəhnəxəlil kənd sakiniyəm. 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan qızım Həvvanın oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarının səhlənkarlığından şikayətçiyəm. 16 fevral 2023-cü il tarixdə saat 19:30-da qızım evdən nənəsigilə getmək üçün çıxıb, lakin getdiyi yerə çatmayıb. Dəfələrlə zəng etdik və ən yaxın əraziləri axtardıq, qızımı tapa bilmədik, onun oğurlandığı aydın oldu.

Hüquq-mühafizə orqanları qızımın oğurlanması faktı ilə bağlı cinayət işinin başlandığını bildirsələr də, oğurlayan şəxs, yəni digər kənd sakini olan 20 yaşlı Səid Ələkbərovun əməli qanunsuz hesab edilmədi. Bundan öncə, qızımın harada olması müəyyənləşdiriləndə, polis işçisi elçi rolunda çıxış edərək, bizə qızı oğurlayanların üzük gətirmək istədiklərini və şərtlərini çatdırdı. Mən bu addımı görən kimi dərhal Ağdaş Rayon Polis Bölməsinə müraciət etdim, həmçinin hadisə barədə “102” qaynar xəttinə məlumat verdim. Sabahı gün məni polis bölməsinə çağırıb dedilər ki, qızım onu oğurlayan şəxslərlə birlikdə Ağcayazı kəndindədir. Qızımı geri qaytardım, uzun müddət dindirmə prosesi oldu. Oğlanın atası qızıma yalvarıb ki, bütün nəslimizi həbsə atacaqlar, şikayət etmə. Həmçinin ailə qızımı təhdid də edib, şikayət edəcəyi təqdirdə bunun pis hadisələrlə nəticələnəcəyini deyib. Ona görə qızım ərizə yazdı, öz istəyi ilə getdiyini bildirdi. Lakin sonradan bizim qızımla söhbətlərimizdən aydın oldu ki, uşağımı qorxudublar. Onu dörd nəfər başına torba keçirərək, zorla qaçırıb. Əvvəl başqa rayona aparsalar da, oğlanın oradakı qohumları qəbul etməyiblər.

Mən bir ata kimi xahiş edirəm, qızımın oğurlanmasında əli olan şəxslərin əməlləri layiqli cəzasını alsın. 14 yaşlı qızı oğurlayan şəxslərin heç bir cəza almaması normaldırmı? Xüsusilə, Daxili İşlər Nazirliyindən istintaq hərəkətlərinin aparılması üçün səlahiyyətli müstəntiq təyin edilməsini rica edirəm. Oğurlayanların kimliyi məlum olduğu halda Ağdaş rayonunun müstəntiqi Afiq Abışov və hüquq-mühafizə orqanları fəaliyyətsizdir. Günahkar azad, cəzasız gəzir. Dəfələrlə yuxarı instansiyalara müraciət etsəm də, addım atılmır.

Cinayətkar Səid Ələkbərov, onun qardaşı və iki dostu, prosesdə şəxsə kömək edən valideynləri, bibisi və əmisi haqqında heç bir tədbir görülməyib.

Qızımı qaçırarkən əvvəlcə Şor Dəhnə kəndinə, oradan Ağdaş şəhərinə, daha sonra isə Göyçay rayonuna aparıblar. Bu ərazilərdə müraciət etdikləri şəxslər qəbul etmədiklərinə görə Ağcayazı kəndinə gətiriblər. Mənim altı uşağım var, həmin qızımdan böyük iki gənc oğlum var. Onların bacısına ziyan vuran şəxsə xəsarət yetirəcəyindən nigaranam. Həmin adam mənim azyaşlı qızımı qaçırmaqla bütün rayonda adımızın ləkələnməsinə səbəb olub. Qızımın gələcəyini məhv edib. Qanun çərçivəsində adam oğurlayan şəxs barəsində addım atılmaması bütün ailəmizin töhmət altında qalmasına gətirib çıxarır. Bir ata kimi bunu qəbul edə bilmirəm”.

Şikayətçi Nimət Hacıyev onu da qeyd edib ki, qızı yetkinlik yaşına çatmamasına baxmayaraq, başına gələn hadisədən sonra nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, nə də Ağdaş Rayon İcra Hakimiyyəti  yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbədən psixoloji dəstək alıb:

“Polisin göstərişi ilə ekspertiza təyin edilib, 14 yaşlı qızı iki dəfə müayinəyə aparmalı olmuşuq. Bu vəziyyət onun psixologiyasına da təsir edib. Amma heç bir psixoloji dəstək göstərən, addım atan qurum görməmişəm. Halbuki bütün qurumlara şikayətlər, müraciətlər yazaraq, məsələdən xəbərdar etmişik. Addım atılmasını xahiş etmişik. Qapımızı açan, qızıma hansısa dəstək göstərmək istəyən, cinayətkarların cəzalandırılması üçün addım atan olmayıb. Bu nə qədər düzgündür ki, 14 yaşlı uşağı oğurlayıb, günlərlə kənd-kənd, rayon-rayon sürükləyirlər, amma heç bir cəza almırlar? Bu cür adamlar cəzasız qaldıqca çox uşağın başına belə hadisələr gələcək”.

banner

Oxşar Xəbərlər