“Azərbaycanı bütün sahələrdə tərəfdaş kimi görürük” - MÜSAHİBƏ
Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Francis Gardener Trejo təmsil etdiyi təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələrdən və gələcək planlardan danışıb. Qeyd edib ki, təşkilat Azərbaycanda, əsasən, ingilis dili, ali təhsil və mədəni sektorun inkişafına dəstək göstərməyə çalışır.
Britaniya Şurası (British Council) Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatı kimi Azərbaycanda artıq 29 ildir ki, fəaliyyət göstərir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumu olaraq 110-dan çox ölkədə, əsasən, təhsil və mədəniyyət sahəsində layihələr, təlimlər gerçəkləşdirir.
Təşkilatın Azərbaycan üzrə direktoru Francis Gardener Trejo “Kaspi” qəzetinə müsahibəsində Britaniya Şurası Azərbaycan-ın (British Council Azərbaycan) ölkəmizdə həyata keçirdiyi layihələrdən və gələcək planlardan danışıb.
Təhsil və mədəniyyətin harmoniyası
- Cənab Francis, dünyanın hazırkı mədəniyyət və təhsil sistemində British Council-in yerini necə müəyyənləşdirirsiniz? 110-dan çox ölkədə fəaliyyət göstərən bir təşkilatınız həmin ölkələrə hansı töhfələri verə bilib?
- Britich Council-ın rolu, əsasən, bu ölkələrdə və Birləşmiş Krallıqda təhsil institutları və təşkilatlar arasında əlaqə qurmaq və əməkdaşlıqlarına dəstək olmaqdır. Amma bizim fəaliyyətimiz təkcə qeyd etdiyiniz 110 ölkəni deyil, daha geniş coğrafiyanı əhatə edir. Çünki başqa ölkələrdə də xidmətlərimiz var. Biz ölkələrdə təhsil sistemlərini inkişaf etdirməyə çalışırıq. Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatı olaraq ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradır, mədəniyyət və incəsənət, təhsil, ingilis dili və vətəndaş cəmiyyəti sahələrinin inkişafına dəstək göstəririk. Hesab edirik ki, siyasi mühitdən asılı olmayaraq təhsil və mədəniyyət həmişə ölkələri birləşdirir, sülh digər siyasi prosesləri də yaxşı mənada irəli apara bilir.
29 il – uzun tarixdir
- British Council-ın Azərbaycandakı 29 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Çox yüksək…29 il çox uzun bir tarixdir. British Council-in rolu bu zaman müddətində dəyişib. Biz Azərbaycanda artıq 1993-cü ildən davamlı baza kimi işləyirik. Birləşmiş Krallığın səfirliyindən sonra Azərbaycanda fəaliyyətə başlamışıq. Davamlı fəaliyyətimiz də işimizin inkişafına dəstək göstərib. Azərbaycan hökumətinə və dövlətinə, təhsil və mədəniyyət sektoruna hansı istiqamətdə dəstəyin lazım olduğunu yaxşı bilirik. Həmçinin, gənc tələbələrə, institut və məktəblərə hansı istiqamətdə dəstək göstərməyi müəyyənləşdirmişik.
Bu gün Azərbaycan Birləşmiş Krallıq tərəfindən tanınır. Azərbaycanı bütün sahələrdə tərəfdaş kimi görürük. Bu əlaqələrin qurulmasında British Council-ın rolu böyükdür. Əgər iki ölkə arasında biznes əlaqələri genişlənirsə, bunun üçün insanlarda 21-ci əsr bacarıqları da formalaşmalıdır. British Council bu bacarıqların və təhsilin inkişafına dəstək verir. Bizim dəstəyimizlə ingilis dili, iqtisadi, siyasi və biznes əlaqələri daha da genişlənir.
- Təşkilat prioritet istiqamətlərinə uyğun olaraq Azərbaycanda daha hansı layihələri həyata keçirməyi planlaşdırır?
- Ümumiyyətlə, 3 əsas sahəni – ingilis dili, universitetdə təhsil və mədəni sektorun inkişafına dəstək göstərməyə çalışacağıq. Hazırda hər üç sahənin inkişafı ilə bağlı layihələr həyata keçiririk. Müəllimlərin ingilis dilini tədris etmə bacarıqlarını artırırıq, sertifikatlaşdırma da bura daxildir. Müəllimlərin onlayn şəbəkəsində hamı qeydiyyatdan keçə bilər. Artıq 2000 müəllimi qeydiyyatdan keçirmişik. Onlar bacarıqlar, tədris planları öyrənirlər. Ali məktəblərin təhsilinə gəlincə, Birləşmiş Krallığın universitetlərinin imkanlarını Azərbaycana çatdırırıq. Ən böyük addım odur ki, bu il Azərbaycanın Təhsil Nazirliyi, əsasən, magistr tələbələr üçün yeni “Təqaüd proqramı” elan etdi. Çox məmnunam ki, Birləşmiş Krallığın universitetləri digər ölkələrlə müqayisədə bu siyahıda daha çox yer alıb. Mədəni sektorda əsas istiqamətimiz yaradıcı sənayeyə dəstək verməkdir. Biz yaradıcı işlə - incəsənət, musiqi, rəssamlıq, teatr və s. məşğul olan insanları iqtisadi baxımdan təmin etməyə çalışırıq. Bu baxımdan Mədəniyyət Nazirliyi ilə yaxın əməkdaşlığımız var və işimizi dəstəkləyirlər. İşimizin yekunu odur ki, nazirlikdə yaradıcı iqtisadiyyata yönəli “Sənaye incəsənəti” adlı yeni bir departament fəaliyyətə başladı.
Yaradıcı adamlara dəstək
- Pandemiyadan əvvəl British Council ölkəmizdə teatr qrupları ilə əməkdaşlıq edirdi. Gələcəkdə Şekspir Teatrını yenə də Bakı səhnəsində görmək ümidi varmı?
- Bilirəm ki, Azərbaycanda klassik mədəniyyətə və teatra böyük sevgi var. Lakin biz son illər teatr tamaşaları və konsertlərlə bağlı daha az nümayişlər həyata keçirmişik. Birləşmiş Krallığın əsas ixracı yerli teatr qruplarına, prodüserlərə və bəzi yaradıcı adamlara daha çox bacarıqlar aşılamaq və həm yaradıcı, həm də biznes baxımından öz işlərini inkişaf etdirmək üçün daha çox imkanlar verməkdir. Məsələn, bizdə “Yaradıcı prodüserlər” adlı bir proqram var. Bu layihə ilə bağlı Azərbaycanda yaradıcı prodüserləri tapır, istəklərinə qulaq asır, onları bizneslərini qurmaq və idarə etmək üçün maliyyələşdiririk. Onu da qeyd edim ki, biz yalnız öz proqramlarımızı irəli sürmürük, daha çox Azərbaycanla Birləşmiş Krallıq arasında olan mədəni əlaqələrə nəzər salır, öz təşəbbüslərini və layihələrini irəli sürmək üçün yaradıcı şəxslərə dəstək göstəririk. Bu əlaqələr artıq iki ölkə arasında var və biz onları dəstəkləyirik. Məsələn, “SelektrRadio” hər həftə Xəzər 103FM-də yayımlanır və eklektik musiqi siyahısı ilə Birləşmiş Krallığın musiqi dünyasının aparıcı sənətkarları və səsyazma studiyalarını təqdim edir. Bu, təşəbbüslərdən sadəcə biridir.
İngilisdilli media üçün
- British Council əvvəllər media işçilərinin də dil və peşə bacarıqlarının inkişafı ilə bağlı layihələr həyata keçirirdi. Mən özüm də təşkilatın “Biznes jurnalistikası” layihəsinin iştirakçısı olmuşam. Amma son vaxtlar bu tip layihələr deyəsən unudulub…
- Bizim prioritetlər sırasında ingilisdilli medianı formalaşdırmaq da var. Bilirəm ki, Azərbaycanda da bununla bağlı istəklər var. Sadəcə, həm Birləşmiş Krallıqda, həm də Azərbaycanda tərəfdaşlar yeni təşəbbüslərlə müraciət etsələr, bu barədə düşünərik. Bizim Birləşmiş Krallıq tərəfindən təyin edilən büdcəmiz limitlidir. Bu büdcə hazırkı proqram və istiqamətlərə yönəldilib. Lakin korporativ sektorda da tərəfdaşlarımız və əlaqələrimiz var. Onlar çox hallarda yeni təşəbbüsləri maliyyələşdirməyə və dəstəkləməyə hazırdırlar. Yeni təşəbbüslər olsa, onları da kənar tərəfdaşlarla əlaqələndirməyə çalışacağıq.
Şuşa üçün tərəfdaşlıq
- Azərbaycanda fəaliyyət göstərən British Council-in rəhbərləri həmişə ölkəmizin regionlarını gəziblər. Yəqin ki, siz də səfər etmisiniz. Hansı təəssüratlarınız var?
- Keçmiş direktorlarla müqayisədə az gəzmişəm. Çünki mənim Azərbaycandakı fəaliyyətim o qədər də uzun vaxt deyil. Əlbəttə, səfər etdiyim regionlar çox xoşuma gəlib. Ümumiyyətlə, xaricilər Azərbaycanın rayonlarını çox sevirlər. Bizim təşkilatın təkcə paytaxtda deyil, mədəniyyət və təhsil baxımından Azərbaycanın başqa rayonlarına da dəstək göstərmək və fürsətlər yaratmaq məqsədi var. Belə ki, paytaxtla rayonlar arasında təhsil imkanlarının fərqini müşahidə edirik və gənclər üçün regiona uyğun fürsətlər yaradırıq. Bu istiqamətdə də regionlara səfərlərimiz olur.
- İşğaldan azad olunan ərazilərimizə hansı dəstəyi göstərməyi planlaşdırırsınız?
- Həmin ərazilərdə təhsil sistemlərini yenidən yaratmaq üçün böyük fürsətlər var. Bilirəm ki, Azərbaycan dövləti də bu təşəbbüsləri dəstəkləmək üçün beynəlxalq tərəfdaşlar axtarır. British Council bu istiqamətdə tərəfdaşlığa və dəstək göstərməyə hazırdır. Bilirəm ki, Şuşa Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Gələcəkdə bu istiqamətdə də tərəfdaşlıq imkanlarımız var.
- Sonuncu sualım: diplomatik korpusda çalışan bir amerikalı tanışım Azərbaycandan ayrılanda “Ən çox xoşuma gələn xalqınızın qonaqpərvərliyi və mətbəxinizin təkrarsız dadı oldu” dedi. Bəs siz ölkəmizdən ayrılandan sonra ən çox nəyi xatırlayacaqsınız?
- Yeni bir cavab tapmaq çox çətindir. Həqiqətən, qonaqpərvərliyinizə və mətbəxinizə söz ola bilməz. Mən bura gəldiyim ilk gündən özümü çox rahat hiss etmişəm. İnsanların mehriban, səxavətli və qonaqpərvər olduqlarını müşahidə etmişəm. Bunu öz komandam, dostlarımla münasibətdə və hətta küçədə rast gəldiyim insanlardan hiss etmişəm. Ən çox xoşuma gələn xüsusən gənc nəslin bacarıqlarıdır. Uşaq yaşlarından ingilis dilini öyrənir və mükəmməl bilirlər. Adamlarda özünəinam çoxdur. 10 yaşdan aşağı uşaqlar ingilis dili öyrənir, kitabları axtarıb tapır, nailiyyət qazanırlar. Azərbaycan-Britaniya Məzunları Assosiasiyası (AUKAA) Birləşmiş Krallıqda təhsil alan tələbələrin təşkilatıdır. Onlar özləri maliyyələşmə axtarır, layihələr irəli sürür və həyata keçirirlər. Belə bir yaradıcılığı Azərbaycanda hər kəsdə müşahidə etmək olur. Evdən uzaq qalmaq asan deyil. Amma Azərbaycanda bunu hiss eləmirsən. Məndən əvvəlki direktor yaxınlarda yenidən Azərbaycana səfər etdi. O işlə bağlı deyil, sadəcə dostları ilə görüşməyə, yenidən gəzməyə gəldi. Mən də gələcəkdə eyni cür hərəkət edəcəyəm.
Təranə Məhərrəmova
Foto:Sabir Məmmədov / Global Media Group