• cümə, 19 Aprel, 11:06
  • Baku Bakı 13°C

Azərbaycanı Avropaya bağlayan tarixi razılaşmalar

21.09.13 08:35 12828
Azərbaycanı Avropaya bağlayan tarixi razılaşmalar
Sentyabrın 19-da Azərbaycanın müstəqillik illərində enerji sahəsində daha bir tarixi olay yaşandı. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium sentyabrın 19-da Avropada Azərbaycan qazının alıcıları ilə müqavilələr imzaladı. Qazın alışı üzrə imzalanan uzunmüddətli müqavilələr 25 ilə hesablanıb.
"Şahdəniz" yatağının ("Şahdəniz-2" layihəsi) işlənməsinin ikinci mərhələsindən qazın alışına dair müqavilələr Bakıda Shell, Bulgar gas, Gas Natural Fenosa, E.ON, Gaz de France, DEPA, Hera, Enel və Aspo şirkətləri ilə imzalanıb.
"Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qaz iyunun sonunda Azərbaycan qazının Avropa bazarlarına nəqli marşrutu qismində seçilmiş "Trans-Adriatik" boru kəməri (TAP) layihəsi üçün əsas mənbədir.
TAP layihəsi qazın Xəzər regionundan Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, sonra Qərbi Avropaya nəql edilməsinə hesablanıb. TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr qaz təşkil edəcək. Hazırda TAP-da pay bölgüsü aşağıdakı kimidir: BP (20 faiz), ARDNŞ (20 faiz), "Statoil" (20 faiz), "Fluxys" (16 faiz), "Total" (10 faiz), E.ON (9 faiz) və "Axpo" (5 faiz).
TAP-ın tikintisinə 2015-ci ildə başlanılması gözlənilir.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir.
"Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə mümkün olacaq. "Şahdəniz-2" çərçivəsində qaz Türkiyəyə artıq 2018-ci ildə çatacaq.
Qeyd edək ki, bu razılaşmalar həm Azərbaycan, həm də Avropa ölkələri üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan üçün önəmli olan öz qazının şaxələndirilmiş marşrutla satmaq imkanı qazanmasıdır. Məlum olduğu kimi, Azərbaycan hazırda Rusiya, Türkiyə və Gürcüstana qaz satır. Neftdən fərqli olaraq qazın xarici ölkələrə satışı o qədər də asan deyildir. Bunun üçün kifayət qədər xərc tələb edən mükəmməl infrastruktur olmalıdır. Bu infrastrukturun formalaşması isə bir neçə dövlət tərəfindən razılaşmalıdır. Kəmərin keçəcəyi ölkələrin hər biri ilə razılaşmalar əldə edilməlidir. Bu isə çox mürəkkəb məsələdir. Təsadüfü deyildir ki, Azərbaycan qazının Avropaya tədarükü üzrə razılaşmanın əldə edilməsi ilə bağlı danışıqlar təqribən 5 il davam edib. Nəticə isə Azərbaycan neft-qaz sektorunun yeni erasının təməli qoyulan razılıqlar əldə edilib. Razılaşdırılan müqavilələr neft-qaz sənayesində ən iri sazişlərdən biridir.
Bu razılaşmaların Avropa üçün əhəmiyyəti də çox böyükdür. Qədim qitədəki dövlətlər neçə illərdir alternativ mənbələrdən karbohidrogen ehtiyatları əldə etməkdə çətinlik çəkirdilər. Bunun üçün ən müxtəlif səviyyələrdə cəhdlər olsa da, məqsədə nail olmaqda problemlər həmişə meydana çıxardı. Məhz Azərbaycan hökumətinin göstərdiyi siyasi iradə avropalıların xeyli müddətdir əldə etmək istədiklərini onlara qazandırdı. Əldə edilən razılaşma Avropaya illik 10 milyard kubmetr qaz tədarük etməyə imkan verəcək. Bu, yalnız "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinə aiddir. Azərbaycanın qaz potensialı isə bununla kifayətlənmir. Çünki həmçinin "Azəri-Çıraq-Günəşli" yatağının dərin qatlarındakı qaza, "Abşeron" yatağına, "Şəfəq-Asiman" perspektiv strukturlarında gözlənilən ehtiyatlar da var. Bu da İtaliya, Bolqarıstan və Yunanıstan bazarlarından kənara çıxmağa imkan yaradacaq.
"BP Azerbaijan"ın rəhbəri Qordon Birrelin imzalanma mərasimində deyib ki, "Şahdəniz" konsorsiumu olaraq bu sövdələşmədə iştirak etdiklərinə görə fəxr edirlər. Şirkət rəhbəri deyib ki, Azərbaycan Avropa üçün etibarlı qaz tədarükçüsü olacaq: "Şahdəniz" öz yolunu davam etdirəcək. İlk addım gələcək imkanlarla müşayiət olunacaq. Mən qazın yeni şaxələndirilmiş mənbələrinin əldə edilməsi münasibətilə Avropanı təbrik etmək istərdim".
Bu müqavilələrin imzalanması həm də siyasi uğurdur. İllərdir Avropaya qaz satışını inhisarda saxlayan qüvvələrlə dil tapmaq, onların təzyiqlərindən yayınıb, bu işləri həyata keçirmək o qədər də asan deyildi. Kifayət qədər mürəkkəb coğrafi məkanda yerləşməsinə, Dağlıq Qarabağ kimi problemi olmasına baxmayaraq, Azərbaycan buna nail ola bildi. Azərbaycan avropalı tərəfdaşları ilə uzun bir yol keçərək bu maneələri aşa bildi.
Ümumilikdə bu müqavilələrin imzalanması, Azərbaycan qazının Avropaya yolunun açılması böyük tarixi hadisədir. Bu hadisə 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi»ndən, sonradan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətə başlamasından da önəmlidir. Bu sənədlər bir növ Azərbaycanın Avropaya kifayət qədər möhkəm tellərlə bağlanmasını təmin etmiş oldu. Bu müqavilələr təkcə Azərbaycana verəcəyi 200 milyard dollarlıq mənfəətlə sərhədlənmir. Razılaşmaların həm də çox böyük siyasi əhəmiyyəti də var.
Bu sənədlər həm də Azərbaycanın növbəti 50-60 illik müddətdə iqtisadi müstəqilliyinin də təmin edilməsi deməkdir. İqtisadi müstəqilliyin təmin edilməsi isə dövlətimizin qarşısında duran problemlərin həlli üçün yaxşı bir zəminin yaradılmasıdır.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər