• bazar, 24 Noyabr, 23:18
  • Baku Bakı 14°C

Azərbaycanda yeni milli park yaradılacaq - MÜSAHİBƏ

02.09.23 02:30 7783
Azərbaycanda yeni milli park yaradılacaq - MÜSAHİBƏ

Firuddin Əliyev: “Aparılan işlər nəticəsində milli parklara səfər edən turistlərin sayında artım olub. Bu ilin yeddi ayı ərzində milli parklara ümumilikdə 90 min 472 turist səfər edib. 2022-ci ilin müvafiq dövründə isə bu rəqəm 83 min 682 nəfər olub”. 


2023-cü ilin altı ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlər görülüb. Bu və digər məsələlərlə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevlə söhbətləşdik. 

- 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və Qarabağda quruculuq, bərpa işləri başladı. Artıq bir çox yerlərdə əhalinin yaşayışı da var. Bəs mövcud xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətlərinin bərpası ilə bağlı hansı addımlar atılıb?

- Prezidentin 2021-ci il 20 oktyabr tarixli sərəncamı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilib. Sərəncamın icrası ilə bağlı Qoruğun Əsasnaməsi hazırlanıb, sanitariya-mühafizə zonası müəyyənləşdirilib, aidiyyəti qurumlar ilə razılaşdırılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən digər xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətlərinin bərpası ilə bağlı işlərə başlanıldı. İndiki mərhələdə Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb, Yasaqlığın fəaliyyətinin bərpası ilə bağlı məsələyə münasibət bildirilməsi üçün müvafiq dövlət qurumlarından rəylər alınır və yekunlaşma mərhələsindədir. 

- İşğaldan azad edilmiş ərazilərdən danışan zaman ilk çətinlik minalanmış ərazilərlə bağlı olur. Bəsitçay Dövlət Təbiət Qoruğunda nə qədər təmizlənməyən ərazi qalıb?

- Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən Bəsitçay Dövlət Təbiət Qoruğunun ümumi 107 hektar ərazisindən 80 hektara yaxını (79,5 ha) minalardan təmizlənib.  Hazırda yalnız 27,5 hektar ərazi təmizlənməmiş qalır. 

- Qarabağda yayılmış flora və fauna növlərinin monitorinqi və bərpası istiqamətində hansı işlər görülüb? 

- Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən bioloji müxtəlifliyin növ tərkibinin öyrənilməsi məqsədilə 2023-cü ilin I yarımilliyi ərzində qoruqda monitorinqlər aparılıb. Ördəkli və Baharlı kəndləri ərazisində fototələlər quraşdırılıb, bir sıra nadir fauna və flora - hind tirəndaz, adi qırqovul, çöl donuzu və qamışlıq pişiyi növləri qeydə alınıb. 

Vəhşi heyvanlarla bağlı monitorinqlər aparılır

- Artıq işğaldan azad edilmiş ərazilərə ceyranlar, quşlar da buraxılıb...

- Bəli. Prezidentin may ayında Laçın rayonuna səfəri çərçivəsində boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış dörd baş Şərqi Qafqaz turu, adı “Qırmızı kitab”a düşən və Azərbaycana gətirilən beş ədəd şahin quşu təbiətə buraxılıb. 

Eyni zamanda, 2023-cü il ərzində işğaldan azad olunan ərazilərdə olan təbii su hövzələrinə 83515 ədəd balıq körpəsi buraxılıb. 2023-cü ilin iyun ayında Kəlbəcər rayonunun təbii landşaftlarında adları Azərbaycanın “Qırmızı kitab”ına düşmüş, nadir və nəsli kəsilmək təhlükəsində olan Ön Asiya bəbiri və bezoar keçisi populyasiyalarının, eləcə də digər iri məməlilərin mövcud olduğu biotoplarda monitorinq məqsədilə çöl-tədqiqat işləri aparılıb.

Tədqiqatlar zamanı Kəlbəcər rayonu ərazisində bezoar keçisi, meşə pişiyi, daşlıq dələsi, Qafqaz sincabı, porsuq, hind tirəndazı, adi çaqqal, adi cüyür, adi tülkü, canavar, çöl donuzu qeydə alınıb.

- Bir müddət əvvəl “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib. Bununla bağlı proses hansı mərhələdədir?

- Hirkan Milli Parkının yerləşdiyi ərazi təbii iqliminə görə rütubətli subtropik xüsusiyyətə malikdir. Füsunkar təbiəti olan Hirkanla bağlı sənəd işləri artıq yekunlaşdırılıb və sənədlər komitəyə təqdim edilib. Bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək komitənin iclasında yekun qərar veriləcək. 

Milli parklarla bağlı yeniliklər

- Azərbaycan ərazisində yeni Milli parkın yaradılması, bəzilərində ərazilərin genişləndirilməsi, turizm potensialının yüksəldilməsi istiqamətində işlər görülürdü. Hansı addımlar atılır?

- Hazırda İlisu Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ silsiləsində yeni Milli Parkın yaradılması üçün 2022-ci ildən başlanılmış müvafiq işlər davam etdirilir. Artıq onlara aid ediləcək ərazilərin ilkin xəritələri hazırlanıb.

Milli parklarda turistlərin cəlb edilməsi və mühafizənin gücləndirilməsi üçün infrastruktura dair bir sıra işlər görülüb. Belə ki, Şirvan Milli Parkının giriş qapısının yeni dizayn konsepsiya sənədi hazırlanıb və aidiyyəti qurumlardan rəy alınıb. 

Qızılağac Milli Parkının ərazisində brakonyerliyə qarşı mübarizə aparılması məqsədilə yeni mühafizə postu quraşdırılıb. Turizm potensialının yüksəldilməsi və mühafizənin yaxşı təşkil edilməsi məqsədilə motosikletlər, kvadrosikllar alınıb, ekoturizm marşrutlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, turistlərin məlumatlandırılması üçün giriş, məlumatverici, məntəqə və istiqamətləri əks etdirən yeni lövhələr hazırlanaraq, milli parkların ərazilərində yerləşdirilib. Hazırda ümumi belə lövhələrin sayı 860, giriş qapılarının sayı 21 ədəddir. 
Abşeron Milli Parkının sanitariya-mühafizə zonasının hesabına ərazisinin genişləndirilməsi ilə bağlı müvafiq işlər aparılır. Hazırkı mərhələdə milli parkın genişləndirilmiş yeni ərazisinin xəritəsi hazırlanıb və müvafiq qurumların müsbət rəyləri alınıb.

Təbiətimizi birlikdə yanğından qoruyaq

- Yay fəslində insanlar dincəlmək üçün milli parklara, istirahət yerlərinə üz tuturlar. Bəzən onların parkların, meşələrin ərazisində yandırdıqları ocaqlar böyük faciələrə səbəb olur.

- Yanğın təhlükəsizliyi qaydalarına və müəyyən olunmuş tələblərə riayət edilməsi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəs üçün məcburidir. Lakin bu cür tələblərə layiqincə əməl olunmaması səbəbindən təəssüf ki, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında və ovçuluq təsərrüfatlarında yanğın hadisələri baş verir. Belə yanğınlar aidiyyəti qurumların və əməkdaşlarımızın səyi sayəsində söndürülsə də, təbiətə dəyən ziyanın aradan qaldırılması uzun müddət çəkir və bəzi hallarda ümumiyyətlə mümkün olmur. 
Bu cür ərazilərdə baş verən yanğınlarda meşə təsərrüfatına (ağac və kol bitkilərinə, yeni ağac pöhrələrinə), fauna və flora aləminə, eyni zamanda, “Qırmızı kitab”a düşən nadir növlərə dəyən zərərin qarşısını almaq, bu ərazilərdə yanğınların baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır. Bu, hər birimiz üçün məcburi olmaqla yanaşı, həm də təbiətə qayğı nəticəsində olmalıdır. Unutmaq lazım deyil ki, təbiət olmasa həyat olmaz, insan olmaz. Odur ki, gəlin, təbiətimizi birlikdə  yanğından qoruyaq.

- Bu ilin yeddi ayı ərzində milli parklara nə qədər turist səfər edib?

- İlin əvvəlindən başlayaraq, milli parkların ərazisində mövcud olan turizm marşrutlarında abadlıq işləri aparılıb, marşrutlar boyunca turizm infrastrukturu yaradılıb. 

Turizm marşrutları üzərində yeni piknik yerləri quraşdırılıb. Aparılan işlər nəticəsində milli parklara səfər edən turistlərin sayında artım olub. Bu ilin yeddi ayı ərzində milli parklara ümumilikdə 90 min 472 turist səfər edib. 2022-ci ilin müvafiq dövründə isə bu rəqəm 83 min 682 nəfər olub. 

- Bu il yadda qalan hadisələrdən biri də “Qırmızı kitab”ın III nəşrinin təqdim edilməsi oldu. Yeni nəşrə hansı flora və fauna növləri daxil edildi?

- III nəşrdə nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna - 152 onurğalı, 89 onurğasız və 460 flora, 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun, 37 göbələk növü öz əksini tapıb. Həmçinin, ilk dəfə tərtib olunan çəhrayı siyahıya 51 bitki və 42 heyvan növü salınıb.

Maralların və bizonların sayında artım qeydə alınıb

- Nazirlik tərəfindən reintraduksiya layihələri də həyata keçirilir. Həmin heyvanların sayında nə qədər artım qeydə alınıb?

- 2010-cu ildən ceyranların, 2019-ci ilin sonlarından etibarən Avropa bizonunun ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində layihələr həyata keçirilir. Bu günə kimi 36 baş Avropa bizonu, 346 baş ceyran reintroduksiya edilib. 

Gətirilən Avropa bizonlarının sayında artım olub və hazırda onların sayı 45-ə çatıb. Bundan əlavə, reintroduksiya tədbirləri zamanı 2021-ci ildən başlayaraq, hər ilin mart-aprel ayları ərzində şahin quşlarının respublikamızın ərazisində qorunması və onların təbiətdə saylarının artırılması məqsədilə “Şahin quşlarının təbiətə buraxılması üzrə Qətər kompaniyası” çərçivəsində Azərbaycana gətirilmiş 204 ədəd şahin quşu Hacıqabul, Siyəzən, Şabran və Laçın rayonlarının ərazisində havaya buraxılıb.

2022-ci ildə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə reintroduksiya olunan dörd baş nəcib maralın sayında 2023-cü ildə artım müşahidə edilib, hazırda onların sayı yeddidir. Bu il Bakı Zooparkından götürülmüş yeddi baş hind Tirəndazı Hirkan Milli Parkının ərazisində təbiətə buraxılıb. 

- Su bioresurslarının artırılması istiqamətində hansı planlar var?

- Su bioresurslarının artırılması istiqamətində işlər davam etdirilir. 2023-cü ilin yeddi ayı ərzində qızılbalıqkimilər, çəkikimilər və nərəkimilər dəstəsinə aid olan ümumilikdə 3.560.715 ədəd balıq körpəsi təbii su hövzələrinə buraxılıb.

 

Ovçuluq mövsümü nə vaxt başlayır?

- Balıqçılıq və Akvakultura Elmi-Tədqiqat Mərkəzi tərəfindən 2023-cü ildə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə monitorinqlər aparıldı. Nələr müşahidə olundu?

- Xəzər dənizinin Azərbaycan sektorunda “Əlif Hacıyev” adına elmi-tədqiqat gəmisi ilə Xəzərin cənub hissəsində (ölkəmizə aid olan bölmə üzrə) aparılan monitorinqlər zamanı üç məntəqə (Lənkəran, Kür Dili və Cənubi-Şərqi Qoltuq) üzrə zooplankton nümunələri toplanılıb. Həmçinin, Xəzər suitisinin yayılması və miqrasiyaları üzrə müşahidələr aparılıb və tək-tək də olsa suiti fərdləri müşahidə olunub. Kiçik Qızılağac körfəzi, Lənkəran, Kür Dili və Cənubi-Şərqi Qoltuq ərazilərin yaxınlığında quşların miqrasiyasının vizual müşahidəsi keçirilib. Burada əsasən flaminqo, qu quşu və sair müşahidə edilib. 

“Əlif Haciyev” elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində 18-28 iyul 2023-cü il tarixlərində kompleks ekoloji monitorinq təşkil edilib. Ümumi olaraq kompleks ekoloji tədqiqatlar nəticəsində Xəzərin mərkəz və cənub hissəsində (ölkəmizə aid olan bölmə üzrə) 45 stansiyalardan bioloji materiallar toplanıb. Zooplankton nümunələri dənizin 10-100 metr dərinliklərində tor vasitəsilə yığılıb. Bentik orqanizmlər isə 10-100 m dərinliklərində dib nümunə götürən alətlə götürülüb.

Tralın istifadəsi ilə aparılmış balıq ovu tədqiqatları nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində nərəkimilərin, yarımkeçici və siyənək balıqlarının sayı, vətəgə ehtiyatı və yayılması qiymətləndirilib.

Dənizdə Xəzər suitilərinin öyrənilməsi üçün təhlillər aparılıb, bu növün Azərbaycana aid sularında populyasiyasının mövcud vəziyyəti qiymətləndirilib. 2023-cü ildə keçirilmiş dəniz ekspedisiyalarının nəticələrinə əsasən, Orta Xəzərdə və Cənubi Xəzərdə kilkə balıqlarının kəsiklər və dərinliklər üzrə bioloji göstəricilərinin və ov dinamikasının, növ tərkibi, bioloji-ekoloji xüsusiyyətlərinin və ovunun statistik analizi aparılıb.

- Artıq yay fəsli bitir. Ov mövsümü nə zaman açılacaq?

- Əvvəlki illərlə müqayisədə yanğın hadisələrinin sayı və həcmi azalıb, amma təəssüf ki, son vaxtlar ovçuluq təsərrüfatlarında və onlara yaxın olan ərazilərdə yanğınların baş verməsi halları müşahidə edilir. Bununla bağlı cari ov mövsümünün açılması oktyabr ayına nəzərdə tutulub.
Mövsüm açılmazdan əvvəl “Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurası”nın növbəti iclası keçiriləcək, ov obyektinə aid edilən vəhşi heyvan və quş növlərinin siyahısı, ovlanma müddətləri və normaları müəyyənləşdiriləcək.

İlhamə Əbülfət

banner

Oxşar Xəbərlər