• cümə axşamı, 28 mart, 19:29
  • Baku Bakı 13°C

Azərbaycanda bəzi səhm və istiqrazlar üzrə gəlirlərin vergidən azad edilməsi nə vəd edir?

31.01.23 17:40 509
Azərbaycanda bəzi səhm və istiqrazlar üzrə gəlirlərin vergidən azad edilməsi nə vəd edir?

Fevralın 1-dən Azərbaycanda beş il müddətində yalnız kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri vergidən azad ediləcək.

İqtisadçı ekspert Rauf Qarayev Oxu.Az-a Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin qüvvəyə minməsi, kapital bazarında vergi rejiminin dəyişməsini şərh edib. 

Onun sözlərinə görə, ediləcək dəyişikliyin 100 faiz effekt verəcəyini demək düzgün olmazdı:

“Azərbaycan Mərkəzi Bankının da qeydi var ki, bu addım stimullaşmaya təkan verəcək. Amma bunun üçün birinci bazarı təhlil etmək, dəyişikliyi pilot layihə kimi sınaqdan keçirmək lazımdır. Bunun sınaqdan keçib-keçməməsi barədə məndə məlumat yoxdur.

Əgər pilot layihə kimi bazarda istifadə olunubsa, yəni müəyyən şəxslər üçün bunlar tətbiq olunub və şifahi olaraq 100 faiz nəticə veribsə, bunu geniş formada tətbiq etmək mümkündür. Birbaşa tətbiq edib, nəticə verəcəyini əvvəldən demək düzgün olmazdı. Müddət baxımından yaxşı addımdır”.

Ekspert bildirib ki, Azərbaycanda istiqrazlar və səhmlərdən əldə olunan gəlirin vergidən azad olunmasının nəticələri özünü tam effektiv göstərmir:

“Vaxtilə bizdə fond birjası var idi. Eyni zamanda, sığorta sahəsi üçün təşkilat da yaradılmışdı. Əsas işlərindən biri səhmlərlə bağlı işi genişləndirmək idi. Daha sonra Azərbaycan Mərkəzi Bankı və təşkilat arasında narazılıq oldu. Nəticədə təşkilatın fəaliyyəti AMB-yə verilib, özü ləğv edildi. Müəyyən nəticələrə nail olmağa çalışılsa da, sonluğu olmadı. İndi isə qiymətli kağızlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi ilə onları əldə edən şəxslər gəlir əldə edəcəklər. Bununla da Azərbaycan qiymətli kağızlar bazarında canlanma olacaq.

Bu fond birjası daha çox Yaponiya, ABŞ və bir sıra ölkələrdə daha effektivdir. Azərbaycanda isə bu fond birjasını tətbiq etməyə çalışırlar, amma effektiv deyil. Səbəbi barədə danışmaq üçün bir qədər geriyə nəzər salmalıyıq. Əvvəllər çeklər var idi və şəxslər onlarla müəssisədə müəyyən pay sahibi olurdular. Dövriyyəyə buraxılan çeklər artırdı və əhali maraq göstərirdi ki, satıb, daha çox pul qazanacaq. Bu çeklər dövriyyəyə buraxılsa da, nəticəsi olmadı. Həmin çeklər müəyyən insanların evlərində “yastıqaltı” kimi qalıb. Fikirləşirlər ki, gələcəkdə effektiv olacaq”.

“Bizim vətəndaşların beyinlərində sahibkarlığa meyil yox, daha çox gəlir əldə etmək fikri var. Bunu başa düşmək olar. Hər hansı bir şirkətin səhmlərinə sahib olan insanlar ondan gəlir əldə edə bilmirlər. Bunun da səbəbi budur ki, şirkət qeyd edir ki, gəliri olmayıb və dividend formasında geri qaytara bilməyəcək, gözləmək lazımdır, gəlir olanda veriləcək.

Nəticədə inamsızlıq yaranır. Bu o deməkdir ki, şirkət səhmdarları aldadır. Ümumiyyətlə, yeni dəyişiklik yaxşı addımdır, effektiv olması üçün müəyyən işlər görülməlidir ki, fond birjası bazarı normal şəkildə işə düşsün. Bunun üçün tək bir sahə üzrə addımlar atılmalıdır. İqtisadçılar cəlb olunmalı, şirkətlərlə danışılmalı, səhmlərin nə qədər effektiv olması ilə bağlı maarifləndirmə işləri görülməlidir”, - deyə R.Qarayev əlavə edib.

banner

Oxşar Xəbərlər