• çərşənbə axşamı, 19 noyabr, 14:33
  • Baku Bakı 14°C

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi böyük düha

17.09.22 06:00 1839
Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi böyük düha

Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günümüz kimi qeyd edilməsi Azərbaycan xalqı üçün böyük bir irs qoyub gedən dahi bəstəkarın ruhuna sonsuz hörmət və sevginin ifadəsidir. Üzeyir bəy musiqi sahəsində milli kadrların yetişməsi üçün səylə çalışıb. Azərbaycanın bütün görkəmli bəstəkarları böyük pedaqoqdan dərs alıb, o dövrdə peşəkar bir musiqiçi ordusu yetişib.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günümüz kimi qeyd edilməsi Azərbaycan xalqı üçün böyük bir irs qoyub gedən dahi bəstəkarın ruhuna sonsuz hörmət və sevginin ifadəsidir.

Üzeyir bəy Azərbaycan professional musiqisinin banisi olmaqla, ilk dəfə musiqili teatrın, milli opera və operettanın yaradıcısı olub, musiqi təhsilinin təməlini qoyub, xalq musiqi orkestrinin yaradıcısı kimi tanınıb. Yaradıcılığı millilik, xəlqilik və bəşərilikdən yoğurulan dahi bəstəkar nəzəriyyəçi, alim, musiqişünas, filosof, tərcüməçi, ictimai xadim, həm də publisist kimi çıxış edib. Musiqi kollektivlərini - xalq çalğı alətləri, notlu orkestri, simfonik orkestri, simli alətlər kvarteti, dövlət xoru və s. kollektivləri formalaşdırıb. 1934-cü ildə əsası qoyulan Bəstəkarlar İttifaqının yaranması da dahi bəstəkarın adı ilə bağlıdır. Bu gün müəllifi olduğu dövlət himnimiz səslənəndə ayağa qalxan, əlini ürəyinin üstünə qoyan hər bir azərbaycanlının dilindən böyük bəstəkarın ruhuna minnətdarlıq hissi səslənir.  

Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqatçıları haqlı olaraq “Dahi bəstəkarın yaradıcılığını nə qədər araşdırırıqsa, yenə də bitmir. Bu tükənməz xəzinə gələcək nəsillərə qalacaq. Hələ gələcək nəsillər onun yazdığı əsərlərin, məqalələrin kodlarını açacaqlar” deyə yazırlar.

Böyük musiqiçi ordusu

Üzeyir bəy musiqi sahəsində milli kadrların yetişməsi üçün səylə çalışıb. Azərbaycanın bütün görkəmli bəstəkarları böyük pedaqoqdan dərs alıb, o dövrdə peşəkar bir musiqiçi ordusu yetişib. Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Hacı Xanməmmədov, Ədilə Hüseynzadə, Niyazi, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Ağabacı Rzayeva kimi görkəmli musiqiçilər Üzeyir bəydən musiqi sənətinin sirlərini öyrənib və musiqi tariximizə töhfələrini veriblər.

Üzeyir bəyin tələbələri, demək olar ki, həyatdan köçüb gediblər. Ancaq onların hər biri sevimli müəllimlərini və xalqın böyük bəstəkarını yüksək dəyərləndirib, onu “bütöv xalq” adlandırıblar.

Üzeyir bəyin məsləhəti

Xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovun Üzeyir bəylə bağlı xatirələri dahi bəstəkarın şəxsiyyəti, milli musiqimizdə misilsiz xidmətlərini əks etdirmək baxımından maraqlıdır: “Gözümü açandan evimizdə həmişə görkəmli musiqiçiləri görmüşəm. Konservatoriyada oxuduğum illərdə Üzeyir Hacıbəyli bizim rektorumuz olub. Biz onda akademiyanın nəzdində onillik musiqi məktəbində oxuyurduq. Üzeyir bəy bütün konsertlərimizdə birinci sırada otururdu. Konsert qurtarandan sonra tövsiyələrini deyirdi. Üzeyir bəy atamla dost idi. Üzeyir bəyin böyüklüyü onun uzaqgörənliyində idi. Bir gün atama dedi ki, Bakıda da, rayonlarda da musiqi məktəbləri çoxdur, hamısında da tar, kamança sinifləri var. Milli musiqi alətlərində yaxşı çalanlarımız da çoxdur. Ancaq Avropa musiqi alətləri sarıdan kasadlıqdır. Sənin 3 övladın var. Gəl onların hərəsini bir Avropa musiqi aləti üzrə yönəldək. Üzeyir bəyin məsləhəti ilə atam məni skripka, qar¬daşım Məmmədrzanı violonçel, bacım Zivəri fortepiano sinfinə qoydu.

Konservatoriyaya imtahansız qəbul

Üzeyir bəyin 60 illiyində bəstəkarın “Arşın mal alan”ı üzərində yazılmış “Fantaziya”nı dirijor Leo Ginzburqun orkestri ilə canlı ifa etmişəm. Ginzburqu Moskva Konservatoriyasından dəvət etmişdilər. Mən həmin əsəri ifa edəndə zalda Mircəfər Bağırov, Teymur Quliyev kimi rəhbər şəxslər oturmuşdu. Üzeyir bəy də 1-ci sırada əyləşmişdi. İfanı hamı bəyəndi. Üzeyir bəyin qarşısında çıxış etmək böyük məsuliyyət tələb edirdi. Dahi bəstəkar konsertdən sonra “Tofiq Bakıxanovun uğurlu gələcəyi var” dedi. Bu sözləri onun dilindən eşitmək böyük xoşbəxtlik idi”.
1947-ci ildə T.Bakıxanovun ifası Nizaminin 800 illik yubiley tədbirinin proqramına daxil edilir. Təntənəli bayram kon-sertinin ifaçıları sırasında onillik musiqi məktəbinin şagirdi Tofiq Bakıxanov da səhnəyə çıxır: “İfamı bitirən kimi gözlərim zalda əyləşmiş Üzeyir bəyi axtardı, gördüm gülümsəyir. Bir neçə gün sonra qəbul imtahanlarını vermək üçün sənədlərimi konservatoriyaya təqdim edəndə sürprizlə qarşılaşdım. “Üzeyir bəy tapşırıb, sizi konservatoriyaya imtahansız qəbul edirik” sözlərini eşidəndə sevincimin həddi-hüdudu yox idi”.

Dahi bəstəkar dünyasını dəyişəndə adına təqaüd təsis edilməsi haqqında qərar qəbul edilir. Gənc musiqiçi 1948-ci ildə həmin təqaüdə layiq görülür: “Üstündən illər keçdi - mənə “Üzeyir Hacıbəyov mükafatı laureatı” adını verdilər. Mükafatlarım çoxdur, ancaq yaxamda Üzeyir bəyin adı yazılan mükafatı gəzdirməyimlə fəxr edirəm!”

Tələbələrin hamisi

“Üzeyir bəy tələbələrindən qayğısını əsirgəmirdi”- deyə  xatırlayır T.Bakıxanov: “Müharibə vaxtı dərsə gedən tələbələrinin rəngini solğun görəndə müavinini çağırıb həmin tələbələrinə yemək verilməsini tapşırır, əyin-başla təmin olunmalarına göstəriş verirdi. Üzeyir bəy ətrafında olan gənc bəstəkarlara kömək edirdi. Onun dahiliyi təkcə yaradıcılığı ilə ölçülmürdü, o, həmçinin qayğıkeş insan idi”.

Ömürlük dostluq

T.Bakıxanov danışır ki, 1937-ci ildə atası Əhməd Bakıxanov İran muğamlarının təbliğatçısı kimi həbs olunub. Bu çətin gündə Üzeyir bəy onların xilaskarına çevrilir: “Şayiə yaymışdılar ki, Əhməd Bakıxanov “Humayun”, “Bayatı-Şiraz”, “Bayatı Kürd”, “Bayatı İsfahan” muğamlarını “iranlaşdırır”. Bu ifalarına görə atamı həbs etdilər. Həmin ərəfədə Üzeyir bəy Moskvada keçirilən incəsənət günlərinə Mircəfər Bağırovla eyni qatarda gedirdi. O, atamla bağlı ölkə rəhbərinə məlumat verir və kömək etməsini xahiş edir. Moskvadan qayıdandan sonra Bağırov atamı həbsdən buraxdırdı. Üzeyir bəylə atamın dostluğu ömürlərinin sonunacan davam etdi”.

Üzeyir bəy Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi böyük dühadır. Milli və klassik musiqinin özü ilə eyniləşən düha. İllər, əsrlər keçsə də, onun nəsillərə yadigar qoyub getdiyi musiqi irsi yaşayacaq. Dünyanı sülhə, xeyirxahlığa, humanizmə səsləyəcək...

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər