Özünü tanımağa çalışan həyat yolçusu
Nil Karaibrahimgil: "Heç
bir imza qırılan iki qəlbi birlikdə tuta bilməz”
İfa etdiyi mahnıları ilə böyük tamaşaçı sevgisi qazanıb. Özünəməxsus
dəsti-xətti, üslubu və həyata baxış tərzi var. Səsləndirdiyi mahnılarının sözlərini
özü yazır və bəstələyir. Mahnıları ilə sanki öz nağıl dünyasını insanlara göstərməyə
çalışır. Türkiyənin tanınan və sevilən sənətçisi Nil Karaibrahimgil "Posta” qəzetinin
müxbiri ilə görüşüb. İfaçı müsahibəsində hər yaş dönəmində fərqli Nillə tanış
olduğunu deyir.
-
Nil Karaibrahimgil əslində kimdir?
- Bu yaşıma qədər özümə ən çox verdiyim suallardan biridir. İndi siz bu
sualı mənə verirsiniz. Hələ ki, özünü tanımağa çalışan həyat yolçusuyam. Nələrisə
kəşf etməyə çalışıram və öyrəndiklərimin insanlara da xeyri dəyər deyə, tapdıqlarımı
onlarla paylaşıram. Əslində mən bir ürək paylayıcısıyam. Hər yaş dönəmində özümdə
nəyisə kəşf edirəm. Fərqli situasiyalarla qarşılaşıram və həmin an fərqli reaksiyalar
verirəm. Bəzən də özümü musiqi qutusu kimi hiss edirəm. Günün hər hansı bir saatında
yeni bir musiqi keçir ağlımdan. Beynim bəstəkarlıq edir, susmur. Bəzən həzin, bəzən
də kədərli musiqilər keçir könlümdən. Könlüm hər zaman musiqi ritmləri kimi coşqundur.
- Deyirsiniz ki, kral və
kraliçaların dalınca deyil, xəyallarınızın
arxasınca qaçın. Bunu deyən insan uzun müddətdir ki, eyni insanla eyni istiqamətdə
qanad çırpır.
- Bəli eyni istiqamətdə, eyni amal uğrunda qanad çırpırıq. Cavab da əslində
burdadır. Sərdarla bir həyatı yaşayır, həyatımızı gözəlləşdirməyə, çoxaltmağa, anlam
qatmağa çalışırıq. Hər zaman deyirəm ki, Sərdar mənim ayaqlarım, mən onun qanadlarıyam.
Evlilik ildönümündə bunu yazıb ona hədiyyə etmişdim.
-
"Mən uçmağı bilirəm, o isə yeriməyi” deyirsiniz, bununla nə demək istəyirsiniz?
- Bildiklərimizi bir-birimizə izah etməyə çalışırıq. Sərdarı tapanda anladım
ki, ömür boyu o insanı axtarmışam. Onunla birlikdə nələrsə etmək, eyni yöndə qanad
çalmaq bizi yan-yana qalmağa vadar edir.
- Siz nə edirsinizsə, edin,
bu, topluma hər zaman yaxşı təsir bağışlayır. Sanki mahnılarınızla insanlara nağıl
danışırsınız.
- İnsanlara nağıl danışmağı çox sevirəm. Mən insanların dərdinə məlhəm
olmaq üçün çalışıram. O məlhəmi mahnılarımda tapanda, onu tamaşaçılarla paylaşıram.
Paylaşdıqlarım sizə nağıl təsiri bağışlayırsa, nə xoş mənə. Həyatda insanlara yaxşı
və gözəl bir hiss bəxş edə bilirəmsə, "bir günü də boşuna yaşamadım” deyərək
rahat nəfəs alıram. Bunun qarşılığı insanları nağıl dünyasına aparmaqdır. Mən bunu
təcrübədən keçirməyə çalışdım. Nağıllara heyranam və nağıl danışmağı çox sevirəm.
Oğlumla birlikdə nağıllar dünyasını səyahət etdirəm. Hətta hazırda "Min bir gecə”
nağıllar kitabını oxuyuram. Hər axşam "Danış, Şəhrizad” deyib yuxuya dalıram.
- Dediklərinizə özünüz inanırsınızmı,
yoxsa özünüzü aldatmaq üçünmü nağıllar aləminə səyahət edirsiniz?
- Hər zaman danışdıqlarım yaşadıqlarımdan bir addım öndə olub. Əlbəttə
ki, dediklərimə inanıram. Özümə yalan söyləyə bilmərəm. İnsanları razı salmağa,
ilham verməyə çalışıram. Düşüncələrimin ipini əlimə aldımmı, edə bilməyəcəyim heç
nə yoxdur. Onlar səni kukla etmədən, sən onları şəkilləndirə biləcəyini görəndə,
həyatını dəyişdirə biləcəyinin fərqinə varırsan.
- Sizcə, ana olandan sonra qadınların
həyatı ikiyə ayrılır?
- Məncə, ayrılır. Bir insanı qarşılamaq, onun ruhunu öz yaralarından uzaq
tutaraq qorumağa çalışmaq dünyanın ən çətin işi imiş. Hər gün övladımdan yeni bir şey öyrənirəm, ən əsası özümü
tanıyıram və onunla sevginin başqa bir formasının da olduğunu görürəm. Sevmək başqa
bir şey imiş, mənim zənn etdiyim bir şey deyilmiş.
- Artıq cəsur bir
qadınsınızmı?
- Əlbəttə ki, özümü indi daha cəsur hiss edirəm. Ötən il iki il fasilə
verdikdən sonra ayağıma uzunboğaz çəkmə geyinib özümü dağlardan aşağı buraxan
zaman bu gücü hiss etdim. Bəlkə də ruhumun əzələlərini analıq hissi gücləndirib.
Çox tədbirli, qaşları davamlı olaraq çatılan, düyünlənən bir ana olmaq istəmirəm.
- Bir ana olaraq oğlunuza qadınlarla
bağlı nələr danışırsınız?
- Qadınlar və kişilər deyə heç bir ayrı-seçkilik etmirəm. Bu barədə sual verəndə isə tək fərqimizin, vücudumuzun
bəzi üzvlərinin fərqli olduğunu deyərək kifayətlənirəm. Əsas odur ki, qarşısındakı
insanı tanısın, ona dəyər versin, qadın-kişi deyə ayrı-seçkilik etməsin. Hətta baş qəhrəmanı güclü qadınlar olan nağıllar danışıram. Oğlumun 6 yaşı var və indi çox həssas dönəmidir.
- Onunla ciddi mövzulardan danışırsınızmı?
- Bəzən onunla evdən çıxıb sahilə qədər olan ərazilərdə tullantıları toplayırıq,
zibilləri ayrıca bir qaba yığırıq. Həyətimizdə özümüzün yetişdirdiyimiz meyvə və
tərəvəzlər var. Oğlumuz təbiət sevgisi ilə böyüyür.
- Gözdən uzaq olanların
qəlbdən də uzaq olduğunu deyibsiniz. Münasibətlərdə məsafə anlayışına necə baxırsınız?
- Mən təmasa, göz-gözə gəlməyə və səs tonuna çox inanıram. Ekran vasitəsi
ilə bu hissi ötürə bilmirsiniz. Söz çox az şey ifadə edir. İnsan qarşı tərəfə sözü
ilə deyil, baxışı ilə nələrisə ötürə bilir. Misal üçün qoxu çox önəmli faktordur.
Ekrandan onu duymaq mümkün deyil. Məsafənin gözəlliyi aralar verərək qovuşmaqdırsa,
bu, insana müsbət təsir edə bilər, amma sevdiyiniz şəxs çox uzaqdadırsa çətin
məsələdir.
- Sizcə, evlilik müqəddəs
bir şeydir?
- Müqəddəs olan, iki insanın danışmadan paylaşdığı, bir-birinə hiss etdiyi
hisslərdir. Yerdə qalanlar isə boş bir imzadır. Sözləşmələrə inanmıram. Mən daha
çox gözlərə və niyyətlərə inanıram. Heç bir imza qırılan iki qəlbi birlikdə tuta
bilməz. Heç bir imza bir-birinə qovuşmuş iki insanı daha çox xoşbəxt edə bilməz.
- Sizi Sərdar Ərənlə yan-yana
tutan şey tam olaraq nədir?
- Bizimki şansdır. Bəzən o şansı tapırsınız. Biz artıq bir-birinə qarışmış,
uzun müddətdir eşq yaşayan, biri qanadlı, biri də köklü sevdalılarıq. Birlikdə yol
almağın, çətinliklərin öhdəsindən birlikdə gəlməyin şükürü, əyləncəsi ilə yaşayırıq.
Hər zaman bir-birimizə heyran olur, bir-birimizi yenidən kəşf edirik. Bu asan şey
deyil, ancaq təcrübədən keçirməyə dəyər.
- Özünüzə sonuncu dəfə nə zaman
və nə üçün təşəkkür edibsiniz?
- Hər gün. Əlimdən gələnin ən yaxşısını, ən gözəlini edirəm deyə özümə
təşəkkür edirəm.
- Nilə etdiyiniz ən böyük yaxşılıq
nədir?
- Qəlbinin mahnısını söyləməsi üçün səsini sərbəst buraxmağım.
-
Sizi ən çox məşğul edən mövzular nələrdir?
- Mənim ən böyük dərdim özümlədir. Özümlə üz-üzə qalmaq istəmirəm. Düşünürəm
ki, görən necə cəsur şəkildə bir Nil ola bilərəm? Həyatımı necə yaşaya bilərəm?
Bir uşağa necə yaxınlaşa bilərəm? Özümü daha qorxusuz necə ifadə edə bilərəm?
- Başladığınız nöqtəyə baxanda
nə hiss edirsiniz?
- "Yaxşı ki” deyirəm. Biz uşaq olanda yumru bir saqqız vardı, ağzına atanda
üzərindəki tozlar dilini əhatə edirdi. Saqqızı çeynədikcə, o tozlar fərqli dad verirdi.
Həyat da onun kimidir. Çeynədikcə, dadı dəyişir.
- "Həyatda hələ təcrübəsizəm”
dediyiniz nələr var?
- Xəyalımdakı uşaq kitabını yaza bilmədim. İllərdir bir albom çıxara bilməmişəm.
Özümü bir intizama, çərçivəyə salmağı bacarmamışam. Gitarada yaxşı ifa etmirəm.
Yəni siyahım çox uzundur.
- Asanlıqla üzr istəməyi bacarırsınızmı?
- Əlbəttə, hər zaman.
-
İnadkarsınızmı?
- Bir yerə qədər özümü məcbur edərəm. Alınmırsa, "başqa qapımı yoxdur?”
deyib fərqli istiqamətə doğru yol alaram.
-
Həyatdakı ən böyük iddianız nədir?
- Mahnı oxumaq, şeir yazmaq
və onu ifa etmək.
Tərcümə etdi : Xəyalə Rəis