AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Özbəkistan portalında Hüseyn Cavid haqqında məqalə yerləşdirilib

Özbəkistan portalında Hüseyn Cavid haqqında məqalə yerləşdirilib

Mədəniyyət
15 Dekabr 2019, 12:00 299
Özbəkistanın nargis.uz portalında böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavid haqqında rus dilində məqalə yerləşdirilib.
 
AZƏRTAC xəbər verir ki, "Hüseyn Cavid: yaradıcılıq yolu və tale ilə mübarizə” sərlövhəli yazıda filosof şairin uşaqlıq və gənclik illəri, ilk təhsili, həyat yolu geniş işıqlandırılıb. Bildirilib ki, Hüseyn Cavid 1899-1905-ci illərdə Təbrizdə, 1905-1909-cu illərdə isə İstanbul Universitetinin filologiya fakültəsində təhsil alıb. O, Türkiyədə tanınmış şair və yazıçılarla tanış olub, ilk əsərlərini də orada yazıb.
 
Qeyd olunub ki, 1909-cu ildə Vətənə qayıdan şair Naxçıvanda, Gəncədə, Tiflisdə müəllimlik edib. 1918-ci ildə Bakıya gələn Hüseyn Cavid müxtəlif məktəblərdə dərs deyib. Şairin ilk şeirlər kitabı 1913-cü ildə Tiflisdə çap edilib. 1917-ci ildə Bakıda ikinci şeirlər kitabı işıq üzü görüb. Sonra isə bir-birinin ardınca "Ana”, "Maral”, "Şeyx Sənan”, "Şeyda”, "Topal Teymur”, "Peyğəmbər”, "Səyavuş” və digər pyeslərini yazıb.
 
Məqalədə şairin günahsız yerə sürgün olunması, 1939-cu il iyunun 9-da səkkiz il azadlıqdan məhrum edilməsi, İrkutsk vilayətinin Şevçenko kəndinə sürgünə göndərilməsi haqqında məlumat verilib. Bildirilib ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də vəfat edib və kənd qəbiristanlığında 59 nömrə altında dəfn edilib.
Yazıda qeyd olunub ki, ədibin vəfatından 41 il sonra - Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşi 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib və noyabrın 3-də Naxçıvana aparılaraq, dəfn edilib.