• cümə, 29 Mart, 04:50
  • Baku Bakı 7°C

Zamanla həmahəng…

17.02.20 12:30 3564
Zamanla həmahəng…
Xalq yazıçısı Anarın "Sizsiz”ini oxuyanda Rəsul Rza poeziyasını dərk edəcək yaşda deyildim. Amma etiraf edim ki, Rəsul Rza şeiriyyətinə marağım "Sizsiz”dən sonra yarandı və sonralar onun mənsub olduğu ədəbi nəslin hansı şərtlər altında yazıb-yaratdığını, onların içərisində yaşadığı mühitin özəlliklərini və bu mühitdə dilimizin, ədəbiyyatımızın qorunması, yaşaması üçün hansı mücadilələr verdiyini, hansı çətinliklərdən keçdiyini öyrəndim.
Ötən əsrin 30-cu illərində kökü Vaqif şeirindən su içən poeziya hələ də hakim mövqedə idi, ədəbiyyata gələn gənclər (Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim və başqaları) klassik şeirin, bir az da "Molla Nəsrəddin” ənənələrinin təsiri altında formalaşmağa başladı. Rəsul Rza isə elə ilk addımlarından hamıdan fərqləndi, o, Azərbaycan şeirini qəliblərdən xilas edərək ona yeni forma və fəlsəvi düşüncə gətirdi. Bu, təkcə bir estetik anlayış deyildi, qəlibləri dağıtmaq, şablon düşüncənin sınırlarını qırmaq çabası idi ki, Rəsul Rza və ardıcılları bunu bacardılar. Köhnə zehniyyətin daşıyıcıları sanki bu dalğa ilə təkcə tarixin deyil, həm də zamanın dışına sürükləndilər. Bu nöqtədən başlayaraq şeirimizin inkişafı bir paradiqmanın digərini izləməsiylə davam etdi. Uzun illər ədəbiyyata gələn gənc şairlər şeir qatarına Rəsul Rza stansiyasından mindilər və şeirin düşüncə sərhədlərini sonsuza qədər genişləndirdilər. XX əsrin 50-60-cı illərindən bəri şeirimizdə görünən parlaq imzalar məhz Rəsul Rza məktəbinin məzunları idilər. Əli Kərim, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Camal Yusifzadə və sair. Onlar Azərbaycan şeirində keyfiyyət baxımından yeni mərhələyə keçid rolunu oynadılar. Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı, Eldar Baxış və digərləri bu xətti davam etdirdilər. Onların poeziyasında sanki heca ilə sərbəst "barışdı”.
Türk şeirində də Nazim Hikmət bu cığırı açıb getmişdi. Özü məhbəsdə olsa da Qərib şeiri Orxan Vəlinin, Oktay Rıfatın və digərlərinin simasında modern şeir qalası ucaltdı. Bu qaladan çıxanlar sonralar İkinci Yeni ilə türk şeirində yeni bir istiqamət tutdular. Kimlər idi onlar? Edip Cansevər, İlhan Berk, Cemal Sürəyya, Turğut Uyar, Sezai Karakoç, Ece Ayhan və digərləri. Bu gün modern türk şeirini bu isimlərsiz təsəvvür etmək mümkün deyil.
Yeni şeirin təməlini Rusiyada Vladimir Mayakovski, Türkiyədə Nazim Hikmət, Azərbaycanda isə Rəsul Rza qoydu. Mən bu siyahıya böyük Çili şairi Pablo Nerudanın da adını əlavə edərdim. Mənim kitabxanamda Rəsul Rzanın müxtəlif illərdə nəşr kitabları var. 1967-ci ildə çap olunmuş "Mənim fikrimcə” kitabında şairin ədəbi-tənqidi məqalələri toplanıb. Rəsul Rzanı bir insan və şair olaraq daha dərindən tanımaq üçün bu kitabı mütləq oxumaq lazımdır. Kitabda Rəsul Rza öz dövrünü çox dəqiq parametrlərlə xarakterizə edir, o zamanın ədəbiyyatına ustad şair kimi nəzər salır və nəzəri fikirlərini bəyan edir. Şeirə, poeziyaya dövrün, zamanın pəncərəsindən baxmaq nöqteyi-nəzərindən bu kitab son dərəcə qiymətlidir. Rəsul Rzanın hər hansı bir məsələyə, əsərə, ədəbi prosesə, gənc nəslə, yeni təmayüllərə münasibəti bu kitabda öz əksini tapıb. "Ötən illərin kitabları” silsiləsindən yazılar yazmaq haqda düşünürəm və yəqin ki, həmin kitab haqqında ayrıca bir yazım olacaq. Bu günlərdə kitabxanamdan böyük şairimizin 2005-ci ildə çap olunmuş 5 cildliyini götürüb ardıcıl olaraq oxudum. XX əsrin elə bir diqqətçəkən hadisəsi (istər Azərbaycan, istər dünyada) olmayıb ki, Rəsul Rza öz şeirində ona münasibət bildirməsin. Hər şeydən əvvəl öz xalqının ağrılarını öz ağrısı kimi dilə gətirib. "Yaralı Təbriz”, "Ərk qalası”, "Təbrizim mənim” şeirlərində, "Babək”, "Qızılgül olmayaydı” poemalarında bütöv, yenilməz, amma yaralarından qan daman məmləkətin sözlərlə portreti çəkilib. "İnsan şəkli” şeirində isə bəşəriyyətin tarixi bir neçə misraya sığışdırılıb.

Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam –
adibir insan.
nəelə kiçik ki, məhəl qoyan olmaya,
nəelə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacam,
görünsündünyanın hər yerindən;
zamanınkeçmişindən,
dövranınindisindən,
əsringələcəyindən.
Bir insan şəkli asacam;
biryanında Nəsimi –
dabanındansoyulandan sonra,
Bir yanında
məşəlkimi yanmış Azəri qızı –
tuncheykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü,
Bir yanında Məmmədhəsən kişi –
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy,
Aşağıda sərhədlə kilidlənmiş ölkələr.
Bir yanda Osvensim –
Minlərlə insan, beli bükülü.
...Bir insan şəkli asacam;
qapalıdodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
Dözüm sahələri.
Şəklin müəllifi – Zaman.
Adı – insanlığın ömür yolu.

Bu yerdə sərbəst şeirin baniyi-kari olmuş Mikayıl Rəfilini anmasaq, insafsızlıq etmiş olarıq. Mikayıl Rəfili yaradıcılığa sərbəst şeirlə başlayıb və gəncliyində 4 şeir kitabı çıxıb. Amma sonralar nədənsə, özünü bütünlüklə elmlə həsr etdi. Elmi fəaliyyətlə yetinməyib dünya ədəbiyyatının ən maraqlı nümunələrini (Hüqonun "Səfillər”ini, Tolstoyun "Dirilmə”sini və sair) dilimizə çevirdi.
Rəsul Rzanı düşünəndə mütləq Mikayıl Rəfili də xatırlanır. Onlar fikir və düşüncə dostu olublar. Rəsul Rza "Qızılgül olmayaydı” poemasında yaxın dostunu nisgilli misralarla anır:

...Şöləsi öz dibinə
işıq salmayan şam.
Dilinə soyuq söz gəlməyən,
Ayağına balta vurmasa,
dincəlməyən,
bədbəxt adam.

Rəsul Rzadan sonra ənənəvi şeirin öncülləri də ara-sıra qələmlərini sərbəst şeirdə sınadılar. Anar "Mübarizə bu gün də var” kitabında yazır: "...əsasən ənənəvi şeir formalarında yazan Osman Sarıvəlli də 50-ci illərdə sərbəsr şeirə uydu və Rəsul Rzaya bağışladığı bir kitabının üstündəki avtoqraf çox ilgincdir: "Sərbəst şeir azarını canımıza salan Rəsul Rzaya”. (Anar. "Mübarizə bu gün də var”. Bakı. "Nurlan” səh. 68)
Rəsul Rzanın şeirlərini oxuyanda görürsən ki, bu şeirlər yeni forma və düşüncəylə yazılsa da onların hər biri xalq ruhundan qaynaqlanır və ənənəyə sadiqdir.
Rəsul Rza eyni zamanda "Qızılgül olmayaydı” poemasını yazıb, "Rənglər” silsiləsini yaradıb. Onun poetik nəfəsi poeziyamıza rəngarənglik gətirdi, onun ardıcılları yetişdi: Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə...
O, bu gəncliyi həm də himayə etdi, onları haqsız hücumlardan qorudu. Baxmayaraq ki, özü də dəfələrlə o dövr üçün çox təhlükəli olan siyasi-ideoloji ittihamlarla üzləşirdi. Onları mücərrədçilikdə ittiham edənlərə cavab olaraq yazmışdı:

Aydındır şeirin dili,
istəyirsən sevincdən,
istəyirsən qəmdən yaz,
elə aydındır bu dil,
nadan yüz yol oxusa,
yenə bir şey anlamaz.

Yaradıcı insanların ən böyük qayğısı vaxtla bağlıdır, onlar vaxtı mümkün qədər daha çox sənətə xərcləmək istəyirlər. Rəsul Rzanın poeziyasında Vaxt xüsusi anlam daşıyır.

Dedin: – Neyləyək, vaxtı öldürək?
Gün uzun, gecə uzundur!
Düşünmədin,
boş keçən anlar da
möhnəti bilinməyən
ömür yolumuzundur.
Yol qurtarar,
bircə an dayansa ürək.
Nə rəvadır, vaxt bizi yaşadırkən,
biz vaxtı öldürək?!

Zaman hər an ölür ki, yenidən doğulsun. İnsanın zamanı saxlamaq imkanı yoxdur. Onun gücü yalnız bircə dəfə yaşamağa və bircə dəfə ölməyə çatır. Zaman insanı yaşamı boyunca qovduqca qovur, buna ömür deyirlər. İnsan zamandan necə qalib çıxa bilər? Yalnız yaratmaqla! Buna görə şair yazır:

Vaxt var ikən
elə yaşa, elə çalış
bir gün sən olmayanda
hər kəsə aydın görünsün
yerində qalan boşluq.

Rəsul Rza öz zamanının övladıydı. Və öz zamanının içindən qalib çıxdı.
Rəsul Rza ona məxsus olan zamandan çıxıb şeirləriylə XXI əsrə adladı.
Böyük şairlər zamanla həmahəng yaşayır...

Kənan Hacı
banner

Oxşar Xəbərlər