• şənbə, 21 Dekabr, 18:20
  • Baku Bakı 9°C

Zamanı qabaqlayan rejissor - ANIM

06.04.24 01:46 10505
Zamanı qabaqlayan rejissor - ANIM

Sənət dostları, teatr və kinosevərlər Hüseynağa Atakişiyevi xoş xatirələrlə anırlar. O, yaddaşlarda yaxşı sənətkar, qayğıkeş rəhbər, istedadlı rejissor kimi qalıb. 

“Azərbaycan teatr və kinosu onun simasında böyük bir aktyor və rejissoru, sənət fədaisini itirdi...” Sənət dostları, teatr və kinosevərlər Hüseynağa Atakişiyev haqqında söhbət düşəndə sevgi və hörmətlərini belə ifadə edirlər. Görkəmli sənətkarın aprelin 9-da qeyd ediləcək xatirə günü ilə bağlı sənət dostlarının ürək sözlərinə “Sağ olun ki, onu yad edirsiniz...” minnətdarlığı da qarışır...

“Bizi birləşdirən çox şeylər vardı...”

Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlunun Hüseynağa Atakişiyevlə tanışlığı Şəki Dram Teatrından başlayıb: “O , Şəki Teatrında işləyirdi, mən də işlərimlə əlaqədar oraya gedib-gəlirdim. 1979-cu ildə Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” əsərinin televiziya tamaşasını çəkmişdim. Hüseynağa tamaşanı çox bəyənmişdi. Səfərlərimin birində o tamaşa haqqında mənə çox yüksək fikirlər söylədi. Onun Şəkidə gördüyü işlər, Avropaya, hətta uzaq Kubaya qastrolları, qazandığı uğurlar yadımdadır. Sonra Hüseynağa Bakıya gəldi və burada işləməyə başladı”. R.Həsənoğlu həmkarının rejissorluq fəaliyyəti haqqında danışır: “Bizi birləşdirən çox şeylər vardı. Hüseynağa da Vaqif Səmədoğlu ilə əməkdaşlıq edirdi, mən də. 1988-ci ildə ilk dəfə Vaqifin “Yaşıl eynəkli adam” əsəri əsasında hazırladığım televiziya tamaşasının premyerası oldu. Yadımdadır ki, Vaqif o əsərdən sonra “mən iki rejissorla əməkdaşlıq edəndə rahatam. Biri Hüseynağadır, biri sənsən”, - dedi. Hüseynağanın rejissorluq təhsili yox idi. Aktyorluqdan gələn rejissor idi. Belə rejissorların çoxunun uğurlu fəaliyyəti olur”. 

1993-cü ildə “Sabah” Yaradıcılıq Birliyi yarananda ilk teletamaşa kimi “Ac həriflər” çəkilib: “Hüseynağa o tamaşada aktyorlardan birinin rolunda Cahangir Novruzovla tərəf-müqabil idi. Mənə elə gəlir ki, onun rolu da yetərincə uğurlu bir iş idi. Sonra Hüseynağa “Sabah”da rejissor kimi fəaliyyət göstərdi. Bu studiyada Nazim Hikmətin əsərinə quruluş verdi. Daha sonra Vaqif Əsədov “Sabah”da onu aktyor kimi baş rola dəvət etdi. Nəhayət, 1998-ci ildə mən Hüseynağanı “Fatehlərin divanı”nda İldırım Bəyazid rolunda çəkdim. Onun rolu çox uğurlu alınmışdı. Tamaşada iki gözəl sənətkarı - Hüseynağa Atakişiyevlə Fuad Poladovu üzləşdirdim. Bəlkə də heç bir yerdə onların sənət görüşü olmayıb. Çox məmnunam ki, bu iki aktyoru həmin əsərdə görüşdürdüm. Hüseynağa mənim üçün əziz adam idi. Rəhmətlik anam Ətayə xanım da onun xətrini çox istəyirdi. Anamın teatrda son işi Hüseynağanın quruluş verdiyi Vaqif Səmədoğlunun “Yayda qartopu” adlı əsərində baş rol oldu”.

“Hamıya atalıq qayğısı göstərirdi”

Əməkdar artist Sərvər Əliyev isə Hüseynağa Atakişiyevlə son nəfəsinə qədər bir yerdə çalışıb: “Təkcə rejissor-aktyor kimi birlikdə işləmədik, mən bir dostla, qayğıkeş insanla birgə çalışdım. Belə insan və teatr rəhbəri görməmişəm. O, teatr işçilərinin hamısının - işıqçıdan, qapıçıdan tutmuş aktyora qədər hər kəsin qayğısına qalırdı. Prezident təqaüdü alırdı. Pulu alan gün aktyorları ətrafına toplayır, onlara qonaqlıq verirdi. Kimin özünün və ya uşağının ad günü idisə, ona hədiyyə alırdı”. S.Əliyev mərhum rejissorun yüksək insani keyfiyyətini səciyyələndirən bir xatirəsini də danışır:

“O vaxt çətin dövr idi. Aktyorlar dolanışıq üçün el şənliklərinə gedirdilər. Teatrda tamaşaların cədvəli əvvəlcədən asılırdı və aktyorlar tanış olub, həmin tarixdə toya getmirdilər. Aktyorlardan biri yaxınlaşıb “məni filan tarixdə toya çağırıblar, yaxşı da pul verirlər. Müəllimdən necə soruşaq, o tamaşanın bileti satılıb, yoxsa yox”, - deyə maraqlandı. Gedib vəziyyəti Hüseynağa müəllimə danışdım. Administratoru yanına çağırıb biletlərin satılıb-satılmaması ilə maraqlandı. Biləndə ki, hələ biletlər satılmayıb, “tamaşanın vaxtını dəyişin, filan aktyora toy düşüb, qoy getsin uşağının çörəkpulunu qazansın” dedi. Qastrol səfərlərinə gedəndə də hamıya atalıq qayğısı göstərirdi”. S.Əliyev deyir ki, Hüseynağa Atakişiyev teatrı həyatı qədər sevib, ömrünü bütünlüklə bu peşəyə həsr edib: “Rejissor mütləq zamanı qabaqlamalıdır”, - deyirdi. O, zamanı qabaqlayan rejissor idi. Bilirdi ki, “Hamlet”i, “Maqbet”i, “Aldanmış kəvakib”i və s. tamaşaları nə vaxt qoymaq lazımdır. Aktyorluğuna gəlincə, rejissor aktyor sənətini yaxşı bilməlidir ki, aktyorla işləyə bilsin. O, bunu çox gözəl bacarırdı. Hüseynağa müəllimin necə bir aktyor olduğunu bilmək üçünsə Üzeyir bəy rolunu oynadığı “Uzun ömrün akkordları” filminə, “Ac həriflər”ə, “Fatehlərin divanı”na baxmaq lazımdır. O, əvəzolunmaz aktyor idi”.   

“Teatrda hamı ona “müəllim” deyə müraciət edirdi” 

Aktrisa Hüsniyyə Əhmədova institutu bitirəndən Hüseynağa Atakişiyevin yaradıcısı və rəhbəri olduğu Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb. Hüseynağa Atakişiyev onun yaddaşında böyük hərflərlə yazılan MÜƏLLİM kimi qalıb:

“İnstitutun üçüncü kursunda oxuyanda teatrda bir aktrisa xəstələnmişdi. Gülşad xanım məni teatra dəvət etdi ki, bir dəfə həmin aktrisanın yerinə məşqsiz səhnəyə çıxım. Bu, mənim teatrda ilk işim olacaqdı. Çox həyəcanlı idim. Tamaşa mütləq oynanmalı idi. Çünki biletlər satılmışdı. Tamaşada canlı musiqi ifası da vardı. Mən rolumu oynadım və səhnədən çıxanda müəllimin səhnənin kənarında qaldığını gördüm. Mənə baxıb gülümsədi, həyəcanımı hiss elədi. Elə düşündüm ki, zəif oynamışam. Səhəri gün məni teatra çağırdılar, şəxsi işimə yazılmaqla təşəkkürnamə verildi. Bu, mənə çox böyük ümid verdi. Həmin il bir neçə tələbə Gənclər Teatrına təyinat aldıq”. H.Əhmədova Hüseynağa Atakişiyevi gənclərin hamisi kimi xatırlayır: “Hüseynağa müəllimin böyük ürəyi vardı. Teatrda hamı ona “müəllim” deyə müraciət edirdi. Çünki o, özü bir məktəb idi. Özümü xoşbəxt sayıram ki, onun yaratdığı teatrda işləmişəm. Heyf ki, biz onu çox tez itirdik. Çoxlu arzuları vardı, yeni tamaşalar qurmaq istəyirdi. Azərbaycan teatr və kinosu onun simasında böyük bir sənət fədaisini itirdi”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər