Öz yazdığına özü gülən Con Faulz

XX əsrin ən maraqlı və istedadlı
yazıçılarından olan Con Faulz yaradıcılığında üçüncü böyük əsəri olan "Fransız
leytenantın qadını” ilə romançılıq təcrübəsinə yeni dəsti-xətt gətirib. Bu
əsərdə Faulz qələmini oxucu ilə "paylaşmaqla” yazıçı qarşısına qoyulan
tapşırığı kökündən dəyişdirə bilib. O, zamanı, tarixi, dövrün şərtlərini,
qaydalarını təsvir etməklə, onu yaşadığı dövrlə əlaqələndirməklə sanki oxucunu
"danışdırır”. Bununla da oxucunu həm öz düşüncələrinin, həm də süjetin təsiri
altında saxlayır. Bundan başqa yazıçı bu əsəri ilə ədəbiyyata yeni terminlər
gətirib: Məsələn simulyakr – qəhrəman haqqında yanlış təsəvvürün formalaşması.
Konkret olaraq, romanda baş qəhrəmanlardan biri Sara Vudraf özünü fransız
zabitin məşuqəsi kimi qələm verməklə, cəmiyyəti özünə qarşı çıxarır, onun
nifrətini qazanır. Halbuki Çarlz Smitson sonrakı münasibətlərində onun bakirə
olduğunu öyrənir. Və yaxud postmodernizmdə "pastiş” termini Faulza qədər mövcud
olsa da ən bariz nümunəni məhz "Fransız leytenantın qadını” əsərində görürük.
Özündən əvvəlkini hədəfə alıb, ironiya etmək, eyni zamanda orijinalı
deformasiya etmək xarakteri daşıyır.
Faulza görə Çarlz hiss və borc arasında var-gəl edir. Hiss – Saradır, ona olan məhəbbəti illərlə onu diyar-diyar gəzdirir. Borc – Ernestinadır, nişanlısına sədaqət, bir ömürlük xoşbəxtlik borcu var və həqiqi zadəgan olaraq bu borcunu yerinə yetirməlidir. Ona görə də finalın gözlənilən və ya gözlənilməz bitməsi sual altında qalıb. Sonluğu azərbaycansayağı düşünsək, "Onu bağışlamaq olarmı” sualı arasında çaşıb qalmış müəllif kimi. Bağışlasa qınaq, bağışlamasa təəssüf. Ən rahatı oxucunun qərarıdır, təbii müxtəlif olacaq, amma hər kəs məhkəməsini özü quracaq.
Şəfiqə ŞƏFA
Romanın maraqlı cəhətlərindən biri onun zaman
səyyahı olmasındadır. Yəni əsər XX əsrin ortalarında yazılsa da Viktoriyan
dövründən bəhs edir. Hətta bu dövrlə bağlı yazıçı əsərin ilk fəslində konkret
mənbələrə istinadən geniş tarixi məlumat verir. Buna baxmayaraq, hər fürsətdə
həm özünün, həm də oxucunun hansı dövrdə yaşamasını xatırladır. Məsələn 5-ci
fəsildə belə deyir: "Ernestina 1845-ci ildə doğulmuşdu. Hitler Polşanı işğal
etdiyi ildə isə dünyasını dəyişdi”. İlk baxışdan oxucunu çaşdırır. Hələ
mütaliəyə yeni başlamış gənc oxucular ümumiyyətlə nə baş verdiyini anlamır.
Başqa sözlə, Faulz yeni başlayanlar üçün qətiyyən tövsiyə olunmur, əks təsir
göstərib, ədəbiyyatı neçə-neçə potensial oxucudan məhrum edə bilər. Yazıçı rahatlıqla, bu dövrdən o dövrə
atıla-atıla müqayisə aparır, müasir dünya ilə qarşılaşdırır, beləliklə oxucu
qəhrəmanları və onları yaradan müəlliflə birlikdə iki fərqli zaman kəsiyində
gəzişir. Həm zamanların məsxərəli müqayisəsi, həm əsərin "açıq final”ına görə
rişxəndedici roman kimi də dəyərləndirmək mümkündür. Faulz Viktoriyan dönəminə
səyahət etməklə bir növ, öz ürəyini də boşaldır. Çünki yazıçı daim humanizm
prinsiplərini önə çıxaran qələm ustalarından sayılır. Britaniyada Viktoriyan
epoxası isə öz sərt, puritan diktələri ilə cəmiyyəti "tətik”də saxlayan ən
amansız tarixi dönəmlərdən sayılır. İnsan hissləri, fiziki təmasın, xüsusilə də
qadınların bu barədə düşünməsinin həqarətlə qarşılandığı, hətta dəbin də ən
qəddar şəkil aldığı (qadınlar arıq qalması, solğun görünməsi üçün kimyəvi
turşular içirdilər) bir dövrü hədəf götürən yazıçı bütün eybəcərliyi ilə təsvir
edir. XIX əsrin sonlarına doğru Dumanlı Albion həqiqətən də dumana bürünmüşdü,
amma bu dəfəki təbii deyil, sosial duman idi – cəmiyyətin özünün yaratdığı
qaydalar elə özünü də divara qısnamışdı. Həyati həzlərin, məişət sadəliyinin
yasaqlandığı, insanın öz kölgəsindən, hisslərindən qorxduğu bir dövr... Yazıçı
öz qəhrəmanlarının simasında o zamankı Britaniyanı bizə bütün həqiqətləri ilə
göstərir: Çarlz Smitson – başını itirmiş, müasirliklə keçmiş arasında qalmış
İngiltərə, Ernestina ölkənin ənənələrə sadiq, puritan, dini dəyərlərə önəm
verən siması, Sara Vudraf isə ölkənin öz külündən törəmiş Simurq qəhrəmanı,
şəxsiyyətini, arzularını kölgədə çıxara bilən bir qəhrəman.
Ernestina hər dəfə intim düşüncələrə
qapılarkən özü-özünə qadağa qoyur. Bir qadının cismani həzz haqqında təklikdə
belə düşünə bilmədiyi zamanda Saranın kiminsə məşuqəsi olması, evlənmədən bir
başqasına bəkarətini pozdurması əlbəttə dəhşətli görünə bilərdi. Yazıçı
yaşadığı XX əsrin 60-cı illərindən o dövrə boylananda və oxucunu da zamanla
səyahət etdirəndə iki dövr arasındakı uçurum fərqini göstərir. Faulz
özünəməxsus ədəbi priyomları ilə oxucunu real və mümkünsüz, bilinən və
bilinməyən, doğru və yanlış arasında get-gələ saldıqca onu gerçəyin bütün
acıları ilə üz-üzə qoyur. Viktoriyan dönəmini qamçılayaraq əslində, bu epoxanın
fonunda bilinməz yeni dünya yaradır: hər şeyə - bütün qaydalara, tələblərə
rəğmən sevgi var, insan bütün mənəvi-fiziki həzzi yaşayır. İki dövrü müqayisə
etməklə həm də zamanın hökmranlığının hansı nəticələrə gətirdiyini, insanın
könüllü diktəyə boyun əymə istəyinin fəlakətini göz önünə sərir.
Faulz bu romanda Avropada, xüsusilə də Böyük
Britaniyada qadına münasibətə də toxunur. XIX əsrin sonlarında, XX əsrin
əvvəlində qadınların əvvəlki dövrlə müqayisədə ikiqat əziyyət çəkdiyini önə
sürür. Çünki bu dönəmdə qadın artıq sərbəstliyə yönəlirdi. Müxtəlif idarələrdə
işləyən qadınlara rast gəlinirdi. Ancaq uzun əsrlər boyunca patriarxın
qanadları altında yaşayan qadın gün üzünə çıxmış ətcəbalanı xatırladırdı. Hələ
də kişidən, onun maddi və mənəvi dəstəyindən asılı idi. Elə romanda da Sara
çevrəyə fransız leytenantın məşuqəsi kimi tanınır. Nicatı onunla evlilikdə
görür, amma vədinə xilaf çıxmış zabit geri dönməyincə xəbis sahibənin yanında
xidmətçi kimi çalışır. Qarşısına çıxmış Çarlzdan da maddi yardım istəyərək bunu
əvəzini "cismani xidmət”lə ödəyir. İllərlə onu axtaran Çarlz nəhayət bir
rəssamın evində tapır, bu dəfə də Saranın həyatını məşuqəliklə davam etdirdiyi
ehtimalı ortaya çıxır. Yəni yazıçı işarə edir ki, həmin dövrdə aşağı təbəqədən
olan qadının "dayağ”ı olmadan yaşaması, həyata tutunması mümkün deyildi.
Con Faulz öz qəhrəmanlarını ideallaşdırmır.
Oxucunu da həyata real gözlə baxmağa vadar edir: Çarlz varlı nişanlısı
sayəsində daha da yüksəyə qalxmağa çalışan, başqasına aşiq olan kimi isə
nişanlısının cəmiyyətdə necə xəcalətli qalacağını düşünmədən nişanı pozan
eqoist biri kimi, Saranın isə kişi sayəsində həyata tutunan, qarşılığını bədəni
ilə ödəyən bir qadın olaraq təqdim edir. Təbii ki hər iki qəhrəmanın müsbət
keyfiyyətlərini də önə çıxarmağı unutmur: qəhrəmanlar bütün əziyyətlərə rəğmən
öz arzularının arxasıyca gedirlər. Bir sözlə, burda da oxucunun qənaəti işə
düşür, qəhrəmanları müsbət və ya mənfi dəyərləndirmək onun öz ixtiyarındadır.
Əsərin maraqlı sonluğu tənqidçiləri də
üz-üzə qoyub. Əksər tənqidçilər sonluğun oxucunun ixtiyarına verilməsini
saymazlıq hesab edirlər, belə deyirlər ki, bir neçə gününü müəyyən əsərə həsr
edən oxucunun konkret sonluğu bilməyə haqqı var. A. Dolininə görə, Con Faulz
belə bir seçimi ilə oxucunun hissləri ilə oynayır, hətta qıcıqlandırır. P.
Kuper isə əksini düşünür: onun fikrincə sonluğu oxucunun öhdəsinə buraxmaq
özünü əsərin qəhrəmanı yerinə qoyması üçün yaradılmış bir fürsətdir. Eynilə
rəssamın portret çəkərkən üz cizgilərini göstərməməsi kimi, şəklə baxan hər bir
insan o üzdə özünü təsvir etdiyi kimi belə sonluqlu əsərlərdə də bənzər
təəssüratlar yaşayır. Əgər Con Faulz həqiqətən də Kuprinin iddia etdiyi kimi
düşünüb "açıq final”la əsəri bitiribsə, cəsarətlə demək olar ki, artıq
əziyyətdir. Çünki yaxşı yazılmış, oxucunu özünə bağlaya bilən, təsiri altında
saxlayan istənilən əsər bu keyfiyyətə malikdir: oxucu özünü baş qəhrəmanların
yerinə qoyur. Faulza görə Çarlz hiss və borc arasında var-gəl edir. Hiss – Saradır, ona olan məhəbbəti illərlə onu diyar-diyar gəzdirir. Borc – Ernestinadır, nişanlısına sədaqət, bir ömürlük xoşbəxtlik borcu var və həqiqi zadəgan olaraq bu borcunu yerinə yetirməlidir. Ona görə də finalın gözlənilən və ya gözlənilməz bitməsi sual altında qalıb. Sonluğu azərbaycansayağı düşünsək, "Onu bağışlamaq olarmı” sualı arasında çaşıb qalmış müəllif kimi. Bağışlasa qınaq, bağışlamasa təəssüf. Ən rahatı oxucunun qərarıdır, təbii müxtəlif olacaq, amma hər kəs məhkəməsini özü quracaq.
Şəfiqə ŞƏFA
