Yorğun başlar, sönmüş baxışlar

Ömrümdə
heç vaxt nə sirkdə, nə də heyvanxanada olmuşdum. Bir canlının məcburən
başqasının tamaşasına çevrilməyinə, birinin barmaqlıq arxasından mənə baxmasına
dözə bilmirəm. Ancaq keçən il Pakistanın Lahor şəhərində səfərdə olanda nə
düşündümsə,
yaxınlıqdakı heyvanxanaya getdim. Əslində, ümid elədim ki, belə böyük
heyvanxanada bəlkə barmaqlıq olmaya.
İlk
gördüyüm mənzərədən necə sarsıldımsa, təəssüratından bu gün də qurtula
bilmirəm. Böyük bir məkanda nəhəng bir gərgədan var idi. Qəfəsin ətrafındakı
kiçik uşaqlar səs salıb onu ora bura qovurdular, o yazıq da vurnuxa vurnuxa
qalmışdı. Nəhayət yoruldu, bir daş səkiyə yaxınlaşıb başını onun üstünə qoyub
quruyub qaldı. Daha heç bir səsə reaksiya vermədi. Tamaşaçılar bir az da qışqırışıb
bezib dağıldılar. Yadıma Nitsşenin xəstə vaxtında çəkilmiş rəsmi düşdü –
susqun, yorğun, tamaşaçılara qarşı tam laqeyd. Gərgədan mənə Nitsşedə nəzərdən
qaçırtdığım bəzi şeyləri də "göstərdi”. Bu mənzərədə məni sarsıdan iki şey
oldu. Biri onun gözləri, biri də yorğun başını daş səkinin üstünə qoyması.
Gərgədana
baxanda ilk düşündüyüm şey bu oldu: azadlıqda hamını qorxuya salan, qarşısına
çıxan hər şeyi qeyd-şərtsiz dağıdıb tökən bu nəhəng varlıq necə aciz, necə
yazıq bir vəziyyətdədi. Yəqin indi o, özünün bütün gücünə, bütün heybətli
görkəminə nifrət edir. Balaca bir uşağın səsindən hürküb qaçan gərgədan belə
məkanda bir meymundan daha aşağı səviyyədə qalıb. Meymun oturub insanın
çiynində, halından məmnun şəkildə gələn turistlərlə rəsm çəkdirir. Sahibinə pul
qazandırdığına, əllaməlik edib hər kəsi güldürdüyünə görə "hörmət yiyəsidir”. Bu
əntər balası o qədər azaddır ki, kefi istəyəndə
sahibinin başına çıxır, bezəndə turistin başına bir qapaz da ilişdirə bilir. Yazıq
gərgədanın isə nə bir estetik görkəmi var, nə də insanları əyləndirə bilir.
Olanı qopanı gücüdür ki, burada da o lazım deyil. Heç cür anlaya bilmir ki, onu
niyə burada saxlayırlar. Üstəlik, hər yeri dəmirlə, betonla elə bərkidiblər ki,
gücünü sınamağa şəraiti də yoxdur. Hə, ona hörmət verən bir qarışlıq buynuzu
var, imkanı olsa, onu özü insanlara bağışlayar ki, təki əl çəksinlər ondan.
Gərgədanın
gözlərinə baxa-baxa içim sıxıldı və rəsmini çəkəndə çalışdım ki, qəfəsin
barmaqları düşməsin.
Bəli,
nə qədər qəribə səslənsə də, bu küskün, sönük gözləri insanda da görmüşdüm –
xəstə Nitsşedə. Cəmiyyətdə gördüyü və barışa
bilmədiyi ədalətsizliklər bu dahi insanı o baş bu başa qovdu, hürkütdü, içini
qaraltdı, nəhayət, bütün ümidlərini öldürdü. Onun öz sözləri ilə desək,
cəmiyyətin yuvarlandığı uçuruma baxa-baxa onun öz içində bir uçurum açıldı.
Əsərlərinin birində o, haray salmışdı ki, "Bədbəxtlik! Artıq özünə nifrət
etməyi bacarmayan ən alçaq insanın zamanı yaxınlaşır”. Bu baxışlar o
bədbəxtliyə dözməyən, mənliyi çat verib çökən varlığın ...məğlub baxışlarıdı.
Nitsşenin bir tək bacardığı fəlsəfəsi, bildikləri idi. Elə ki, onu öz
mühitindən ayırdılar, elə fəlsəfəsi ilə bir yerdə döndü oldu muzey eksponatı.
Maraqlıdır, istər insan olsun, istərsə də, heyvan... ümidləri öləndə necə
yazıq, necə laqeyd olurmuş. Hər
varlıq öz mühitində olmayanda aciz duruma düşür, malik olduğu, qürur duyduğu ən
yüksək keyfiyyəti çəkə bilmədiyi yükə çevrilir. Xərclənməyən potensial sanki
ruhunu zərcirləyir. Böyük gücü, xüsusi istedadı olsa da, onun varlığını
yoxluğunu öyrənməyə imkanı da olmur, ən kiçik səsdən hürküb, başını gizlətməyə
yer axtarır. Belə gözlərə baxmaq belə
əzab verir adama.
Sonra düşüncələrim bu dar qəfəsdən, Nitsşenin ağ-qara
rəsmindən kənara çıxdı. Bəli, insan bu maddi dünyanın dar qəfəsinin içində
vurnuxa-vurnuxa özünə bir gün ağlamağa çalışır, qazandıqları – var-dövləti,
övladları üzərində əsə-əsə hər səsdən, hər kəsdən qorxur. Yalnız öz ruhunu
tanıyan bilir ki, bu dəmir barmaqlığa bənzəyən maddiyyatdan kənarda da öz
insanlığını yaşaya, öz gücünü – missiyasını həyata keçirə bilər. Əks halda,
yavaş-yavaş ruhu sönər və bu sönmüş ümidləri ilk göstərən, əks etdirən gözlər
olur. Nitsşenin gözləri nə demək istədiyimi daha aydın çatdırır: "Tanrısı
ölmüş”, gözəlliklərdən məhrum qalmış, elə öz içində yaranmış uçurumun düz
dibinə yıxılmış və təkrar qalxmağa taqəti qalmamış, könlünün ilahi aləmə
qapıları bağlanmış gözlər belə baxır…
Məni sarsıdan ikinci şey, gərgədanın başını
daş səkinin üstünə qoyması oldu. Yalnız bundan sonra fikir verdim, gördüm ki,
gərgədanın başı o qədər böyükdü ki, onu elə-belə sallayıb dura bilmir, mütləq
altına dayaq verməlidi.
Yadıma yorğun başlar düşdü. Təsəvvür elədim ki, bu yaşlı gərgədanın başının
içində, Allah bilir, nələr var. Yanında bir gərgədan-dostu da yoxdu ki, heç
olmasa dərdləşə, başını yoran, ağırlaşdıran bu qədər xatirəni, dərd-səri,
şikayəti paylaşa, yüngülləşə. Ona yemək verən nəzarətçi nə bilsin ki, bu
heybətli bədənin içində bir yazıq ürək çırpınır. Yenə yadıma Nitsşe düşdü...
Xəstə Nitsşeni "eksponata” döndərən bacısının gərgədan nəzarətçisindən fərqi
varıydımı, görəsən? Yazılarının birində yazırdı ki, kaş, bir tələbəm olaydı,
bildiklərimi ona öyrədib, yüngülləşəydim, irəli getməyə gücüm çataydı. Beləcə,
yüklənən başını qoymağa yer tapmadı. Onu yüngülləşdirməyə heç nəyin gücü
çatmadı, danışmağın da. Buna görə, Nitsşe səssizliyi ilə bu günah dolu dünyaya
üsyan etdi. Əcəba, onun arzu elədiyi fövqəlinsan budurmu?! Bu basın nələr
düşündüyünü, nələr çəkdiyini yalnız ürək bilir. Bu
gərgədan da bütün hirsini, üsyanını səssizcə dayanmaqla bildirir. Deyilənə
görə, xəstələnəndən sonra Nitsşe artıq heç vaxt danışmayıb. Necə ki, dahi
heykəltaraş qadın Kamilla Klodel də dəlixanaya salınandan sonra heç vaxt
daşlara ruh verə bilməyib.
Həqiqətən
də, bəzən insanın başı o dərəcədə yorulur ki, bax, bu gərgədan kimi, bir dayaq
axtarır ki, onun üstünə qoyub, səssizcə dayansın. Heç fikir vermisinizmi,
Sizifin gözləri şəkillərdə görünmür. İnanıram ki, bitib-tükənməyən yükünü
daşımaqdan bezməyən o insanın gözündə yəqin ümid işartısı tapmaq olar. Olmasa,
o yükün altında əzilərdi. Bəli, vay o haldan ki, başı hərləməyə bədənin gücü
çatmaya, yaxud gücü çatsa da, iradəsi çatmaya.
Susmaq
kimi güclü bir üsyan varmı görəsən? Yox,
mən insanın dilinin susmasından deyil, ruhun susmasından danışıram. Çünki könül
susmayanda dilə əhəmiyyət vermədən öz istəklərini çatdıra bilir. Mövlananın
dediyinə görə, qamışlıqdan kəsilən qamışın geri dönməyə ümidi var. Buna görə də
o, bağrı para-para olsa da, dərdini danışır. Təsəvvür edin ki, o ümid yoxdur.
Bax, onda o neydən heç bir səs çıxmaz, çünki səsinin eşidilib eşidilməməsi
artıq maraqlı olmazdı onun üçün, o öz səsini unudub, eşitmək istəməzdi.
Çox
nahaq getdim o heyvanxanaya…
