Yolun başlanğıcında

Ədəbiyyata
gələn hər kim öz yazı tərzini, fərdi
manerasını, başqalarından seçilə bilən dəst-xəttini nümayiş etdirməyə çalışır.
Ən böyük arzusu bu olur ki, elə ilk yazılarından onu tanısınlar, sevsinlər.
Amma bu arzuların heç də hamısı çin olmur. Dərk etmək lazım idi ki, burada ən
başlıca meyar istedad amilidir və o da yoxdu. Beləliklə, ədəbiyyata
keyfiyyətlər yox, kəmiyyətlər gəlir. Rus şairi Sergey Yesenin bir şeirində
yazırdı ki: «Bəli, şair olmaq odur ki, gərək pozmayıb həyatın ilk qanununu, öz
damarlarından qanı çəkərək vurub isidəsən özgə qanını. Qoy lap qurbağanın
nəğməsi olsun, Dünyaya təzə bir nəğmə ver ancaq»». Bu gün şairlə onun oxucusu
arasında ən mühüm bir kommunikasiya-əlaqə xətti çox mühümdür. Bunun səbəbi
yazarlardadır desəm, səhv etmərəm. Şeirdən danışsam, deyərəm ki, oxucu artıq
standart, şablon, bir-birini təkrarlayan deyim tərzindən yorulub, çünki ona
təzə söz, təzə ifadə tərzi, bədii təsvir vasitələrinin bənzərsizliyi lazımdı
ki, şairin söylədiyi söz onun ürəyincə olsun.
Yamyaşıl misralar uçur havada,
Birinin üstğünə adım yazılıb.
Açıb oxuyuram göz yaşlarımı,
«Sənin məktubunu aldım» yazılıb.
«Burax bu misranı» şeiri belə başlayır və elə bu bənddə iki insan arasındakı ənənəvi hicran qoxusunu-qorxusunu duyuruq. «Açıb oxuyuram göz yaşlarımı» - təzədir, kimsənin şeirində bəlkə heç təsadüf etməmişəm. Bu misra uğurludur, ona görə ki, sevgi məktubunun daxili inersiyasını ifadə edir.
Hopub üst-başıma qürbət qoxusu,
Tanrıya yazıram bu gileyimi.
Bir misra üzümə çırpır özünü, -
Bu dünya şairə vətən deyilmi?!
Bu bənd tənhalıq içində çırpınan bir qəlbin hay-harayıdır. İnsanın tənhalığı qürbət qoxusunu ona daddırır. Bu tənhalıqdan necə qurtulmaq olar? «Bu dünya şairə vətən deyilmi?!». O yaşıl misranın gözlərinə baxsan, bir günahla üzləşərsən. Ona görə də:
Burax bu misranı qoy uçub getsin,
Dincəlmək vaxtıdır, daha gecədir.
Mənə inanmırsan, özün böilərsən,
Soruş ağaclardan, saat neçədir?
Küçə uşağıdır-gecə işığı,
Adını xəbər al, küçə dilində?
Günün günortası nə olub görən?
Adamlar danışır gecə dilində.
Elə zənn etməyin ki, mən Ülkər Nicatlını ancaq sevgi və bu sevgidən doğan tənhalıq şairi kimi təqdim etmək niyyətindəyəm. Əsla! Ülkər Nicatlı da bu yurdun bir şair qızıdır və Vətəndə baş verən hər bir hadisə (xüsusilə, 90-cı illərdə) onun da ürəyini titrədib. Məni ən çox bir oxucu və tənqidçi kimi razı salan odur ki, Ülkər Nicatlı sözü, ifadəni yerli-yerində işlətməyi bacarır. Ata məzarı önündə necə dayanmaq olar? «Ağrı heykəli tək, qəm heykəli tək, Məzarın başında durmuşam, ata». Onun balaca şəhid Zəhraya həsr etdiyi şeir məncə, ən gözəl şeiridir. Elə bir şeir ki, Ülkər hər dəfə şeir yazanda gərək o şeirə baxsın ki, zəif şeir qələmə almasın:
Bax ürəyin xal yerindən,
Yarasının al yerindən,
Körpə dilin lal yerindən,
Bir misra çək, bir misra çək.
Bəxtim, düşsün daş başına,
Qar tez yağır yaddaşına.
Qələm batır göz yaşına,
Bir səhra çək, bir səhra çək.
Bir layla sərin üstünə,
Bir körpə qəbrin üstünə.
Allah, öz səbrin üstünə
Bir Zəhra çək, bir Zəhra çək.
Təbii ki, ilk şeirlər kitabında Ülkər Nicatlının ən yaxşı şeirləri ilə müqayisədə şeriyyət boyu mənasında gödək, balaca, ortabab şeirləri də var. Məsələn, «Ölü kimiyəm», «Qaytar», «Gəl», «Sənin eşqini» şeirlərində qafiyə də, vəzn də yerindədir, fikir də var, amma onlara şeir demək mümkün olmur.
Mən Ülkər Nicatlı adlı bir gənc şairdən söz açdım. Ona nə arzulaya bilərəm? Standart fikir söyləmək istəmirəm. Əli Kərimin bu misralarıyla sözümü bitirirəm:
Barışma kədərlə,
Hər şeyə biganə olarsan.
Barışma sevinclə
Sərməst qalarsan.
Mübarizəylə barış,
Axtarış lazımdır,
Axtarış!
Ülkər Nicatlıya da poeziya axtarışları arzulayıram!
Vaqif Yusifli
Filologiya elmləri doktoru