Yerli qaz sayğaclarında ciddi problem yaşanmayıb

Yerli istehsal olan sayğaclardan istifadə edilməsi maliyyə baxımından daha uyğundur. Bu, ölkədən xarici valyutanın çıxmasının qarşısını alır.
“İndiyə qədər "Gəncə Cihazqayırma Zavodu" ASC-nin istehsal etdiyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin tətbiq etdiyi qaz sayğaclarında ciddi bir problem yaşanmayıb”. “Report” xəbər verir ki, bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında bildirib.
"Təbii ki, kiçik istisnalar hər zaman mövcuddur. Biz "Gəncə Cihazqayırma Zavodu"nun istehsal etdiyi məhsullarla hələ ki, ciddi bir problem yaşamamışıq. Ümid edirik ki, bundan sonra da problem yaşamayacağıq. Bundan sonrakı addımlarımız da zavodun məhsullarının istehsalına rəvac verəcək”, - deyə o qeyd edib.
500 minə yaxın qaz sayğacı alınıb
"Azəriqaz" rəsmisi deyib ki, indiyə qədər onlar zavoddan 500 minə yaxın qaz sayğacı və 300-ə yaxın ölçü qovşağı alıblar və tətbiq edirlər: “Artıq Bakı və Abşeron daxil olmaqla, Azərbaycanın istənilən regionunda bu sayğaclar tətbiq edilir. Onlar beynəlxalq standartlara uyğun istehsal olunur. Tələbatın artması nəzərə alınaraq, "Gəncə Cihazqayırma Zavodu"nun istehsal gücünü artırması gündəmdədir.
"Bu zavodun məhsullarına ona görə üstünlük verilib ki, ilk növbədə dövlət başçısı daim yerli sahibkarlığın stimullaşdırılması ilə bağlı dövlət qurumlarına göstərişlər verir. “Azəriqaz” da bunu nəzərə alaraq, məhz "Gəncə Cihazqayırma Zavodu" ilə əməkdaşlıq edir. Bunun üstünlükləri də var. Xaricdən idxal olunan cihazlarla bağlı hansısa problem yarananda onların təmirini həyata keçirə bilmirdik. Burada logistika çox böyük önəm daşıyır”.
Maliyyə baxımından daha uyğundur
Eldəniz Vəliyev bildirib ki, belə sayğacların istehsalçı ölkəyə qaytarılması, təmiri və yenidən istismara buraxılması böyük prosesdir, maliyyə imkanlarına bağlı məsələdir. Bu baxımdan "Gəncə Cihazqayırma Zavodu" ilə problem yaşanmır: “Çünki Azərbaycanda bu prosesin reallaşması daha tez və maliyyə baxımından daha uyğundur. Bu, eyni zamanda ölkədən xarici valyutanın çıxmasının qarşısını alır. Bu baxımdan da güman edirik ki, “Azəriqaz”ın "Gəncə Cihazqayırma Zavodu" ilə əməkdaşlığı çox böyük avantajdır. Eyni zamanda, zavodda xeyli sayda insan çalışır ki, bu da işsizlik probleminin aradan qaldırılmasında prioritet hesab olunur”, - deyə o əlavə edib.
