• şənbə, 17 May, 15:55
  • Baku Bakı 19°C

Operativlik yaratsa da, çökmə riski var 

17.05.25 04:26 128
Operativlik yaratsa da, çökmə riski var 

Hər il müxtəlif dövlət portallarında və onlayn müraciət sistemlərində yüklənmələr, texniki nasazlıqlar, sistemlərin çökməsi ilə bağlı xəbərlərlə tez-tez rastlaşırıq. Bu hallar, xüsusilə vətəndaşların eyni vaxtda sistemə kütləvi şəkildə müraciət etdiyi dövrlərdə baş verir.

Dövlət qurumlarının fəaliyyətində elektron xidmətlərə keçid rahatlıq və operativlik yaratsa da, texniki problemlər də az deyil. Demək olar ki, hər il müxtəlif dövlət portallarında və onlayn müraciət sistemlərində yüklənmələr, texniki nasazlıqlar, sistemlərin çökməsi ilə bağlı xəbərlərlə rastlaşırıq. Bu hallar, xüsusilə vətəndaşların eyni vaxtda sistemə kütləvi şəkildə müraciət etdiyi dövrlərdə baş verir. Məsələn, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi, uşaqların birinci sinfə elektron qəbulu, digər sosial proqramlara müraciətlər, güzəştli ipotekalara müraciət vaxtı sistem çökməsi halları artıq adi hal alıb.
Ötən həftə də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində problem yaranıb. Müsabiqənin vakansiya seçiminin sonuncu günü iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid etmək istəyərkən “sürpriz”lə qarşılaşıblar. Belə ki, vakansiya seçiminə buraxılan müəllimlər bazar günü saat 17.00-dan sonra www.miq.edu.az/yerdeyishme saytında şəxsi səhifələrinə daxil ola bilməyiblər.

Bəs bu problemlərin kökündə hansı səbəblər dayanır? Dövlət qurumlarının sistemləri niyə çökür? Bu qədər hadisədən sonra niyə elektron xidmətlər hazırlanarkən bu risklər nəzərə alınmır? 

“İstifadəçi sayı əvvəlcədən düzgün proqnozlaşdırılmır”

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, elektron sistemlərin çökməsinin ən əsas səbəblərindən biri server resurslarının qeyri-adekvat planlaşdırılmasıdır: “Yəni, sistemə eyni anda daxil olan istifadəçi sayının əvvəlcədən düzgün proqnozlaşdırılmaması və ona uyğun infrastruktura investisiya qoyulmamsıdır. Bunun nəticəsində yük altında sistemlər çökür. Həmçinin bəzi sistemlər monolitik memarlıq üzərində qurulub və bu da miqyaslana bilmə problemlərinə səbəb olur. Digər bir vacib amil isə proqram təminatında performans və optimizasiya baxımından olan zəifliklərdir. Kod səviyyəsində düzgün yazılmamış funksiyalar və verilənlər bazası sorğularının optimallaşdırılmaması da çöküşləri artırır”.

Ya köhnə texnologiyalar üzərində qurulub, ya da...

Mütəxəssisin sözlərinə görə, bir çox dövlət qurumlarında istifadə edilən proqram təminatları ya köhnə texnologiyalar üzərində qurulub, ya da vahid standartlara uyğun deyil: “Bu da sistemlərarası inteqrasiya və təhlükəsizlik baxımından problemlər yaradır. Eyni zamanda, avtomatik yük balanslaşdırma, yedəkləmə (backup) və real vaxt monitorinq sistemlərinin olmaması infrastrukturun zəifliyinə işarədir. Bulud texnologiyalarından və konteyner əsaslı arxitekturalardan (məsələn, Kubernetes) istifadə olunmaması elastikliyi və mövcudluq səviyyəsini aşağı salır”.

Serverlərin yüklənməməsi üçün nə etməli?

“Server yüklənməsinə qarşı hansı qabaqlayıcı tədbirlər tətbiq edilməlidir?” sualına gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, sistemlər ilk növbədə bulud əsaslı və ya hibrid infrastruktur üzərində qurulmalıdır ki, tələbat artdıqda avtomatik şəkildə resurslar genişlənsin (auto-scaling): “İkinci mühüm addım isə yük balanslaşdırıcılarının (load balancer) tətbiqidir. Bu texnologiya sayəsində istifadəçi sorğuları birdən çox server arasında bölüşdürülür və bir serverin sıradan çıxması sistemin bütövlükdə dayanmasına səbəb olmur. Eyni zamanda, stres testlər (yük testləri) mütəmadi keçirilməli, sistemin pik vaxtlardakı davranışı əvvəlcədən təhlil edilməlidir. Əlavə olaraq, mikroservis memarlığına keçid və “failover” mexanizmlərinin qurulması da çökmələrin qarşısını almaqda mühüm rol oynayır”.

İstifadəçi sayı ilə bağlı texniki məhdudiyyətlər var 

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirir ki, bəzi hallarda Azərbaycanda dövlət qurumlarının geniş əhali kütləsinə təqdim etdiyi elektron xidmətlərin çökməsi, həmin sistemlərin eyni anda müəyyən sayda istifadəçini qəbul etməyə texniki baxımdan hazır olmaması ilə bağlıdır: “Xüsusilə qeydiyyat və sənəd qəbulu kimi proseslər zamanı sistemlərin yüklənməsi və fəaliyyətinin dayanması hallarına rast gəlinir. Bu isə vətəndaşların narazılığına və xidmətin əlçatanlığının məhdudlaşmasına səbəb olur. Düşünürəm ki, bəzi dövlət elektron sistemlərində eyni anda xidmət göstərə biləcəyi istifadəçi sayı ilə bağlı texniki məhdudiyyətlər mövcuddur. Məsələn, əgər sistem paralel olaraq maksimum 100 min istifadəçiyə xidmət göstərə biləcək şəkildə qurulubsa, lakin eyni vaxtda 200 min nəfər sistemə daxil olmağa çalışarsa, bu zaman texniki yüklənmə baş verir və nəticədə sistemdə çökmə halları müşahidə olunur”.

Eyni anda böyük tələbat yaranarsa...

İKT mütəxəssisi vurğulayır ki, bu hal təkcə dövlət qurumlarında deyil, qlobal miqyasda özəl sektorda, şirkətlərdə də müşahidə olunur: “Əgər hər hansı bir xidmətə eyni anda böyük tələbat yaranarsa, sistemin imkanlarından asılı olaraq çökmə mümkündür. Bu, istər vebsayt, istərsə də digər elektron xidmətlər ola bilər. Belə halların qarşısını almaq üçün sistemlərin eyni vaxtda çoxsaylı müraciətləri qəbuletmə qabiliyyəti yəni, istifadəçi yükünə uyğun optimallaşdırılması təmin edilməlidir. Yalnız bu halda sistemin davamlılığı artır və çökmə halları minimuma endirilir”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər