Fədakarlığın, paylaşmağın simvolu

Qurban bayramı qardaşlığı, dostluğu, fədakarlığı, xeyirxahlığı ehtiva edir. Bu günlər müsəlmanlar üçün həm ibadət, həm də sosial həmrəylik baxımından xüsusi əhəmiyyət daşıyır.
İyunun 6-7-də Azərbaycanda Qurban bayramı qeyd edilir. Bu bayram İslam dünyasında iki müqəddəs bayramlardan biridir. Hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Qurban bayramı qardaşlığı, dostluğu, fədakarlığı, xeyirxahlığı ehtiva edir. Bu günlər müsəlmanlar üçün həm ibadət, həm də sosial həmrəylik baxımından xüsusi əhəmiyyət daşıyır. Bu günlərdə insanlar bir-birinə qarşılıqlı hörmət və sevgi ilə yanaşır, ehtiyacı olanlara yardım edir və birlikdə bayramın sevincini bölüşürlər.
Bayramın əhəmiyyəti, qaydaları, düz bildiyimiz səhvlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədovla söhbətləşdik.
Fədakarlığın və nəfs tərbiyəsinin ifadəsi
Qurban bayramı İbrahim Peyğəmbərin Allaha olan itaətkarlığını və sədaqətini simvolizə edən hadisəyə əsaslanır. Əfsanəyə görə, Allah İbrahim Peyğəmbərdən oğlu İsmayılı qurban verməsini istəmiş, lakin onun itaətkarlığını gördükdən sonra bu əmrini ləğv edərək, əvəzində bir qoç göndərmişdi. Bu hadisə, müsəlmanlar üçün Allaha olan sədaqətin və fədakarlığın rəmzi olaraq qəbul edilib.
Elvüsal Məmmədov deyir ki, qurban kəsməyin fəlsəfəsi dərindir: “Qurban ibadəti özündə dərin mənalar və mühüm ictimai-mənəvi mesajlar daşıyır. Bu ibadət yalnız heyvan kəsməkdən ibarət deyil, Allaha itaət, təqva, ixlas, paylaşmaq və fədakarlıq kimi anlayışları özündə birləşdirir. Qurban kəsmək, ilk növbədə, Həzrət İbrahim Peyğəmbərin Allaha qeyd-şərtsiz itaətinin təcəssümüdür. O, ilahi əmri tərəddüdsüz yerinə yetirməyə hazır oldu və bu itaət simvolik olaraq bu gün də davam etdirilir. Müsəlmanlar qurban kəsərək bu itaəti və səmimiyyəti yaşadır, həyatlarına tətbiq edirlər. Bu ibadət, eyni zamanda, fədakarlığın və nəfs tərbiyəsinin ifadəsidir. İnsan öz malından xərcləyərək həm maddi, həm də mənəvi mənada nəfsini tərbiyə edir. "Qurani-Kərim"də qeyd olunur: “Onların nə əti, nə də qanı Allaha yetişər, Allaha yetişən yalnız sizin təqvanızdır”. Bu ayə göstərir ki, qurbanın əsas mahiyyəti ixlas və Allaha yaxınlaşmaq niyyətidir. Qurban, insanın təqvasını, Allaha olan sevgisini və səmimiyyətini göstərməyin bir yoludur. Bu səbəbdən qurban ibadəti müsəlman üçün təkcə dini rituallar toplusu deyil, həm də mənəvi yüksəliş vasitəsidir”.
“Ailə büdcəsini çətin vəziyyətə salacaqsa...”
İlahiyyatçı bildirir ki, qurban kəsmək məcburi ibadət deyil. Maddi cəhətdən imkanı yaxşı olan qurban kəsə bilər: “Bu ibadət sünnət olaraq qəbul edilir. Maddi imkanı olan müsəlman üçün qurban kəsmək tövsiyə olunan və savab bir əməldir. Əgər bir insan borc içində deyilsə, gündəlik ehtiyaclarını rahat şəkildə qarşılayırsa və əlavə vəsaiti varsa, onun qurban kəsməsi məqbul sayılır. Lakin bu ibadət şəxsin yaşayışına mənfi təsir göstərməməlidir. Əgər qurban kəsmək ailə büdcəsini çətin vəziyyətə salacaqsa, bu zaman həmin şəxs bu ibadətdən azaddır. Peyğəmbərimiz də qurbanı yalnız imkanı çatan şəxslərin kəsməsini tövsiyə edib. Ən vacibi isə budur ki, qurban kəsərkən niyyət səmimi olmalı, bu əməl heç bir şəxsi maraq güdülmədən, yalnız Allah rizası üçün yerinə yetirilməlidir. Kəsilən qurbanlıq ətlər üç hissəyə bölünərək, bir hissəsi ailəyə, digər hissəsi qohumlara və dostlara, üçüncü hissəsi isə ehtiyacı olanlara paylanır. Bu, cəmiyyətimizdə birlik, bərabərlik və xeyirxahlıq ənənələrinin gücləndirilməsinə xidmət edir”.
Qoç, iribuynuzlu mal-qara, dəvə
Qurban bayramında kəsilən heyvanlarla bağlı müəyyən şərtlər var. Yəni, hər heyvanın ətini qurbanlıq hesab edə bilmərik. Həmsöhbətimiz deyir ki, qurbanlıq heyvan kimi qoç, iribuynuzlu mal-qara (məsələn, dana) və ya dəvə seçilə bilər: “Ən məqsədəuyğun olanı erkək heyvanın seçilməsidir. Qurbanlıq qoçun ən azı bir yaşında olması tövsiyə olunur. Lakin əgər 6-7 aylıq heyvan bir yaşındakı kimi görünürsə, onu da qurban kəsmək olar. Dana və dəvənin isə ən azı bir yaşında olması daha münasib sayılır. Qurbanlıq heyvanın bədənində hər hansı bir fiziki qüsur - buynuzunun və ya qulağının əskik olması, topallıq, göz çatışmazlığı və ya axtalanmış olması - onun kəsilməsini məsləhətsiz edir. Seçilən heyvan sağlam və zahirən gözəgəlimli olmalıdır. Çünki bu heyvan Allah rizası üçün qurban edilir və Ona təqdim ediləcək qurbanlıq da layiqli olmalıdır”.
“Maddi mənfəət güdmək yolverilməzdir”
Qurbanlıq heyvanın ətindən və dərisindən qazanc əldə etməyə gəldikdə isə, ilahiyyatçı vurğulayır ki qurbandan maddi mənfəət götürmək yolverilməzdir: “Qurbanlıq heyvandan qazanc məqsədilə istifadə etmək düzgün deyil. Qurban ibadəti yalnız Allah rizası üçün edilir və ondan maddi mənfəət götürmək yolverilməzdir”.
Aygün Əziz
