bazar ertəsi, 05 dekabr, 08:48

Baku Bakı 3°C

Yeni dövrün çağırışlarına uyğun keyfiyyətli təhsil - MÜSAHİBƏ

icon 900 icon 17 sentyabr 2022 | 00:45 Yeni dövrün çağırışlarına uyğun keyfiyyətli təhsil - MÜSAHİBƏ

Bu gündən təhsil ocaqları qapılarını şagirdlərin üzünə açır. 2021-2022-ci dərs ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün postpandemiya dövründə qarşıda duran vəzifələrin reallaşdırılması baxımından görülən məqsədyönlü işlər, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bir sıra nailiyyətlər, yeniliklərlə zəngin təhsil ili kimi yaddaqalan oldu.

Kaspi.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın müsahibəsini təqdim edir.

- Paytaxt məktəbləri yeni dərs ilinə necə hazırlaşıb?

- Azərbaycan ümumi təhsilinin flaqmanı olan paytaxt təhsilində - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə çoxsaylı işlər görülüb, layihələr reallaşdırılıb, nailiyyətlər qazanılıb. Qarşımızda yeni, eyni zamanda, məsuliyyətli bir tədris ili var. Təhsil sahəsi ölkənin inkişafını müəyyənləşdirən əsas sahə olduğundan cəmiyyətin gələcəyi müəllimlərdən, təhsil işçilərindən asılıdır. Məktəb nə qədər keyfiyyətli təhsil, hərtərəfli tərbiyə verəcəksə, cəmiyyətimiz və dövlətimiz də bir o qədər güclü və qüdrətli olacaq. Yeri gəlmişkən, Azərbaycanda elm və təhsillə bağlı həyata keçirilən dövlət siyasəti, xüsusilə Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq Fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin yaradılması, ilk növbədə, ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiyasına şərait yaradacaq. Bu qərar məktəblərdə tədqiqatyönümlü işlərin geniş vüsət almasına, şagirdlərdə elmi yaradıcılığa marağı artırmağa kömək edəcək. Bir sözlə, yeni çağırışların, islahatların tərkib hissəsi olan bu sənəd, onun əsasında təhsilin və elmin vəhdətinin yaradılması ölkəmizin gələcək inkişafına böyük töhfə verəcək. Digər bir vacib sənəd - “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamdır ki, bu sənəddə də təhsilin bütün pillələri üzrə gələcək inkişafını nəzərdə tutan hədəf və məqsədlər yer alıb. Sərəncamdan irəli gələn və müasir texnologiyalara əsaslanan təhsil infrastrukturunun yaradılması, keyfiyyətli insan kapitalının hazırlanması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası kimi prioritet-strateji istiqamətlər yeni bir islahat dövründən xəbər verir.

-Yeni tədris ilində paytaxtdakı təhsil müəssisələrinin ümumi statistik mənzərəsi necədir? Bakı məktəblərində nə qədər şagird təhsil alacaq?

- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində ümumilikdə 659 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 312-si ümumi təhsil məktəbi, 339-u məktəbəqədər təhsil müəssisəsi, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i isə əyani-qiyabi axşam məktəbidir. 2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində 485 000-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 28 739 müəllim məşğul olacaq. Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə 36 465 uşaq cəlb olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində 4 290 tərbiyəçi-müəllim çalışır. Məktəbəqədər təhsil müəssisələrinə, məktəbəhazırlıq qruplarına və birinci sinfə elektron sistem vasitəsilə qeydiyyat təhsil sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tərkib hissəsidir. Elektron qeydiyyat sistemi şəffaflığın təmin olunmasına, vətəndaş məmnunluğunun artırılmasına zəmin yaradır, sosial ədalət prinsipinə əsaslanır, təhsil müəssisələrini və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir. Yeni dərs ili üçün 46 000-dən çox şagird elektron qeydiyyatdan keçib. Onlardan 45 784 nəfəri ümumi təhsil məktəbləri, 326 nəfəri isə lisey və gimnaziyalar üzrədir. Məktəbəhazırlıq qruplarına gəlincə, paytaxtın 281 ümumi təhsil müəssisəsində ümumilikdə 1 185 qrupun yaradılması, 29 320 beşyaşlının məktəbəhazırlığa cəlb olunması gözlənilir.

- Paytaxt məktəblərinin infrastrukturunun yaxşılaşdırlması istiqamətində hansı işlər görülüb?

- Təhsil infrastrukturu dövlətin daim diqqət mərkəzində olan bir məsələdir. Son illər ölkədə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. Ötən tədris ilində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Dörd təhsil müəssisəsinin – 71, 88, 292 və 304 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Bir neçə gün öncə Prezident İlham Əliyevin Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 nömrəli tam orta məktəb və Suraxanı rayonunda yeni inşa edilmiş 87 nömrəli tam orta məktəb kompleksində yaradılan şəraitlə tanışlığı, Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirakı, həmçinin bu yaxınlarda birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında iştirakı təhsil infrastrukturuna dövlət qayğısının daha bir nümunəsi idi. “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər yaxşı məktəblərdə işləməlidirlər”- deyən dövlətimizin başçısı bu fikrini reallığa çevirərək məktəblərin müasir tələblər səviyyəsində qurulması, müəllim və şagirdlər üçün hər cür şəraitin yaradılması istiqamətində qayğı və dəstəyini əsirgəmir. Yeni dərs ilinə hazırlıq çərçivəsində 8 yeni məktəbin inşası başa çatdırılıb, 4 məktəbdə əsaslı təmir və tikinti işləri aparılıb, 23 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri yerinə yetirilib. Dərsliklərlə təminat məsələsinə gəlincə, yeni dərs ili ərəfəsində məktəblərə 2 456 587 ədəd dərslik çatdırılıb, müəllimlər üçün 304 778 ədəd metodiki vəsait təqdim edilib.

- 2022-2023-ci tədris ilinin əsas prioritetləri nədən ibarətdir?

- Əvvəldə də qeyd etdiyim kimi, bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Məktəb elə bir məkandır ki, uşaqlarımızın gələcəyinin əsası məhz burada qoyulur. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. Hər bir xalqın rəqabətə davamlılığı, ümidli gələcəyi bilavasitə təhsil sahəsində qazanılan nailiyyətlərlə bağlıdır. BMT tərəfindən XXI əsrin “Təhsil əsri” elan edilməsi əslində bəşəriyyətə ünvanlanmış bir mesajdır. Bu, bir reallıqdır ki, inkişafın mənbəyində yalnız təhsil, təhsilli cəmiyyət dayanır. Prezident İlham Əliyevin də dediyi kimi, “Təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər çox artacaq. Bununla paralel olaraq, təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır”. Ölkəmiz üçün müasir düşüncəli və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında ən kütləvi təhsil sahəsi məhz ümumi təhsildir. Ona görə də təhsilin bu pilləsinin səmərəlilik və keyfiyyətinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzindədir. Bakının ölkənin elm və mədəniyyət, intellektual və beyin mərkəzi olması, digər tərəfdən, ölkənin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin təxminən üçdəbirinin burada cəmlənməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, paytaxt üzrə təhsil işçilərinin qarşısında daha böyük öhdəliklər qoyur. Yeni dərs ilində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda vurğulandığı kimi, ümumi təhsildə səriştə əsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi əsas hədəflərdəndir. Bu işdə bütün təhsil işçilərinə uğurlar arzu edirəm. İnanıram ki, ölkə təhsilinin flaqmanı olan Bakı təhsili Strategiyada təhsillə bağlı qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində bundan sonra da əlindən gələni əsirgəməyəcək, bu tarixi sənəddə təsbit olunan hədəflərə çatmaqda həlledici qüvvə olacaq. Artıq ikinci ildir ki, yeni tədris ilinə Zəfər tarixinin yaratdığı qürur hissi il qədəm qoyuruq. Bu gün hamılıqla Qarabağa böyük Qayıdışın həyəcan və sevincini yaşayırıq. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi, kiçik bir həyat nişanəsi belə tapmaq mümkün olmayan doğma yurd yerlərimizdə yeni həyat qurulur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə erməni işğalından azad olunmuş torpaqlarda çoxşaxəli silsilə layihələrin uğurlu həllinə şahidlik edirik. 29 ildən sonra Zəngilanda ilk məktəb zənginin çalınması, bu zəngin sevincini yaşayan məktəblilərin xoşbəxt anlarını görmək hər kəs üçün böyük bir bəxtiyarlıqdır. İşğal nəticəsində xarabalığa çevrilən məktəblərimizdə çalınacaq zənglər övladlarımızı elmin sirlərini öyrənməyə səsləyəcək. Əminik ki, azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük quruculuq işlərinə təhsil sisteminin yetişdirdiyi vətəndaşlar öz layiqli töhfələrini verəcəklər. Ötən tədris ilində olduğu kimi, Azərbaycan Ordusunun Vətən müharibəsində Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası yeni dərs ilində də qarşıya qoyulan hədəflərdəndir. Növbəti tədris ilində də bu tendensiyanı davam etdirəcəyik, çünki Vətənimizə qalibiyyəti qazandıranlara ehtiram, vəfa borcumuz var. (AzərTac)