• çərşənbə, 15 Yanvar, 14:54
  • Baku Bakı 6°C

Yaxın Şərq yenə çalxalanır

03.08.24 04:52 3921
Yaxın Şərq yenə çalxalanır

HƏMAS-ın siyasi qolunun lideri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsi dünyanı şoka salıb. İsrail sui-qəsdə görə ittihamları rədd edir, İran rəsmiləri isə bəyan ediblər ki, HƏMAS liderinin qisasını almaq onların borcudur.

İranda baş verən hadisələr dünyanın diqqətindədir. Prezident Məsud Pezeşkianın andiçmə gününün səhəri HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsi tək regionu deyil, dünyanı şoka salıb. İlkin məlumatlara görə, Haniyənin gecələdiyi villaya İsrailə məxsus PUA raket zərbəsi endirib. Zərbənin İsrail Hərbi-Hava Qüvvələrinin "F-35" təyyarəsi vasitəsilə endirildiyi barədə də iddialar var. 
İsrail sui-qəsdə görə ittihamları rədd etsə də, buna önəm verən yoxdur. İran rəsmiləri artıq bəyan ediblər ki, İsmayıl Haniyənin qisasını almaq onların borcudur. İranın ali dini lideri ayətullah Əli Xamenei deyib ki, Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı. İran rejimi üçün Haniyənin Tehranın tam mərkəzində öldürülməsi ikiqat biabırçılıqdır. Belə ki, Tehranı Qəzzadan, Ramallahdan daha təhlükəsiz bilənlər yanıldılar. Yəqin ki, bundan sonra Tehranda tədbir və toplantı keçirməkdən də ehtiyat edəcəklər. Bununla İranın təhlükəsiz olmadığının mesajı verildi. Bu, həm də ölkənin müdafiə və kəşfiyyat güclərinə, özünü regionun ağası sayan SEPAH-a xəbərdarlıq kimi qiymətləndirilir. 

Yenicə and içən Pezeşkiana mesaj

Haniyənin qətlinin səbəbləri və kimlər tərəfindən törədilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Qeyd olunur ki, bu, yenicə and içən islahatçı prezidentə müxtəlif dairələrin xəbərdarlığıdır. Digər bir ehtimal da odur ki, HƏMAS-ın hərbi qanadının Haniyə ilə münasibətlərində ciddi problemlər olub. Yaxın Şərqdə müharibənin alovlanmasını, Türkiyənin və İranın da münaqişəyə cəlb olunmasını istəyən qüvvələr də bunu edə bilərlər. Belə ki, Haniyənin Türkiyə hökuməti ilə də yaxın münasibətləri var idi və cibində Türkiyə pasportu daşıyırdı. 

İranın “qisas bayrağı” 

Qisas alınacağına gəldikdə, artıq Qumda Çəmkəran məscidində qırmızı bayraq qaldırılıb. Adətən, İranda qırmızı bayraq ağır itkilər və ya intiqam çağırışı zamanı qaldırılan qisas simvolu hesab olunur. Qırmızı bayrağı qaldırmaqla, İran Haniyənin qisasını alacağına diqqət çəkib. Qeyd edək ki, İran qırmızı bayrağı sonuncu dəfə bu ilin yanvarın 3-də Kirman vilayətində İŞİD-in törətdiyi terror aktından sonra qaldırmışdı. 

Haniyənin xələfi kim olacaq? 

İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS-ın yeni rəhbərinin kim olacağı ilə bağlı müxtəlif iddialar yayılmaqdadır. İsrail mediasında ən çox səslənən versiyalar arasında Xalid Maşalın adı çəkilir. Məlumata görə, Maşal 2025-ci ildə keçiriləcək seçkilərə qədər HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edəcək. Təşkilat daxilindəki müzakirələrdə də onun namizədliyi geniş dəstək görüb.

 
Bir gündə iki sui-qəsd

İndi hər kəsi bir sual düşündürür. İsmayıl Haniyənin Tehranda öldürülməsi regional münaqişəyə çevrilə bilərmi? Əslində İsrail tərəfindən bu təhlükəni tətikləyən başqa addımlar da atılır. Haniyənin öldürülməsi ilə eyni gündə Livanda İranın əsas proksi qüvvəsi sayılan "Hizbullah"ın məşhur komandiri olmuş Fuad Şükür də aviazərbələr nəticəsində qətlə yetirilib. Hansı ki, o, mənsub olduğu təşkilatın lideri Həsən Nəsrullahın əsas adamı sayılırdı. Bütün bu hadisələr İran-İsrail-Fələstin oxunda hədəflərin dəyişəcəyi ehtimalını gücləndirir.

Türkiyə Milli Kəşfiyyat Akademiyasının vitse-prezidenti Hakkı Uyğur "Milliyyət"ə açıqlamasında bildirib ki, İranın təhlükəsizliyinə sızmaq yeni bir şey deyil. İranın Livan vasitəsilə qisas ala biləcəyini ifadə edən Uyğurun sözlərinə görə, Təl-Əvivlə Tehran arasında birbaşa toqquşma inandırıcı deyil. "Hizbullah"ın daha təsirli cavab verməsi ehtimalı yüksəkdir", - deyə o bildirib. 

İsrailin hədəfləri

Ekspertlər İsrailin Haniyə sui-qəsdindən hansı məqsədlər üçün yararlanacağına, hədəflərinin nə olduğuna dair maraqlı məqamlara diqqət çəkiblər. İsrailin Baş naziri Benyamin Netanyahunun 7 oktyabrdan sonra bölgənin xəritələrinin dəyişəcəyini dediyini xatırladan türkiyəli ekspert Hakkı Uyğurun sözlərinə görə, Təl-Əviv bu hücumu regional dizayn üçün bir fürsət olaraq görür. 
Sui-qəsdin həm də Təl-Əviv üzərində Qəzzada atəşkəs basqısını azaltmağa hesablandığını düşünənlər də var. Karnegi Fondunun Yaxın Şərq Mərkəzinin baş elmi işçisi, professor Abdullah Baabud atəşkəs danışıqlarına Haniyənin rəhbərlik etdiyini və bu prosesdə onun iştirakının vacib olduğunu vurğulayıb. 

İranşünas Mehmet Koç isə bu qənaətdədir ki, Haniyə sui-qəsdində məqsəd İranı İsraillə birbaşa müharibəyə cəlb etməkdir. Netanyahunun ən başlıca hədəfi isə İranın hücumu fonunda ABŞ-nin bu müharibəyə daxil olmasına nail olmaqdır. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər