AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yaponiyada telekommunikasiya şirkətində çalışan azərbaycanlı - MÜSAHİBƏ

Yaponiyada telekommunikasiya şirkətində çalışan azərbaycanlı - MÜSAHİBƏ

MüsahibəGənclik qəzeti
18 Sentyabr 2021, 10:30 2487
Ziya Axundov: "Risk etmək lazımdır. Mən birinci dəfə ehtiyat edib xaricdə iş təklifinə "yox” demişdim. Böyük şirkətlərdə işləyənlərin texnoloji savadları, dünyagörüşləri bizim insanların texniki savadından, dünyagörüşündən çox deyil”
 
İlk dəfə xarici ölkədən iş təklifi alanda tərəddüd edir. Düşünür ki, beynəlxalq təcrübəsi yoxdur, birdən gedər, idarə edə bilməz və s. İndi təcrübəli şəxs olaraq yanaşanda deyir ki, ovaxtkı təcrübəsi o işi görməyə tam qadir idi. Ancaq ikinci təklifdən imtina etmir və ondan sonra artıq karyerasına xarici şirkətlərdə davam edir. Söhbət Yaponiyanın texnoloji yeniliklərin tətbiqi cəhətdən öndə gedən 4-cü böyük mobil operatoru "Rakuten Mobile”da "Ağıllı Şəbəkə Təminatı” bölməsinin meneceri vəzifəsində çalışan azərbaycanlı Ziya Axundovdan gedir. 
 
Qeyd edək ki, Z.Axundov 1984-cü ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub və orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində fizika üzrə təhsil alıb. Karyerasına "Bakcell” şirkətində texniki mühəndis olaraq başlayıb və şirkətdə baş mühəndis vəzifəsinə qədər gəlib. Daha sonralar "T-Mobile”, "Vodafone”, "Huawei”, "Nokia”, "MCI” kimi dünyanın bir çox nəhəng innovativ telekom şirkətlərində işləyib.
 

 
Seçimim təsadüfi oldu
 
- Ziya bəy, telekom hazırda tələb olan sahələrdəndir. Sizin iş həyatına başladığınız dövrdə tələb necə idi? Seçiminizi nəyə əsasən etmişdiniz?
- Düzü, həmin dövrdə tələbin necə olması haqqında heç bir məlumatım yox idi. Bakalavr təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr təhsili qazandım. Həmin ərəfədə təxminən 20-dən çox şirkətə iş üçün müraciət etsəm də, heç birindən müsbət cavab ala bilmirdim. Elə oldu ki, bir neçə ay sonra "Bakcell”də işə düzəlmə şansım oldu. İşə qəbul olduqdan sonra artıq seçim qarşısında idim, ya magistr təhsilimi davam etdirməli, ya da işə başlamalı idim. Seçimim iş oldu, magistraturanı dayandırdım. Çünki maliyyə çətinliyim var idi. Fizikada isə qiyabi təhsil yox idi, əgər olsaydı, paralel apara bilərdim. Sahə seçiminə gəlincə, planlı olaraq telekommunikasiyaya yönəlmədim. Sadəcə, özümə uyğun gördüyüm iş yerlərinə müraciət edirdim və ilk olaraq telekom şirkətindən qəbul aldım və bu sahədə də davam etdim.
 
"İşə bələd olduqca sevməyə başladım”
 
- İlk iş təcrübəniz bu idi?
- Tələbə vaxtı müxtəlif işlərdə çalışmışam. İnternet klubda texniki işlərdə və s. İxtisaslı iş olaraq ilk telekomda başladım.

- Yəqin ki, telekomu bəyənməsəydiniz, qalmazdınız.
- Düzdür, telekom əvvəldən məqsədli çalışmaq istədiyim sahə deyildi. İşlədikcə, işə bələd olduqca sevməyə başladım. Çünki telekomda iş rutin deyil. Test mühəndisindən optimallaşdırma mühəndisinə qədər gəldim. 7 il orda çalışdım, həmin müddətdə 4-5 vəzifə dəyişmişdim, amma gördüyüm heç bir işdə rutinlik olmadı. Mobil texnologiya hər gün yenilənir. Texnologiyanı izləmək də çətindir. Çox dəyişkənlik var. Aylar, illər sərf etdiyin texnologiya bir ildən sonra sıradan çıxa bilər. İnsanı özünə cəlb edir, çətindir, amma maraqlıdır.
 


"Əvvəl bir az risk etmədim”
 
- Sonrakı iş yerləriniz ancaq xarici şirkətlər olub?
- Əslində, mobil operatordan sonra Azərbaycanda telekom sahəsində başqa bir şirkətə keçdim, çox qısa müddət orda çalışdım. Artıq mobil operatorda işləyəndə müxtəlif ölkələrdən gələn mütəxəssislərlə tanışlığım yaranmışdı və eyni zamanda xarici şirkətlərdə açıq olan vakansiyalara da müraciət etməyə başlamışdım. Beləliklə, başqa ölkədəki ilk işim Hollandiyanın "T-Mobile” operatoru oldu. Əvvəl bir az risk etmədim, tərəddüdlərim var idi, amma sonra risk edib, getdim. Bu bir layihə idi. 6 ay orda işlədim.

- Niyə tərəddüd edirdiniz?
- Yəqin ki, komfort zonada idim və bunu tərk etməyə risk edə bilmirdim. Təxminən 2010-cu ildə Rusiyadan - "Huawei” şirkətindən iş təklifi gəlmişdi. O zaman getməyə risk etmədim. Sonralar Türkiyədən bir tanışımın təklif olunan yerə getdiyini eşitdim. Bununla da başa düşdüm ki, şans insana çox verilmir və vaxtında dəyərləndirmək lazım idi. Bu, mənim üçün təcrübə oldu. 2013-cü ildə Hollandiyada iş imkanı yarananda artıq risk etdim. Həmin işdən sonra artıq klassik iş rejimindən çıxıb, dəyişkən iş rejiminə keçdim, daha uzun müddət heç bir yerdə komfort zonada qalmadım.
 

 
8-ci iş yeri
 
- Hazırda isə Yaponiyanın 4-cü böyük mobil operatorunda işləyirsiniz. Dünyada ən son texnologiyaların tətbiq olunduğu bir şirkətdir. Bu şirkəti əvvəllər çalışdığınız iş yerləri ilə müqayisə etsək, işdə, iş mühitində hansı fərqlər var?
- "Rakuten Mobile” artıq 8-ci iş yerimdir. Əvvəlki iş yerlərimlə müqayisə etsək, ortaq cəhətləri də var, fərqlilikləri də. İş mühitinin, çalışma metodlarının yüzdəyüz fərqli olduğunu deyə bilmərəm. 50-60 faiz oxşardır. Ancaq təkcə mənim çalışdığım şirkətlər yox, elə Yaponiya daxilində fəaliyyət göstərən şirkətlərdən də fərqlənir. Bu şirkət texnoloji yeniliklərlə doludur. Şirkətin sahibi onu dünya bazarına çıxarmaq istəyir. Bacardığı qədər ən son texnologiyaları tətbiq edir. Müxtəlif ölkələrdən burda çalışanların sayı çoxdur. Çox savadlı olanı da var, orta savadlı olanı da. Tam fərqli mühitdir, başqa şirkətlərdə bu mühiti görə bilmirsiniz.

- Bu cür şirkətdə kadrlar yeniliklərə ayaq uydurmaq cəhətdən problem yaşamırlar ki?
- Risk etmək lazımdır. Mən birinci dəfə ehtiyat edib xaricdə iş təklifinə "yox” demişdim. Böyük şirkətlərdə işləyənlərin texnoloji savadları, dünyagörüşləri bizim insanların texniki savadından, dünyagörüşündən çox deyil. Fərd olaraq kimləsə kimisə müqayisə etmirəm. Əgər qarşımıza məqsəd qoyuruqsa, bir az risk ediriksə, özümüzü o sahəyə uyğunlaşdırmağa çalışırıqsa, öz üzərimizdə işləyiriksə, niyə də alınmasın? Xarici şirkətin böyük olduğunu düşünüb gözünü qorxutmaq lazım deyil. Dünyanın bir çox böyük şirkətlərində işləyən azərbaycanlılar var. Gənclər düzgün seçilmiş təhsilin və zəhmətin bəhrəsinə inansınlar. Hər ikisi varsa, məqsədlərinə çatacaqlar. Azərbaycanlı valideynlərə demək istərdim ki, uşaqlarına sərbəst düşünməyi, sərbəst qərar verməyi aşılamağa çalışsınlar. Bu, çox vacibdir. Başqa ölkələrdə çalışanda bunu hiss edirsən.
 


Uşaqlar sərbəst düşünməyi öyrənməlidirlər
 
- Məsələn, təcrübədə nə kimi problem yaşaya bilirlər?
- Mən özüm problem yaşamamışam. Ancaq müşahidələrimi deyə bilərəm. Hansısa gənc xaricdə işləmək, təhsil almaq adı ilə gedəndə çox hallarda valideynlər bundan narahat olurlar. İndi müəyyən qədər dəyişiklik olsa da, əksər hallarda deyirlər ki, gedərsən, başına nəsə iş gələr, bacarmazsan və s. O uşaqlar böyüyüb gənc olanda düşünürlər ki, mən bunu istəyirəm, etmək qərarı versəm, görəsən, düzgün seçim etmiş olaram? Yaxınlarım bu qərarımı bəyənəcək, yoxsa yox? Bu kimi tərəddüdlər edib ölkə xaricində işləməyə risk edə bilməyənlər çox olur. Bacarıq var, amma sərbəst qərar verib gedə bilmir. Bunlara görə valideynlər övladlarına sərbəst düşünməyi, qərar verməyi uşaq yaşlarından öyrətsələr, gənclər problem yaşamazlar.
 
- Bizdə çalışan xarici əməkdaşların maaşları yerli kadrlardan daha yüksək olur. Yaponiyada aldığınız maaş necədir? Yaponlardan çox maaş verilirmi?
- Əvvəllər biz də düşünürdük ki, xaricilər niyə gəlib bizdən artıq maaş alırlar və s. Ölkə xaricinə çıxdıqca görürsən ki, bu, tək bizə xas deyil, çox yerdə belədir. Səbəbləri də müxtəlifdir. Yaponiyanı götürsək, müqavilə ilə gəlmək var, bir də yerli işçilər kimi çalışmaq. Müqavilə ilə gəlirsənsə, bu zaman yaponlardan çox maaş verilir. Mən ilk olaraq müqavilə ilə gəldim, "Nokia”da işlədim. Bu zaman verilən maaş daha çox idi. Bu, tək mənə yox, müqavilə ilə gələn bütün işçilərə aid olur. Çünki müqavilə ilə getmək riskdir. Müqavilə bağlayırsan, amma o layihə istənilən vaxt uğursuzluqla nəticələnə bilər və siz işinizi itirərsiniz. Bütün bunları nəzərə alaraq kompensasiya kimi daha çox maaş verilir. Ancaq yerli işçilər kimi işləyirsinizsə, maaşınız yaponlarla eyni olur. İndi "Rakuten Mobile”nin öz işçisiyəm. Ona görə yaponlarla eyni maaşı alıram. Əgər bəzi qanunları nəzərə alsaq, çox olma şansı da azdır.
 
Aygün Asimqızı