• cümə axşamı, 18 aprel, 04:40
  • Baku Bakı 15°C

Xalq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir - Fotolar

21.11.19 18:07 1008
Xalq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir - Fotolar
Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin inkişafına töhfə vermək əzmindədirlər”

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın keçdiyi yoldan danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası 26 ildən çoxdur ki, şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir. O deyib ki, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub: "Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəllərindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanır: "Müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni edib. O zamankı səriştəsiz hakimiyyət Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. İnsanlar birmənalı anlayırdılar ki, Azərbaycanın düşdüyü bu vəziyyətdən yeganə çıxış yolu Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Məhz buna görə də həmin dövrdə bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Partiyanın yaradılmasına ulu öndəri ölkəmizi çətin vəziyyətdən çıxarmaq üçün hakimiyyətə gətirməyin yolu kimi baxılırdı. Sevindirici haldır ki, tarix ümummilli liderə və onun yaratdığı partiyaya etimadı təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının təmin edilməsi istiqamətində addımlar atıldı”.

İcra katibi vurğulayıb ki, YAP Heydər Əliyevin hakimiyyətə gəlməsinin hüquqi bir forması idi. Onun fikrincə, əgər YAP yaranmasaydı, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqı fərqli bir taleyi yaşamaq məcburiyyətində qalardı: "Heydər Əliyev Azərbaycanı bəlalardan, təlatümlərdən qurtardı. Qısa zaman ərzində ölkədə tüğyan edən xaosun, iqtisadi tənəzzülün, separatizmin qarşısı alındı və Azərbaycan bugünkü inkişafa gəlmək üçün əlverişli bir imkana malik oldu. Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiya yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Beləliklə də YAP Azərbaycanın iqtidar partiyasına çevrilib. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib. İndi YAP ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır. Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşı var. İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq”.

Bu gün Azərbaycanın dünyada öz yeri, nüfuzu olan dövlət, ən sabit ölkələrdən biri kimi tanındığını diqqətə çatdıran YAP sədrinin müavini-icra katibi Ə.Əhmədov qeyd edib ki, vətəndaşlarımız Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər: "1990-cı illərin əvvəllərində dağılmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın tarixində heç zaman bir partiyanın tərkibində bu sayda üzv olmayıb. Lakin partiyamız təkcə bu sayla fəxr etmir. Eyni zamanda, partiya üzvləri ölkəmizin inkişafına töhfə vermək əzmindədirlər. Bu, ulu öndər Heydər Əliyev məktəbinə olan rəğbətdən irəli gəlir. Bu gün Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini dəstəkləyir. Bu siyasət isə Azərbaycan vətəndaşına xidmətdən ibarətdir”.


Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov o dövrdə mövcud olan gərgin ictimai-siyasi vəziyyətdən söhbət açıb. Deyib ki, həmin illərdə ümummilli lider Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Azərbaycana qayıdıb, xalqımızı çətin şəraitdən çıxarmaq üçün əməli addımlar atıb: "Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. Çünki, 1990-cı ilin əvvəllərində yaradılan bir sıra partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu”.


Komitə sədri deyib ki, xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edib. Həmin vaxt Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət maneələr yaradıb. Ona görə də partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail olublar: "Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alındı və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradıldı. 1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. 1995-ci il noyabrın 12-də keçirilən parlament seçkilərində isə Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib, ona olan ümumxalq inamı bir daha təsdiq edilib”.


T.Budaqov bildirib ki, çoxsaylı çağırışları cavabsız qoymayan ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla çətin vəziyyətdə xalqın yanında olduğunu bir daha nümayiş etdirib: "Ümummilli liderin hakimiyyətə qayıdışı ilə xalqımız üzləşdiyi bəlalardan xilas olub. Ordu quruculuğu prosesində əməli addımlar atılıb. Bu isə tezliklə öz nəticəsini verib. "Əsrin müqaviləsi”nin imzalanması isə ulu öndərin apardığı düşünülmüş siyasətin ən bariz nümunəsidir. Bu addımla xalqımızın sosial rifahında böyük dəyişikliklər baş verib”.


Tədbirdə Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aytəkin Hacıyeva, YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Sadiq Əliyev, Bakı Slavyan Universitetinin tələbəsi Səbinə Nəsibli də çıxış edərək ulu öndər Heydər Əliyev və onun yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və dövlətimizin rifahı naminə gördüyü işlərdən danışıblar.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər