• cümə, 26 Aprel, 17:37
  • Baku Bakı 23°C

Yada düşən beynəlxalq hüquq

23.07.21 18:00 695
Yada düşən beynəlxalq hüquq
Və ya ermənilərin "saman çöpü”ndən yapışması
Prezident İlham Əliyevin son çıxışlarının birində "Biz Zəngəzura, Göyçəyə qayıdacağıq, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır” deməsi, Ermənistan cəmiyyətində çaşqınlığa səbəb olub. Ermənilər hesab edirlər ki, guya Azərbaycan Ermənistana ərazi iddiası irəli sürür. Azərbaycan Prezidenti haqlı olaraq vaxtı ilə Ermənistan ərazisində yaşamış azərbaycanlıların yenidən öz yurd-yuvalarına qayıtmasının onların müstəsna hüquq olduğunu diqqətə çatdırıb. Ermənilər isə bu açıqlamanı tərsinə yozaraq beynəlxalq hüququ önə çıxarıblar.

Gözardı edilən "beynəlxalq hüquq”

Maraqlıdır ki, Azərbaycan torpaqlarını işğal edəndə, 30 ilə yaxın bir müddətdə o əraziləri dağıdanda heç də beynəlxalq hüquq yada düşmədi. Xocalıda qırğın törədəndə, Kəlbəcərdə mülki əhalinin çıxmasına vaxt verməyəndə ermənilər insanlıq haqqını tapdadılar. Axı Azərbaycan məhz beynəlxalq hüquqa uyğun addım ataraq beynəlxalq təşkilatların, xüsusilə BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb edirdi. Həmin vaxt ermənilər isə heç nəyə məhəl qoymurdular, o cümlədən beynəlxalq hüquqa da. 44 günlük müharibədən sonra ortada qalan, heç kimin yiyə durmadığı Ermənistan indi niyə "beynəlxalq hüquq”dan dəm vurur? Yoxsa, ermənilər suda boğulduqlarını dərk edib "saman çöpündən” yapışmağa çalışırlar?

"Azərbaycan hədəfini açıqlayıb”

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Prezident İlham Əliyev Azərbaycanın hədəflərini açıqlayıb: "Yəni ilk olaraq sərhədlər müəyyənləşdirilir. Özümüzə aid olanları götürürük, bu, bizim haqqımızdır. Eləcə də, Qarabağda qayda-qanun yaradılır. Bütün bunlarla yanaşı Zəngəzur dəhlizi də açılmalıdır. Çünki bu məsələ imzalanmış birgə bəyanatlarda yer alıb. Ermənilər isə bunu yerinə yetirmək məcburiyyətindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Kremldə rusiyalı həmkarı ilə görüşdükdən sonra Nikol Paşinyan açıqlama verdi ki, Azərbaycanla sülh anlaşmasını imzalamaq məcburiyyətindəyik. Ermənilər də anlayırlar ki, həm sülh anlaşması imzalanmalıdır, həm də dəhliz açılmalıdır. Özləri yaxşı bilir ki, bunları çox yubada bilməyəcəklər”.

"Ermənilər dəstək ala bilmir”

Politoloq qeyd etdi ki, indiki halda ermənilər beynəlxalq aləmdən dəstək ala bilmirlər: "Düzdür, Avropa İttifaqında, ABŞ-da və Fransada müəyyən ermənipərəst qüvvələr var. Amma onlar belə bu məsələdə Ermənistana dəstək verə bilmirlər. Çünki bölgəyə təsir imkanları yoxdur. Bölgəyə əsas təsir imkanlarından olan ölkələrdən biri Rusiyadır ki, həm Azərbaycan, həm Ermənistan onun vasitəçiliyini qəbul edib. Rusiya isə bu məsələdə Azərbaycanın mövqeyini qəbul edir ki, "Zəngəzur dəhlizi” açılmalıdır, sərhədlər müəyyənləşməlidir. Rusiya ermənipərəst Fransadan fərqli olaraq status məsələsini qaldırmır”.

"Ermənistan məsələni uzatmağa çalışsa...”

Elxan bəyin fikrincə, Ermənistan hakimiyyəti məsələni bir qədər uzatmağa çalışsa da, sonda Azərbaycanın dediyini etmək məcburiyyətində qalacaq: "İyulun 22-də dövlət başçısı İlham Əliyev çox maraqlı bir fikirdə söylədi ki, Ermənistanın gündəmini müəyyən qədər biz müəyyənləşdiririk və bunlardan biri olan "Zəngəzur dəhlizi” mövzusunun həm Azərbaycanda, həm Ermənistanda, həm də beynəlxalq aləmdə aktuallaşdırılmasıdır”.

"Beynəlxalq hüquq bizi müdafiə edir”

E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan ermənilərin "beynəlxalq hüquq” və sair bu kimi frikirlərini nəzərə almamalıdır: "Böyük dövlətlər nə deyir, ona baxmalıyıq. Beynəlxalq hüquq bizi müdafiə edir, böyük dövlətlərin əsas hissəsi Azərbaycanın mövqeyinin əleyhinə heç bir siyasət ortaya qoymurlar. "Zəngəzur dəhlizi” gündəmin əsas mövzularından biridir. Bu dəhlizin açılması bir çox dövlətin marağına xidmət edir. Çünki bu, regional əməkdaşlığa təkan verəcək. Hətta Avropa İttifaqı bu dəhlizin açılmasında maraqlıdır. Beynəlxalq hüquq bizə qadağan etmir ki, bu dəhliz olmamalıdır. Ermənistan hakimiyyəti ona görə beynəlxalq hüquqa istinad edir ki, "Zəngəzur dəhlizi”nin açılmasına görə cəmiyyət və müxalifət sərt siyasət ortaya qoya bilər. Bu baxımdan, Ermənistan hakimiyyəti yalandan beynəlxalq hüquqa istinad etməyə çalışır”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər