• şənbə, 25 Oktyabr, 12:41
  • Baku Bakı 20°C

Sülh üçün yeni səhifə açılır

25.10.25 05:10 137
Sülh üçün yeni səhifə açılır

Azərbaycan bölgədə rifah və sabitliyin tərəfdarı olduğunu bütün dünyaya sübut edir. Azərbaycanın Ermənistana işğal faktı ilə bağlı tətbiq etdiyi tranzit embarqosunu birtərəfli qaydada aradan qaldırması sülhə doğru praktik addım kimi qiymətləndirilir. 

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında tarixi görüşdən sonra bölgədə sülh prosesinin davamlı olaraq irəlilədiyinin şahidiyik. Təbii ki, prosesdə yenə də öncül mövqedə Azərbaycan çıxış edir. Mövcud real şərtlərin sahədə davamlı mahiyyət alması üçün rəsmi Bakı Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və əhəmiyyəti mühüm olan qərarlara imza atır. 

Tranzit embarqosunun ləğvi

Bu günlərdə Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfəri çərçivəsində qazax həmkarı Kasım Jomart Tokayevlə görüşündə Azərbaycanın Ermənistana işğal faktı ilə bağlı tətbiq etdiyi tranzit embarqosunu birtərəfli qaydada ləğv etdiyini açıqlayıb. “İlk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı deyib.

Rəsmi Bakının bu addımı həm də Vaşinqton görüşündən sonra bölgədə sülhün davamlı və qalıcı olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin göstəricisidir. Beləliklə, uzun illərdən bəri təcrid vəziyyətində olan Ermənistan Prezident İlham Əliyevin sözügedən qərarı əsasında yeni nəfəslik əldə etmiş oldu. 

Paşinyandan İlham Əliyevə təşəkkür

Yeri gəlmişkən, İrəvandan Azərbaycan tərəfinin məlum qərarı ilə bağlı ardıcıl bəyanatlar və təşəkkürlər gəlməkdədir. Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib. Maraqlı cəhət budur ki, özü də bu təşəkkür İrəvandan yox, Gürcüstanda - V Tbilisi İpək Yolu Forumunda çıxış zamanı səsləndirilib. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsini çox vacib irəliləyiş adlandırıb. O, tarixi inkişaflara diqqət yetirməyin labüd olduğunu söyləyib: "Hesab edirəm ki, bu, həm də burada özünü göstərir: bir il əvvəl belə bir şeyi görmədik - Ermənistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etmirdi. İndi isə bunu edir və bu, çox vacib bir irəliləyişdir". 

Beynəlxalq birlikdən müsbət reaksiya

Beynəlxalq birlik də Azərbaycanın sülh prosesi ilə bağlı qərarlarını alqışlayır. 2020 və 2023-cü illərdəki tarixi qələbəmizdən sonra bölgədə daha çox təxribatçı əməlləri və sülhü zərbə altında qoyan addımları ilə yadda qalan Avropa İttifaqı (Aİ) da artıq Cənubi Qafqazdakı sülh reallıqlarını qəbul edir. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb. "Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan son müsbət addımlar, o cümlədən Azərbaycan tərəfindən Ermənistan üçün Azərbaycan ərazisindən yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə verilən bəyanat məni çox ruhlandırdı", - deyə o qeyd edib.

Diplomat vurğulayıb ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan və Ermənistanın parlament sədrləri arasında keçirilən görüş də bu istiqamətdə mühüm addımlardır. Yeri gəlmişkən, spiker Sahibə Qafarovanın erməni həmkarı Alen Simonyanla da görüşünün müsbət ab-havada keçdiyi vurğulanır.  

"Aİ bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bu kimi təşəbbüsləri, eləcə də əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır ", - deyə M.Qrono bildirib.

QHT-lərin İrəvan görüşü

Vaşinqton razılaşmalarının ruhuna uyğun olaraq qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində müsbət addımlar bununla da yekunlaşmır. Azərbaycan Prezidentinin məlum bəyanatı fonunda son illərdə ilk dəfə olaraq ölkəmizə məxsus mülki təyyarə İrəvan hava limanına eniş edib. İrəvanda Azərbaycan və Ermənistan qeyri-hökumət təşkilatları nümayəndələrinin görüşü təşkil olunub. Tərəflər iki ölkənin vətəndaş cəmiyyətləri institutlarının sülh gündəliyinə verə biləcəkləri töhfələrin nədən ibarət ola biləcəyini müzakirə ediblər. 

Sülh üçün Zəngəzur dəhlizi

Təbii ki, Vaşinqton sənədlərinin ruhuna uyğun olaraq, sülh prosesini irəlilətmək üçün ən vacib məqamlardan biri Zəngəzur dəhlizinin (Tramp yolu) ən qısa zamanda reallaşmasıdır. Bu istiqamətdə Azərbaycanın gözləntiləri ümidvericidir. Prezident İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. "Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər", - dövlət başçısı bildirib. 

İrəvanın da sözügedən məsələdəki son açıqlamaları bu tarixin reallığa çevriləcəyinə dair ümidləri artırır. Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, hazırda TRIPP layihəsi ilə bağlı Vaşinqtonla müzakirələr aparılır və mövcud infrastrukturun bərpası bir neçə ilə yekunlaşa bilər. 

Milli maraqlarımıza əsaslanan sülh gündəliyi

Göründüyü kimi, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qalib gəlməsinə baxmayaraq, sülh təşəbbüsünü irəli sürdüyü kimi, bu dəfə də bölgədə rifah və sabitliyin tərəfdarı olduğunu bütün dünyaya sübut etdi. Son beş ildə atılan addımlar məhz yekun müsbət nəticənin əldə edilməsi və sülh sazişinin imzalanmasının yaxınlaşdırılmasına hesablanıb. Artıq rəsmi Bakının milli maraqlarımıza əsaslanan sülh gündəliyi beynəlxalq aləm tərəfindən birmənalı olaraq qəbul edilir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər