• şənbə, 01 Noyabr, 08:34
  • Baku Bakı 16°C

Diplomatlar Cəbrayıl və Zəngilanda

01.11.25 00:26 93
Diplomatlar Cəbrayıl və Zəngilanda

Ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox nümayəndə iştirak edib.

Oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfər zamanı diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olublar. 

Zəngəzur dəhlizinin tərkib hissəsi

Cəbrayıl rayonunun Horovlu kəndində onlara işğaldan azad ediləndən sonra kənddə aparılmış bərpa-quruculuq işləri və yaradılmış şərait barədə məlumat verilib. Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri oktyabrın 31-də Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşəcək Həkəri dəmir yolu stansiyası ilə də tanış olublar.

Diplomatik korpusun nümayəndələri burada görülən işlər, dəmir yolunun və stansiyanın tikintisi ilə bağlı həyata keçirilmiş və gələcəkdə görüləcək işlər barədə məlumatlandırılıb. Bildirilib ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) tərkib hissəsi olacaq.

Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr, habelə regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsi barədə məlumat əldə edib, Ağbənd qəsəbəsi ərazisindəki dəmir və avtomobil yolları ilə bağlı görülən işlərlə yerində tanış olublar.

Diplomatik korpus nümayəndələrinin 20-ci səfəri

Nümayəndə heyəti əsas infrastruktur obyektlərinə, o cümlədən Zəngilan rayonunda “Dost Aqropark” heyvandarlıq kompleksi, Zəngilan şəhərindəki yaşayış kompleksi, məktəb və uşaq bağçası binaları, Zəngilan şəhər məscidinə baxış keçiriblər.

Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradır. Qeyd edək ki, bu, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin 20-ci səfəridir.

 

banner

Oxşar Xəbərlər