• şənbə, 20 Aprel, 00:33
  • Baku Bakı 15°C

Xudafərindən verilən mesaj - Fotolar

20.11.20 13:15 2525
Xudafərindən verilən mesaj - Fotolar
Sülh, sabitlik, quruculuq, inkişaf

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. İşğaldan azad edilmiş bu yaşayış məntəqələrində Azərbaycan bayrağını ucaldan dövlət başçısı Qarabağın tacı sayılan Şuşa şəhərinə çəkiləcək yeni avtomobil yolunun layihəsi ilə tanış olub, müvafiq göstərişlər verib. Beləliklə, Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Azərbaycan quruculuq işlərinə başlayıb, Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə başlanılıb. Füzuli, Cəbrayıl şəhərləri ilə yanaşı, Azərbaycan-İran sərhədində - dostluq sərhədində olan, tarixi Xudafərin körpüsünə baş çəkən ölkə rəhbəri Ermənistanın dağıdıcı mahiyyətini bir daha bütün dünyaya çatdırıb. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə bütün infrastruktur, o cümlədən evlər, obyektlər vəhşi düşmən tərəfindən dağıdılıb. Hazırda Kəlbəcər, Laçın və Ağdamdan çıxarılanlar isə evləri, mağazaları, inzibati binaları yandıraraq, apara bilmədikləri mal-heyvanı məhv edərək ərazidən gedirlər. Bu, vəhşiliyin, vandallığın, barbarlığın bariz nümunəsidir.

"Bundan sonra bu torpaqda biz yaşayacağıq”
Prezident İlham Əliyev İkinci Qarabağ Müharibəsinin Azərbaycanın şanlı Qələbəsi olduğunu diqqətə çatdıraraq, işğal edilmiş torpaqların düşmən tapdağından azad edildiyini vurğulayıb. Bildirib ki, düşmən tərəfindən vurulmuş ziyan hazırda dəqiq hesablanır və zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Ali Baş Komandan hazırda münaqişənin siyasi həll mərhələsində olduğunu söyləyib. Deyib ki, bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq: "Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri. ...İşğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıb. Bizim şəhərlərimiz, demək olar ki, yerlə-yeksan edilib və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq. ...Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.

"Azərbaycan quruculuq, sülh mücəssəməsidir”
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev Azərbaycan Prezidentinin və birinci xanımın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olmasını, orada səsləndirilən fikirləri şərh edərək deyib ki, dövlət başçısının bu səfəri Müzəffər Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Onun sözlərinə görə, düşmən qoşunlarının Azərbaycan ərazisindən hələ tam çıxarılmadığı, erməni irticaçılarından hər cür təxribatın gözlənildiyi bir vaxtda Ali Baş Komandan bütün riskləri gözə alaraq, birinci xanımla birlikdə möhtəşəm Qələbəmizin sevincini bir daha azad olunmuş ərazilərdə öz xalqı ilə paylaşmaq üçün bu addımı atıb. Millət vəkili söyləyib ki, bu, əsl iqtidar-xalq birliyinin, Azərbaycan xalqının öz Prezidentinə, öz dövlətinə sonsuz sevgisinin nümayişidir: "Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev Şuşa şəhərinə yolun çəkilişi ilə bağlı göstəriş verib. Artıq Füzuli rayonundan Şuşaya gedən bu yolun inşasına start verilib. Çox qürurlu haldır ki, işğaldan azad edilmiş torpaqlarımızda icrasına başlanmış ilk layihə məhz Füzuli-Şuşa yolunun tikintisi olacaq. Əlbəttə ki, bu yolun müstəsna əhəmiyyəti var. Çünki Şuşa bizim göz bəbəyimiz, qürur mənbəyimizdir. Füzuli-Şuşa yolunun inşasına başlanması həm də Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun parlaq təzahürüdür. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan ermənilər həmin ərazilərdə bir quruculuq işinə də imza atmamış, yalnız dağıtmaq, viran qoymaq və talan etməklə məşğul olmuşlar. Həmçinin Füzuli rayonuna gedən yolun ətrafında yerləşən kəndlərdə, bir vaxtlar həyat qaynayan bu ərazilərdə də öz dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Onlar daşı-daş üstündə qoymayıblar. Budur, erməni xislətinin mahiyyəti! Lakin Azərbaycan xalqına bu xüsusiyyətlər yaddır. Azərbaycan yalnız quruculuq, sülh və əmin-amanlıq mücəssəməsidir”.
S.Möhbalıyev vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri zamanı baş vermiş ən önəmli hadisələrdən biri də dövlətimizin başçısının Füzuli şəhərində, Xudafərin körpüsündə və Cəbrayıl şəhərində şanlı Azərbaycan bayrağını qaldırması olub: "Heç şübhəsiz, bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Bəli, Vətən torpaqlarının 30 ildən artıq davam edən işğalına son qoyuldu, Azərbaycan tarixi ədaləti bərpa etdi. Eşq olsun şanlı Azərbaycan Ordusuna! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Eşq olsun Azərbaycan xalqına!”

Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq
Milli Məclisin üzvü Tamam Cəfərovabildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına, eyniadlı şəhərlərə səfəri qalib sərkərdənin işğaldan azad olunmuş torpaqlarda Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyi zəfər bayramıdır. Onun sözlərinə görə, bu səfərin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən mühüm əhəmiyyət kəsb edir. Deputat qeyd edib ki, Prezident İlham Əliyev işğaldan yenicə azad olmuş, tam təhlükəsizliyi təmin olunmamış, minalardan tam təmizlənməmiş, rayonlara səfər etməklə, bir daha xüsusi cəsarət və liderlik nümayiş etdirib: "O, bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir. "Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin bu səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir. Bölgələrdə Prezidentin izdihamla qarşılanması Azərbaycan cəmiyyətindəki həmrəylikdən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi. Azərbaycan Xalqı, Müzəffər Ali Baş Komandanını alqışlarla, tükənməz bir sevgi ilə qarşıladı. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident, əslində sevinc hislərini öz xalqı ilə bölüşmüş oldu. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır”.


Siyasi iradə, qətiyyət və böyük liderlik
Millət vəkili söyləyib ki, Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi rəmzi məna daşıyır: "Azərbaycan vətəndaşları ötən illər ərzində qonşu İran dövlətinə səfər edərkən, tarixi Xudafərin körpüsünə uzaqdan, həsrətlə baxırdılar. Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış böyük Qələbə nəticəsində bu həsrət sona çatdı. Azərbaycan Xalqı üçün Xudafərin körpüsü hər zaman birlik, həmrəylik rəmzi olmuşdur. Məhz buna görə də Cənab Prezidentin Xudafərin körpüsünü ziyarət etməsinin böyük rəmzi mənası var. Cənab Prezidentin "Biz birlikdə güclüyük” şüarı Azərbaycan xalqının güzgüsünə çevrilib. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik, yaşadığımız qələbənin ideoloji əsasıdır. Bu ideoloji əsası formalaşdıran isə Cənab Prezident, Ali Baş Komandan İlham Əlyevin siyasi iradəsi, qətiyyəti və böyük liderliyidir”.

Təcavüzkar, məkrli planlar alt-üst olub
Milli Məclisin deputatı Naqif Həmzəyev hesab edir ki, 44 günlük İkinci Vətən müharibəsi doğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad edib, ölkə Prezidentimizin "Qarabağ Azərbaycandır və nida” fikrini birdəfəlik təsdiqləyib. Onun fikrincə, işğalçı Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-də başladılan əks-hücum əməliyyatları sayəsində tarixi zəfərimizlə birdəfəlik son qoyulub. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində həyata keçirdiyi təcavüzkar, məkrli planlar alt-üst olub: "Düşmən bu illər ərzində insanlığa sığmayan hərəkətləri, vəhşilikləri ilə Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən söküb ata bilmək üçün dayanmadan çalışdı, işğal etdiyi bütün yurdlarımızı viran elədi, daşı daş üstündə qoymadı, təbiətimizə qənim kəsildi, yeraltı-yerüstü sərvətlərimizi taladı, tarixi, maddi-mədəni abidələrimizə, musiqimizə göz dikdi. Azərbaycanın tarixi torpaqlarından əsl sahibindən heç bir nişanə qalmaması üçün min cür fırıldaqlara əl atdı. Elə bildilər ki, Azərbaycan xalqı bir daha öz ata-baba yurdlarına dönməyəcək. Düşmən anlaya bilmədi ki, 30 illik uzun bir ayrılıq belə, Azərbaycan xalqının qəlbindən, könlündən Qarabağ sevdasını çıxarıb, ata bilməz. Çünki, Qarabağ Azərbaycandır!”

Azərbaycan xalqının humanizminə şahidlik
Millət vəkili deyib ki, Qalib Sərkərdənin və Birinci vitse-prezidentin düşmən tapdağından azad edilən torpaqlara səfəri, orada aparılan çəkilişlər, söylənən nitqlər bu ərazilərdə mənfur ermənilərin yurdumuza qarşı törətdiyi vəhşilikləri, vandallıqları bir daha bütün dünyaya nümayiş etdirib: "Çəkilən videomateriallar bir daha bütün dünyaya Azərbaycan xalqının azğın, qana susamış düşmənlə üz-üzə olduğunu təsdiq etdi. Ali Baş Komandanımız işğalçı, faşist ideologiyasından bəhrələnən ermənilərin bu vəhşiliklərin, Kəlbəcərdə törətdikləri yanğınların cavabının veriləcəyini dedi. Bununla yanaşı, bütün dünya bir daha Azərbaycan xalqının humanizminin şahidi oldu. İllər boyu erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşiliklərə baxmayaraq, biz yenə öz humanist mövqeyimizdən əl çəkmədik. Kəlbəcəri boşaltmaları üçün azğın düşmənə daha 10 gün möhlət verilməsi də insanpərvərliyimizin, humanizminin təsdiqidir. Hər zaman olduğu kimi, erməni vandalları çirkin niyyətlərindən əl çəkmədilər, Kəlbəcərdə meşələr yandırıldı, ağaclar kəsilib Ermənistana daşındı, evlərə od vuruldu. Erməni vandalları kim olduqlarını yenidən nümayiş etdirdilər. Bütün bunların fonunda Müzəffər Sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza, Cəbrayıla, Füzuliyə Qalibiyyət səfəri edərək, Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə göstəriş verərək bu haqq nidasının rəsmiləşdirilməsinin xoş müjdəsini verdi, bir daha qorxaq düşmənə bəyan etdi ki, Qarabağ Azərbaycandır!”
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər