“Xocalı soyqırımını heç vaxt unutmamalıyıq”
Soyqırımının 34-cü ildönümü ərəfəsində Prezident İlham Əliyev növbəti dəfə Xocalıya səfər etdi. Səfər çərçivəsində Xocalı Soyqırımı Memorialının açılışı reallaşdı.
Xocalı soyqırımının 34 ili tamam oldu. Artıq iki ildir ki, soyqırımı qurbanlarının xatirəsini doğma Xocalıda anırıq. 2023-cü ilin antiterror əməliyyatları nəticəsində dünyanın ən dəhşətli bəşəri cinayətlərindən sayılan, “Əsrin faciəsi” adlandırılan, yüzlərlə günahsız dinc insanın, qadınların, uşaqların amansızlıqla qətlə yetirildiyi Xocalıda da suverenliyimiz tam bərqərar oldu. Soyqırımı qurbanlarının qisasını isə Azərbaycan döyüş meydanında erməni faşizminin belini qıraraq aldı.
“Azərbaycan xalqı üçün bu, ən böyük faciədir”
Soyqırımının 34-cü ili ərəfəsində Prezident İlham Əliyev növbəti dəfə Xocalıya səfər etdi. Xocalı Soyqırımı Memorialının açılışı reallaşdı. Sakinlərlə görüşü zamanı dövlət başçısı bildirdi ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır: “Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.
“Bax bu, ədalətin tam təntənəsidir”
Bu gün Xocalı soyqırımı qatillərinin bir hissəsi artıq layiqli cəzalarını alıblar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılıb və məhkəmə qarşısına çıxarılıb: “Bax bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi.
Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik - Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi”.
“Həmişə düşmən bizdən qorxmalıdır”
Prezident qeyd edib ki, Memorial Kompleksin məhz Xocalıda açılışı ədalətin təntənəsidir: “Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”.
“Azərbaycan dövləti o qədər güclüdür ki...”
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dövləti güclüdür: “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir”.
Xocalı Soyqırımı Memorialı
Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.
Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib.
Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.
Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır.
Azad Əliyev