AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

XİN başçılarının yeni görüş təklifi nə dərəcədə realdır?

XİN başçılarının yeni görüş təklifi nə dərəcədə realdır?

Siyasət
30 İyul 2020, 18:06 511
Politoloqların fikrincə, Azərbaycan nəticəsiz danışıqlara getməməlidir
 
Tovuz hadisələrindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana bölgədə sabitliyin qorunması üçün müraciətlər etməyə başladılar. Bu günlərdə isə  payız aylarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilə biləcəyi ilə barədə məlumatlar dövriyyəyə buraxıldı.
Amma artıq Azərbaycan rəsmiləri danışıq xatirinə danışıq aparmağa razı olmayacaqlarını ifadə ediblər. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan isə danışıqların başlaması üçün Azərbaycanın heç vaxt qəbul etməyəcəyi şərtlər irəli sürüb. Belə bir şəraitdə yaxın vaxtlarda XİN başçılarının görüşlərinin keçirilməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Azərbaycan tərəfi müəyyən şərtlər nəzərə alınmasa, payız aylarında ehtimal edilən danışıqlara getməyəcək: "ATƏT-in Minsk qrupu əgər hesab edirsə ki, onların əsas vəzifəsi yer təklif etmək və tərəfləri bir araya gətirib masa arxasına əyləşdirməkdir, bu missiya faktiki olaraq başa çatıb. Yəni, ötən illər ərzində bu cür keçirilən danışıqlarda heç bir nəticə əldə olmayıb. Hər halda, aparıcı dövlətlərin nümayəndəsi başa düşməlidir ki, bu təkliflərdən əlavə, danışmaq üçün konkret, məzmunlu təkliflər paketi lazımdır. Çünki biz Ermənistanla eyni vəziyyətdə deyilik. Ermənistan işğalçı dövlətdir və bunu bütün dünya bilir, qətnamələr var, bəyanatlar səsləndirilib”.
F.Sadıxov qeyd etdi ki, ATƏT-in Minsk qrupu indiki halda mövcud reallığı nəzərə almalıdır: "Əgər Minsk qrupu həmsədrləri elə keçmişdəki kimi tərəfləri bir araya gətirməklə istəyirsə ki, regionda sakitlik yaransın, əmin-amanlıq olsun, müharibə alovlanmasın, düşünürəm ki, bu, Azərbaycan tərəfini qane edə bilməz. Çünki vəziyyət dəyişib”.  
Politoloq Elşən Manafov bildirdi ki, Qarabağ münaqişəsi ilə bağlı tərəflər arasında danışıqların keçirilib-keçirilməyəcəyi ilə bağlı məsələdə qərar vermək Azərbaycan Prezidentinin və Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə dair məsələdir: "Amma indiki reallıqlar kontekstində düşünürəm ki, danışıqlara getməyə ciddi bir lüzum yoxdur. Çünki Paşinyan danışıqların baş tutması üçün məlum yeddi "şərt”ini açıqlayıb və özü də qeyd edir ki, əslində bu "şərtlər”in heç birini rəsmi Bakı qəbul etməyəcək. Onu da vurğulayım ki, Paşinyan ötən ilin sonlarında keçirilən Münhen Təhlükəsizlik Konfransında da bu cür "prinsip”lərlə çıxış etmişdi. Lakin həmin "şərtlər”ə Azərbaycan tərəfinin mövqeyi kifayət sərt olmuşdu. Neçə illərdir danışıqlar ATƏT-in Minsk qrupunun hazırladığı Madrid prinsipləri əsasında aparılır. Həmin prinsiplər ətrafında tərəflərin razılığa gəlməsi Kazan sammitində mümkün olmamışdı. Bu mənada, ATƏT özü yeni bir təkliflə, layihə ilə çıxış etmirsə, erməni tərəfinin təklifləri isə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən mahiyyət etibarı ilə uzaqdırsa, əlbəttə ki, danışıqlara getməyin mənası yoxdur”.
E.Manafov vurğuladı ki, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi ilə bağlı çox fikirlər səsləndirilir: "Amma Minsk qrupunun formatının dəyişdirilməsi üçün tərəflərin hər ikisinin razılığı olmalıdır. Yəni Azərbaycanla yanaşı, Ermənistan da bu məsələyə razılıq verməlidir. Müəyyən dairələr, ekspertlər Türkiyənin Minsk qrupunda təmsil olunmasını təklif edirlər. Amma fikrimcə, indiki halda bu, real deyil. Çünki Ermənistanın fərli mövqe sərgiləyəcəyi və təklifin əleyhinə çıxış edəcəyi birmənalıdır. Bu halda söhbət ancaq ATƏT-in Minsk qrupunu iş metodunun, üslubunun dəyişdirilməsindən gedə bilər. Azərbaycan tərəfinin məhz bu istiqamətdə fəaliyyətini qurması Prezident İlham Əliyev tərəfindən Xarici İşlər Nazirliyinin yeni rəhbərliyi qarşısında prioritet məsələ kimi qoyulub. Azərbaycan ATƏT-in Minsk qrupunun iş üslubunun dəyişdirilməsinə çalışa bilər. Amma uzun illər ərzində verdiyimiz bəyanatlar, açıqlamalar, təkliflər Minsk qrupunun iş üslubunu dəyişə bilməyib. Çox təəssüflər olsun ki, Minsk qrupunda təmsil olunmuş dövlətlərin bölgə ilə bağlı maraqları üst-üstə düşmür. İndiki reallıqlar kontekstində isə bu maraqlar kifayət qədər kəskin bir fazaya keçib. Tovuz ətrafındakı döyüşlərdən sonra cərəyan edən hadisələri nəzərdə tuturam. Bu mənada düşünürəm ki, danışıqlara ancaq yeni təkliflər olarsa getmək olar. Yəni, bizim də, Ermənistanın da mövqeyi bəllidir. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, biz danışıqları danışıqlar naminə aparılmasının əleyhinəyik və heç bir vəchlə buna getməyəcəyik”.
 
BƏXTİYAR