Xilas yolundan imtina
Azərbaycanın
irəli sürdüyü təşəbbüsləri dəyərləndirməyən işğalçı ölkə fəlakətə sürüklənir
Azərbaycan
müstəqil dövlət kimi xarici siyasətində dünya ölkələri, o cümlədən qonşuları
ilə qarşılıqlı, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlərdə
milli-dövlətçilik maraqları, ərazi bütövlüyünə dəstək üstünlük təşkil edir.
Məhz bu siyasi kursun nəticəsidir ki, yeraltı və yerüstü sərvətlərlə zəngin
olan Azərbaycan, müharibə, qarşıdurma meydanı deyil, multikulturalizm,
tolerantlıq kimi dəyərlərin üstün tutulduğu, inkişaf edən
ölkə olaraq beynəlxalq aləmdə tanınır. Şərqlə Qərb arasında körpü rolunu
oynayan Azərbaycan fərqli qütblərin maraqlarını uzlaşdıraraq, sadəcə öz
ərazisini deyil, ümumilikdə regionu sabitlik, əmin-amanlıq, əməkdaşlıq
meydanına çevirə bilib. Bakı-Tbilisi-Ceyhan, "Cənub Qaz Dəhlizi” neft-qaz boru
kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair bu kimi beynəlxalq layihələr,
nəinki bu coğrafiyadakı ölkələri, həmçinin Avropanı, Qərbi Azərbaycana daha da
yaxınlaşdırıb. Əfsus ki, yalnız Ermənistan bu əməkdaşlıqdan, siyasi, iqtisadi,
ticarət əlaqələrdən kənarda qalıb. Bunun başlıca səbəbi ermənilərin uydurma
tarixin əsiri olmaları, Ermənistanın qonşularına qarşı əsassız ərazi iddiaları,
işğalçılıq siyasətidir. Rəsmi məlumata görə, 3 milyon, qeyri-rəsmi məlumatlara
görə, 2 milyona yaxın əhalisi olan bu ölkə 85 milyonluq Türkiyəyə ilə
düşmənçilik edir. Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları
yer alır. Bu kimi səbəblərdən Türkiyə sərhədləri Ermənistan üzünə bağlanıb. Hər
hansı təbii sərvətə, iqtisadi potensiala sahib olmayan Ermənistan 1991-94-cü
illərdə Rusiyanın hərbi-siyasi dəstəyinə arxalanaraq Azərbaycanın 20 faiz
ərazisini işğal edib. Bununla 10 milyonluq digər qonşusu ilə də münasibətləri
kəskinləşdirib. Ermənistanın qonşu Gürcüstanla da münasibətləri yaxşı deyil.
Cavaxetiya bölgəsində məskunlaşan ermənilərin mərkəzdənqaçma meyilləri,
"müstəqillik” çağırışları, işğal olunmuş Abxaziya və Osetiyanın separatçı
qüvvələri ilə birlikdə ermənilərin 2008-ci ildə gürcü ordusuna qarşı savaşması
və sair faktlar Tbilisi ilə Yerevanın əlaqələrini soyudub. Beləliklə,
Ermənistan regiondakı 3 qonşusu ilə sağlam münasibətlər qura bilməyib, buradakı
iqtisadi-siyasi proseslərdən özünü tamamilə təcrid edib.
"Biz gələcəyə baxmalıyıq”
Ötən
ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi
nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib, Ermənistan ordusunu öz
torpaqlarından çıxarıb. Bundan sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, digər
qonşularla olduğu kimi Ermənistanla da əlaqələrin bərpasında maraqlıdır. Təbii
ki, Ermənistan özünü normal qonşu kimi apararsa. Aprelin 13-də ADA
Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf
və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev
yenidən bu məsələyə toxunub. O, münaqişədən sonrakı inkişafda maraqlı olduğunu
dilə gətirərək, gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində
diqqəti cəmləşdirməyin zəruriliyini qeyd edib: "Ermənilərin bizə qarşı törətdiklərini
heç vaxt unutmayacağımızı vurğulamaqla yanaşı, bildirmək istəyirəm ki, biz
gələcəyə baxmalıyıq. Hesab edirəm ki, burada biz Ermənistanın vətəndaş
cəmiyyətinin daha fəal olmasını gözləyirik. Çünki bu gün Ermənistanda nə
hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir
söyləmək iqtidarında deyil. Bu Azərbaycanofobiya konsepti, onilliklər ərzində
azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından
məhrum edib. Ancaq hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni
xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll
edilib və biz gələcəyə baxmalıyıq”.
Ermənilər
reallığı dərk edə bilmirlər
Ali
Baş Komandan, müharibədən qalib çıxmış Prezident İlham Əliyev bu fikirləri ilə
yenə də humanizm nümayiş etdirib, Ermənistanın düşdüyü vəziyyətdən yeganə çıxış
yolunun, nicatının Azərbaycan, Türkiyə və digər qonşularla normal münasibətlər
qurmaqdan keçdiyini ifadə edib, sülh, barışıq mesajı verib. Amma təəssüf ki,
Ermənistanı idarə edənlər, müxalifətdə təmsil olunanlar yenə də reallığı dərk
edə bilmirlər. Onlar Fransanın cənubunda, ABŞ-ın Kaliforniya ştatında,
Rusiyanın Krasnodar vilayətində rahat həyatlarını yaşayan erməni diasporunun
təsiri, diktəsi altında hərəkət edir, işğalçı baxışlardan əl çəkmir, sadə
vətəndaşların bu gününü, gələcəyini məhv edirlər. Belə demək mümkündürsə, sadə
ermənilər diasporun və bir qrup siyasətçinin girovuna çevriliblər.
"Əməkdaşlığa
adekvat reaksiya verməlidirlər”
Mövzu
ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov
bildirib ki, Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edən, onu
kapitulyasiya aktına qol çəkməyə məcbur edən Azərbaycan, regionun sabitliyi və
inkişafı naminə məğlub olan tərəfə jest edir, normal münasibətlər qurmaqda
maraqlı olduğunu nümayiş etdirir. Deputatın fikrincə, Yerevandakı rəsmi
şəxslər, müxalifətdə təmsil olunanlar radikal çıxışlar edərək hələ də bu jesti
dəyərləndirə bilmir, separatçılığa, işğalçılığa dair fikirlər səsləndirirlər:
"Azərbaycan atdığı addımlarla regiona sülh, inkişaf, əməkdaşlıq mühiti gətirmək
istəyir. Bu kontekstdə rəsmi Bakı 6 tərəfli əməkdaşlıq platformasını təklif
edir. Azərbaycanın Rusiya, İran, Türkiyə, Gürcüstanla əməkdaşlıq formatları
mövcuddur. Biz Ermənistanın da bu sırada olmasını arzulayırıq. Bu məqsədlə
Azərbaycan Ermənistana əməkdaşlıq əlini uzadıb. Bunun üçün ilk növbədə
nəqliyyat, kommunikasiya əlaqələri bərpa olunmalıdır. Bu istiqamətdə siyasətimizə
sadiqik. Təəssüf ki, qarşı tərəfdən bununla bağlı hər hansı addım atılmır.
Onların davranışları regionda yenidən gərginlik ocağının yaradılmasına xidmət
edir. Eks-prezident Robert Köçəryanın timsalında revanşistlər, ümumilikdə
Qarabağ klanı vəziyyəti gərginləşdirməyə çalışır. Elə iddialarla çıxış edirlər
ki, o iddiaların indiki dövrdə reallaşma əmsalı sıfıra bərabərdir. Ermənistanda
iyunun 20-də parlament seçkiləri olacaq. Seçki öncəsi revanşist qüvvələr
populist çıxışlar edir, hərbi ritorikanın hərarətini qaldırır, bulanıq suda
balıq tutmağa, xalqın etimadını qazanmağa çalışırlar. Anlamırlar ki, bunun heç
bir perspektivi yoxdur. Ermənistanın iki yolu var. Ya əməkdaşlıq etməli, normal
münasibətlər qurmalıdırlar, ya da qarşıdurmaya getməlidirlər. Qarşıdurmanı
seçənlər əmin olsunlar ki, dəmir yumruq yerindədir. Vətən Müharibəsində olduğu
kimi yenidən onların başını əzməyə hazırdır. Əməkdaşlıq isə Ermənistanın
nicatı, düşdüyü fəlakətdən yeganə çıxış yoludur. Onlar kompromisə getməyə
məhkum və məcburdurlar. Çünki qalib tərəf diktə edir, məğlub tərəf isə güzəştə
gedir. İndi top Ermənistan tərəfdədir. Ağıllarını başlarına yığıb Azərbaycanın
əməkdaşlıq təşəbbüslərinə adekvat reaksiya verməlidirlər. Əks halda, Ermənistan
dövlətini, dövlətçiliyini çox ciddi problemlər gözləyir”.
Ermənistanın
xilası üçün tarixi fürsət
Millət vəkili, politoloq
Hikmət Babaoğluqəzetimizə açıqlamasında bildirib ki,
Azərbaycanın hazırkı mövqeyi yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar
olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və
bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə
yönəlib. Onun sözlərinə görə, bunun üçün ilk növbədə Ermənistanın prosesə
qoşulması, "azərbaycanofobiyadan”, "türkofobiyadan” qurtulması, yaranmış yeni
reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsi lazımdır: "Artıq
hər kəsə aydındır ki, Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb
münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə
bilib. Bu, bizə qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı
düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı
təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə
Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki
Azərbaycan, bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan
mühüm strateji reallıq yaradıb və gec-tez hamı bununla hesablaşmalı olacaq”.
"Gələcəkdə
daha böyük fəlakətlə üz-üzə qalacaqlar”
"Atlas” Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki,
əməkdaşlıq təklifi, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların o ərazilərə
qayıtması barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər obyektivliyi
əhatə edir və gündəmdə saxlanması zəruridir. Onun sözlərinə görə, belə
fikirlərin tez-tez səsləndirilməsi, irəli sürülən təşəbbüslər, bir növ
Ermənistana təzyiq məqsədi də daşıyır: "Bizim başlıca məqsədimiz budur ki,
Ermənistan Azərbaycanın şərtlərini qəbul etsin, işğalçılıq siyasətindən əl çəksin,
növbəti dəfə bizə arxadan zərbə vurmasın. Bizim gümanımız yoxdur ki, ermənilər
hansısa zamanda növbəti təxribatlara əl atmayacaqlar. Bu baxımdan Ermənistan
cəmiyyətinə davamlı olaraq mesajlar göndərilir. Birinci mesaj əməkdaşlıqla
bağlıdır ki, bir qədər əvvəl söylədiyim kimi, bunun üçün ilk növbədə Ermənistan
işğalçılıq siyasətindən əl çəkməli, normal münasibətlər qurmalıdır. Əks halda,
bizim Zəngəzur, Göyçə kimi daha böyük hədəflərimiz var və biz gec-tez bu
hədəflərə çatacağıq. Onsuz da ermənilər indi qorxu içindədirlər. Müharibə
onlara çox pis təsir edib. Ölkəni tərk edənlərin sayı kəskin artıb. Pandemiya
bitəndən sonra bu axın daha da artacaq. Revanşist Robert Köçəryan Rusiya
televiziyasına müsahibəsində etiraf etmişdi ki, ermənilərin dövlət anlayışı
zəifdir. Bu o deməkdir ki, onların həqiqətən də dövləti olmayıb. Onların
yaşadığı ərazilər tarixi Azərbaycan torpaqlarıdır və biz oraya qayıtmalıyıq.
Reallığı dərk etməyən, əməkdaşlıqdan imtina edən Ermənistan, gələcəkdə daha
böyük fəlakətlə üz-üzə qalacaq”.
Rufik
İSMAYILOV