• çərşənbə axşamı, 19 mart, 14:58
  • Baku Bakı 8°C

Xəzər küləyinin enerjisi

31.07.21 10:30 2158
Xəzər küləyinin enerjisi
İqtisadçı Murad Calalov: "Əgər bu sahə ölkəmizdə genişləndirilərsə, ixrac da daxil olmaqla, külək enerjisi sektorundakı gəlir ölkə iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə paya malik ola bilər”
Hazırda Xəzər dənizində külək enerjisinin istifadəsi üzrə yol xəritəsi hazırlanır. Bununla bağlı mətbuata Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib. Bildirib ki, hazırda Xəzər dənizinin Azərbaycan hissəsində tədqiqatlar aparılır. Enerji sektorunun idarə olunmasına kömək proqramı çərçivəsində ilkin qiymətləndirmə keçirilib. Xəzərin külək enerjisinin potensial gücü təxminən 157 giqavatt həcmində ölçülür.

Külək enerjisi ekoloji cəhətdən təmizdir, amma həm də iqtisadi cəhətdən səmərəli hesab olunan alternativ enerji növlərindəndir.

Avropada birinci ölkə

İqtisadçı ekspert Murad Calalov deyir ki, hazırda dünyada iqtisadi və texnoloji baxımından inkişaf etmiş ölkələr bərpa olunan enerjinin həcmini artırmaqda maraqlıdırlar. Burda məqsəd, həm ətraf mühitə zərər vurmamaq, həm də gəlir əldə etməkdir. Dünyada ən çox üstünlük verilən bərpa olunan enerji isə günəş və külək enerjisidir: "Bunların hər ikisi dəniz üzərində (ofşorlar) və ya dənizdən kənar quru yerlərdə, yaxud sulu ərazilərdə (onşorlar) əldə edilir. Dünyada külək enerjisindən istifadəyə görə Çin və ABŞ dan sonra 3-cü yeri Almaniya tuturdu. Amma 2020-ci ilin statistikasına görə, artıq 60 giqavattla Almaniya birinci yerdədir”.

Almaniyanın dənizdən enerji gəliri

M.Calalov bildirdi ki, Almaniya dənizlərin imkanlarından istifadə edərək külək enerjisindən böyük gəlir əldə etməyi bacarıb: "Dünyada bu istiqamətdə uğurlu təcrübələr var. Məsələn, Almaniyanın şimal əyalətləri həm Baltik, həm də şimal dənizləri ilə əhatələnib. Külək turbinlərinin sayına, yerləşmə yerinə görə, Almaniyanın şimal hissəsi əsas paya malikdir. Turbinlərin paylanmasına görə 41 faiz tam olaraq şimalın üzərinə düşür. Yəni Almaniya dənizlərin külək enerjisi imkanlarından düzgün şəkildə istifadə etməyi bacarıb. İxracat da daxil olmaqla, Almaniyanın külək enerji sektorunda gəlirlər 17,7 milyard dollar təşkil edir. Bu da ekoloji cəhətdən təmiz məhsullarla əldə olunan bütün gəlirlərin dörddə birinə bərabərdir”.

Bakı küləyindən tam istifadə

İqtisadçı ekspertin sözlərinə görə, Xəzər dənizinin külək enerji imkanları ilə bağlı layihə tam işlənib hazırlanmadığı üçün qəti proqnozlar vermək mümkün deyil. Ancaq dənizin relyefi həm suda, həm də sudan kənarda - sahil ərazilərdə külək turbinlərinin yerləşdirməsinə imkan verir: "Dəniz ərazisi küləkli olur deyə, daha çox enerji əldə etmək mümkündür. Əlavə olaraq, Bakı küləklər şəhəri kimi tanınır. Xəzri, gilavar küləklərimiz var. Bunlardan tam şəkildə istifadə etmək olar. Bizdə gəmiçilik o qədər də inkişaf etməyib. Ona görə də, turbinlərin xəritə üzrə dənizdə yerləşdirilməsi bizim üçün tam optimaldır”.


Ucuzu günəşdir, sonra külək

M.Calalov deyir ki, külək enerjisi ekoloji cəhətdən təmizdir, gəliri çox yüksəkdir və ucuz qiymətə əldə edilir: "Külək enerjisi külək turbinləri yerləşdirilərək əldə olunur. Bir külək turbininin quraşdırılması, yerləşdirilməsi digər bərpa olunan enerjilərə nisbətən daha ucuz və asan başa gəlir. Amma günəş enerjisində istifadə edilən panellərin qiyməti, nisbətən daha ucuzdur. Alternativ yaşıl enerji içərisində ən ucuzu günəşdir, ondan sonra isə külək enerjisidir”.

"Yaxınlıqda tikinti olmamalıdır”

Külək enerjisinin səmərəlilik baxımından günəş enerjisinə uduzduğu məqamlar da var: "Hər hansı böyük bir ərazidə - deyək ki, yarım hektarda bir külək turbini yerləşdirmək mümkündürsə, eyni ərazidə daha çox günəş panelləri yerləşdirmək olar. Bu baxımdan günəş enerjisi daha səmərəli olur. Digər məsələ odur ki, külək enerjisi əldə etmək üçün turbinlər yerləşdirilən ərazinin yaxınlıqda tikinti olmamalıdır”.

Azərbaycanın hədəfi

M.Calalov deyir ki, bu sahə ilə bağlı ölkəmizin müəyyən hədəfləri var: "Bizdə proses gedir. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2030-cu ilədək ölkəmizdə sosial-iqtisadi inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmanın prioritetlərindən biri kimi müəyyənləşdirilir. Həm də 2030-cu ilə qədər bərpa olunan enerjinin payını ölkə üzrə 30 faizə çatdırmaq hədəflənib”.

Ölkəyə investisiya axını

Ekspert qeyd etdi ki, külək enerjisinin genişləndirilməsi işləri ölkə iqtisadiyyatında önəmli paya malik olacaq: "Bu sahənin digər ölkələrdə ildən-ilə genişləndirilməsi məşğulluğu artırır. Yüz minlərlə əhali işlə təmin olunur. Hazırda inkişaf etmiş ölkələr, böyük şirkətlər əsas investisiyalarını yaşıl enerji ilə bağlı layihə və planlara ayırırlar. Hansı ölkədə yaşıl enerji planları varsa, həm şirkətlər, həm də dövlət, birbaşa olaraq bu sahəyə investisiyalar, maliyyələr ayırırlar. Digər tərəfdən, küləkdən enerji əldə etməklə, bərpa olunmayan neft enerjisinə qənaət etmiş olarıq. Nefti hasil edərik, ehtiyat kimi saxlayarıq, qiyməti qalxanda satarıq. Əgər bu sahə ölkəmizdə genişləndirilərsə, ixrac da daxil olmaqla külək enerjisi sektorundakı gəlir ölkə iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə paya malik ola bilər. Ətraf mühitin qorunması dünyada ön planda durduğu üçün bu sahə üzrə ölkəyə külli miqdarda investisiya axını olacağına inanıram. Bu layihə xarici investorların əraziyə cəlbi, beynəlxalq şirkətlərlə enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaratmış olar”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər