• bazar ertəsi, 21 aprel, 10:56
  • Baku Bakı 11°C

Yerli avtomobillərə maraq azalıb

21.04.25 01:27 152
Yerli avtomobillərə maraq azalıb

2025-ci ilin yanvar ayında yerli avtomobil istehsalında 42 faiz azalma müşahidə edilib. Ekspertlər bunun əsas səbəbini vətəndaşların yerli avtomobillərə olan marağının böyük olmamasında görürlər. 

Avtomobil sənayesi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahələrdəndir. Bu sektor nəqliyyat vasitələrinin istehsalı və satışı ilə yanaşı, məşğulluq səviyyəsinə, daxili bazarın inkişafına və texnoloji yeniliklərin tətbiqinə də təsir göstərir. Azərbaycanda da avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində son illərdə müxtəlif addımlar atılıb, yerli istehsalın genişləndirilməsi üçün bir sıra layihələr həyata keçirilib. Bununla belə, 2025-ci ilin yanvar ayına aid göstəricilər avtomobil istehsalında əvvəlki illə müqayisədə ciddi azalmanın müşahidə olunduğunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk ayında ölkədə cəmi 235 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 171 ədəd və ya 42,1 faiz azalma deməkdir. Bundan əlavə, fevral ayının əvvəlinə olan məlumata görə, yerli müəssisələrdə 141 ədəd avtomobil ehtiyatda qalıb. Bəs, görəsən, istehsalın birdən-birə 42 faiz azalmasını şərtləndirən səbəblər hansılardır? Bu sahədə inkişafa necə nail ola bilərik?

“Ehtiyat hissələrini xaricdən alırıq”

İqtisadçı-ekspert Günay Hüseynovanın sözlərinə görə, Azərbaycanda avtomobil istehsalı tələb və təklif amili əsasında formalaşır: “Gəncə, Neftçala, Naxçıvan, Hacıqabulda avtomobil istehsalı müəssisələri fəaliyyət göstərir. Yerli istehsala tələbatın azalmasının ilkin səbəbi onların ehtiyat hissələri, detalları ilə bağlıdır. Çünki xaricdən alınır. Normalda detallar da yerli istehsal olmalıdır. Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaş eyni qiymətə xarici istehsala üstünlük verir. Xarici avtomobillər görünüş, keyfiyyət baxımından da vətəndaşa daha cəlbedici gəlir. Tələb və təklif amili əsasında yerli minik avtomobili istehsalının statistik göstəriciləri də dəyişir”.

G.Hüseynova düşünür ki, yerli istehsala tələbi artırmaq üçün müəyyən addımlar atıla bilər: “Vətəndaşda maraq oyatmaq lazımdır. Bunun üçün bir sıra işlər görülməlidir. Məsələn, dövlət qurumlarındakı xidməti avtomobillər yerli istehsalla təmin olunarsa, sıravi vətəndaş da bu maşınlara maraq yaranar”.

“Xarici modellər hər il yenilənir”

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə düşünür ki, yerli maşınlar xarici istehsala uduzur: “Statistik rəqəmlərə baxdıqda da görmək mümkündür ki, vətəndaşlarımız yerli minik avtomobillərinə daha az maraq göstərirlər. Bunun da müəyyən səbəbləri mövcuddur. Onlardan biri yerli istehsalın idxal edilən avtomobillərə uduzmasıdır. Yerli minik maşınlarının texniki parametrləri, yanacaq sərfiyyatı, komfortu idxal edilən avtomobillərdən geri qalır”. 

A.Əsədovun fikrincə, bu mənzərə əvvəlki dövrlərdə də mövcud olub: “Ümumi götürsək, vətəndaşlar çox zaman xarici istehsal olan avtomobilləri daha üstün tutublar. Həmçinin xaricdə istehsal edilən maşınlar dizayn olaraq hər il yenilənirlər. Bu, insanların onlara olan marağını daha da artır. Bu amil də istehsalımızın arxa planda qalmasına gətirib çıxarır. Beləliklə, yerli istehsalda ləngimə baş verir”. 

“Xərci də çoxdur, qiyməti də”

Ekspert qeyd edir ki, vətəndaşlar avtomobillərə daha yüksək məbləğ ödəmək istəmirlər: “Digər bir məqam yerli maşınların qiymətinin çox olmasıdır. Bu maşınları kreditlə və ya lizinq şətrlərilə daha yüksək qiymətə əldə edirlər. Bu da yerli istehsalı ləngidən, istehsalımızın azalmasına səbəb olan faktlardandır. Yerli istehsal dedikdə xarici ölkələrdən hissələrin gətirilməsi və burada birləşdirilib yığılması başa düşülür. Bu isə özü-özlüyündə kifayət qədər xərc tələb edir.  Qeyd olunan məqamlar bir-biri ilə zəncirvari şəkildə bağlıdır”. 

“Yerli bazarı araşdırmalıyıq”

Müsahibimizin fikrincə, hər bir halda yerli avtomobil istehsalı davam edilməli və genişləndirilməlidir: “Tələbatın zəif olması o mənaya gəlməməlidir ki, biz ümumiyyətlə avtomobil istehsalını dayandırmalıyıq. Əksinə, istehsalı daha da artırmalıyıq. Rəqabətə davamlı avtomobillər istehsal etməliyik. Həmçinin yerli bazarı araşdırmalıyıq. İnsanların maraq dairələrini öyrənməliyik. Avtomobil istehsal edərkən baxmalıyıq ki, hansı modelləri almaq daha sərfəlidir. Bunları dəyişdirərək inkişafa nail ola bilərik”. 

Ekspert deyir ki, istehsal üzərində çalışsaq,  avtomobillərimizi xaricə də ixrac edə bilərik: “Digər nəzərə alınmalı məsələ qonşu ölkələrin avtomobil bazarına çıxış imkanlarımızın olmasıdır. İstehsalı inkişaf etdirərək, daha keyfiyyətli avtomobillər yığaraq, onları qonşu ölkələrə ixrac edə bilərik. Bu, ölkəmizin tanınması üçün də böyük fürsətdir”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər