Borclanmanın qarşısını alan sərtləşdirmə

Mərkəzi Bank tərəfindən kreditlərin və kredit kartlarının verilməsində sərtləşdirilmiş qaydalar tətbiq edilir. Ekspertlərin fikrincə, bu qaydalardan sonra həm borclanma faizi azalıb, həm də təhlükəsizlik artırılıb.
2025-ci ilin birinci rübündə istehlak kreditləri və kredit kartlarının verilməsi ilə bağlı standartlarda sərtləşmə davam edib. Bu, Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən “2025-ci ilin birinci rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri”ndə əksini tapıb. Bəs şərtlərin sərtləşməsi nə ilə əlaqədardır? Bu, vətəndaşa və banklara necə təsir edəcək?
Əməkhaqqının 45 faizini keçməməlidir
Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, yaxın dövrlər ərzində istehlak kreditlərində kəskin artım müşahidə olunurdu. Bununla da əhalinin davamlı şəkildə borclanması baş verirdi: “Bəzi hallarda aylıq ödənişlər əməkhaqqının 80-90 faizini təşkil edirdi. Belə vəziyyət həm əhali arasında narazılıq yaradırdı, həm də ödəniş qabiliyyətinin aşağı düşməsinə səbəb olurdu. Məlum proses problemli kreditlərin artması, banklarda likvidliyin zəifləməsi kimi ciddi problemlərə yol açır”.
E.Kərimovun fikrincə, Mərkəzi Bank hərəkətə keçərək xərclərin gəlirlərə nisbəti əmsalını tətbiq etdi: “Bu qaydalara əsasən, istehlak kreditlərinin aylıq ödənişlərinin cəmi məbləği vətəndaşın əməkhaqqısının 45 faizini keçməməlidir. Nəticədə paralel kreditlərin verilməsi nisbətən azaldı. İstehlak kreditlərindəki süni artımda, problemli kreditlərdə müəyyən səngimələr oldu. Bu, bazarı tənzimləməyə, istehlak kreditləri ilə bağlı vəziyyəti sabitləşdirməyə köməklik etdi. Məlum tendensiya indi də davam edir”.
“Sərtləşməyə həqiqətən ehtiyac var”
Ekspert bildirdi ki, qaydaların sərtləşməsi borclanmanın qarşısını alır: “Mərkəzi Bankın statistik göstəricilərindən də göründüyü kimi, kreditə tələb artıb. Lakin xərclərin gəlirlərin nisbətinə dair tələblər paralel kreditlər verilən zaman nəzərə alınır ki, bu da sərtləşməni zəruri edir”.
E.Kərimovun sözlərinə görə, sərtləşmə olmazsa, haqqında danışılan vəziyyət tənzimlənə bilməyən durumla nəticələnər: “Ciddi sərtləşmənin tətbiqinə həqiqətən də ehtiyac var idi. Bankların, onların təklif etdiyi xidmətlərin sayını, kredit kartlarının imkanlarını, bir borcla digər borcu bağlamaq kimi halları da nəzərə aldıqda, tənzimləmələrin vacibliyini görürük. Fikrimcə, bu addımlar növbəti illərdə də davam etdirilməlidir”.
Mənfi və müsbət tərəfləri
Ekspert yeni qaydaların banklara və vətəndaşlara təsirindən də danışdı: “Bu sərtləşmə həm banklara, həm də əhaliyə müsbət təsir göstərir. Əhaliyə müsbət təsiri ondan ibarətdir ki, həddən artıq borclanma, paralel kreditlərin verilməsi nəticəsində yaşayış səviyyəsinin çətinləşməsi, xərclərin artmasının qarşısı alınır. Banklarda isə problemli kreditlərin azalmasına, kredit portfelinin yaxşılaşmasına, likvidliyin artırılmasına səbəb olur. Qərarın müsbət tərəfləri daha çox olsa da, mənfi nəticələri də var. Məsələn, sərtləşmə səbəbindən istehlak kreditlərinin verilməsində azalma baş verə bilər. Amma bu, keyfiyyətə yönəlik tədbirdir”.
“Dələduzluq halları xeyli azalıb”
İqtisadçı Asif İbrahimli isə sərtləşmənin təhlükəsizliyi artırdığı qənaətindədir: “Mərkəzi Bank dünyada tətbiq olunan beynəlxalq standartları Azərbaycanda bank sisteminə tətbiq etməyə çalışır. Kredit kartları ilə bağlı təhlükəsizik məsələləri mövcud idi. Bu səbəbdən 3D təhlükəsizlik, identifikasiya, həmçinin üz tanıma sistemləri tətbiq edildi. Təkmilləşdirmələr yenə də aparılır”.
A.İbrahimlinin fikrincə, dələduzluq halları xeyli azalıb: “Şəxsin xəbəri olmadan adına kredit götürülməsi kimi faktlar mövcud idi. Qaydaların sərtləşməsindən sonra artıq bir şəxsin yerinə başqası kredit götürə bilmir. Üz tanıma sistemləri tətbiq edilir. Son yenilənmələrdən sonra belə hallar minimuma enib”.
“Sosial şəbəkə hesabları da nəzərə alınır”
İqtisadçının sözlərinə görə, yeni qaydalardan sonra artıq şəxslərə kredit verilmədən öncə onların sosial şəbəkə hesabları da nəzərə alınır: “Bu da şəxsin ödəmə qabiliyyətinin müəyyənləşməsi üçündür. Məsələn, şəxsin rəsmi əməkhaqqısı təsdiqini tapmır, amma sosial şəbəkə hesablarında əlavə qazanc yeri olduğu ortaya çıxır. Beləliklə, qiymətləndirmə aparılır. Son sərtləşmədən sonra vətəndaşların əməkhaqqısı, gəlirləri, həmçinin xərcləri nəzərə alınır. Ondan sonra qərar verilir ki, şəxsə kredit vermək olar, yoxsa yox. Bu qaydalar bütün dünyada tətbiq olunur”.
İqtisadçının sözlərinə görə, bəzən vətəndaşlar deyirlər ki, kreditlərin alınması çətinləşib. Amma təhlükəsizlik də artıb. Bu, həm vətəndaşlar, həm də banklar üçün daha etibarlıdır.
Zərif Salmanlı
