• şənbə, 21 Iyun, 10:42
  • Baku Bakı 19°C

ABŞ-yə yumurta, Çinə toyuq ayağı

21.06.25 03:55 77
ABŞ-yə yumurta, Çinə toyuq ayağı

İlin əvvəlində ABŞ-yə yumurta ixrac etməyə başladıq. İndi isə Çinə toyuq ayaqları ixracı ilə bağlı razılaşmalar əldə edilib. Ekspertlər düşünürlər ki, bu, quşçuluq sənayemizin uğurudur.

Ölkəmiz Çinə toyuq ayaqları ixrac edəcək. Belə ki, Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun idxalına icazə alınıb. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev deyib. O qeyd edib ki, məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır. “Bu prosedurları Çin tərəfindən aidiyyəti qurumlar təsdiq etməlidir. Potensialları müəyyənləşdirilən məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Hazırda icazəsi olan toyuq ayaqları məhsullarıdır. Bu, Çində böyük idxal potensialı olan bir məhsuldur. Artıq toyuq ayaqlarının ixracına Çindən icazə alınıb". 

Nəzərə alaq ki, bir  müddət əvvəl də ABŞ-yə yumurta ixrac etməyə başlamışıq. İndi isə Çinə toyuq ayağı ixrac edəcəyik. Bunları Azərbaycan quşçuluq sənayesinin uğuru kimi qiymətləndirmək olarmı? Bu sahədəki potensialımız nə qədərdir?

"Bu il otuz milyon yumurta ixrac etmişik"

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, quşçuluq ölkəmizdə ən dinamik inkişaf edən sahələrdəndir: “Bunun əsas  səbəblərindən biri hər zaman bu sahəyə diqqət və dəstəyin göstərilməsidir. Dünyada ən ucuz süfrə yumurtası satılan ölkələr arasında ilk beşlikdəyik. Toyuq əti ilə bağlı da regionda ən ucuz ölkəyik. Keçən il süfrə yumurtası ixracımız 100 milyon ədədin üzərində idi. O dövrdə Rusiya və Yaxın Şərq ölkələrinə satış edirdik. Bu il isə Yaxın Şərq ölkələrinə və ABŞ-yə yumurta ixrac etdik. Bu ilin altı ayı ərzində 30 milyondan çox yumurta ixrac etmişik. İl sonuna kimi də ixrac davam edəcək”. 

“Bir sıra ölkələrlə danışıqlar aparılır”

M.Həsənli bildirdi ki, gələcək illərdə quşçuluq sənayesi məhsullarının ixracını daha da artıra biləcəyik: “Ölkəmiz dünyada quş qripindən azad zona elan edilib. Bundan sonra digər dünya dövlətlərinin məhsullarımıza marağı artıb. Hazırda Afrika ölkələri - Sudan, Somali və digər bazarlarla da əlaqələr yaratmışıq. Sənədləşmə işləri gedir. Avropa ölkələrindən İtaliya və Polşada ət satışı ilə bağlı sənədləşmə işləri aparırıq. Yaxın gələcəkdə oraya həm toyuq əti, həm də yumurta ixrac edəcəyik. Hansı ölkələrdə məhsulumuza tələbat varsa, həmin ölkələrə satış axınımız olur. Məsələn, keçən il Rusiyada yumurta qıtlığı yarandığı üçün daha çox oraya ixrac etdik. Bu il ABŞ quş qripi xəstəliyi yaşadığından yumurta istehsalı azaldı. O səbəbdən oraya yumurta ixrac etməyə başladıq”. 

Sədr Çinə toyuq ayağı ixracımızdan da danışdı: “Çinə təkcə toyuq ayağı deyil, gələcəkdə toyuq əti ixracımız üçün də sənədləşmə işləri aparırıq. Toyuq ayağı ixracı üçün Çin tərəfindən icazə verilib. Hazırda akkreditasiya işləri gedir. Yaxın bir-iki həftə ərzində sənədləşmə bitdikdən sonra ixraca başlayacağıq. Bu, bizim üçün yeni bazardır. Hazırda ölkəmizdə gündəlik 300-350 min ədəd toyuq kəsilir. Həmin toyuqların ayaqları göndəriləcək”. 

“Çinlə birbaşa öz bazarımız yaranacaq”

M.Həsənlinin sözlərinə görə, əvvəl Çinə bu məhsulu başqa ölkələrdən göndərirdik, hazırda özümüz ixrac edəcəyik: “Bu məhsulu çox ucuz qiymətə satırdıq. Rusiya, Vyetnam üzərindən Çinə göndərirdik. Bu zaman həmin ölkələrin məhsulu hesab olunurdu. Hazırda isə Çinlə birbaşa öz bazarımız yaranacaq. Çinin bizim quşçuluq bazarına açılması gələcək üçün həm ixrac potensialımızın, həm də istehsalımızın genişlənməsində böyük təkan olacaq”. 

“Məhsulumuz rəqabət qabiliyyətli olmalıdır”

İqtisadçı Pərviz Heydərov da düşünür ki, bazarlarımız genişləndikcə, iqtisadiyyatımız güclənəcək: “Əgər Çin bazarına açılmaq kimi imkan yaranıbsa, fərqi yoxdur hansı məhsul satılacaq. Bu, ölkəmiz üçün çox böyük uğur hesab oluna bilər. Çünki bu sahənin inkişafına böyük töhfə verəcək. Bu, ölkəmizə əlavə valyuta gəliri deməkdir. Həmin valyuta ilə bu sahəyə investisiya da cəlb edə bilərik”.  

P.Heydərovun sözlərinə görə, bu sahənin ixrac potensialını artırmaqla yerli istehsalın da böyüməsinə nail ola bilərik: “Yerli istehsalı inkişaf etdirmək üçün dövlət dəstəyi çox önəmlidir. Xarici bazarlara çıxmaq imkanlarına malik olmalıyıq. Yerli məhsullarımız Avropa, Asiya, yaxın qonşu ölkələrə ixrac olunmalıdır. Yaxın Şərq ölkələri çox yaxşı bazardır. Filippin, Vyetnam kimi ölkələrə də ixrac potensialımız mövcuddur. Bunun üçün məhsulumuz rəqabət qabiliyyətli, keyfiyyətli olmalıdır. Xarici bazarları öyrənməliyik”. 

Daxili bazara da müsbət təsir edəcək

İqtisadçının fikrincə, digər ölkələrlə də belə razılaşmalar əldə etməliyik: “Bu, qarşımıza qoyduğumuz hədəf olmalıdır. Yalnız bundan sonra yerli istehsalı inkişaf etdirə bilərik. Çünki təkcə həmin sahəyə valyuta ayrılması ilə, dövlət proqramları təşkil etməklə tam inkişafa nail olmaq mümkün deyil. Stimullaşdırıcı amil bu cür kanalların artırılmasıdır. Yalnız kanallarımızı genişləndirməklə, müxtəlif məhsullar ixrac etməklə yerli istehsalın inkişafına nail olacağıq. Yerli istehsal artdıqca, daxili bazarda da öz məhsullarımız çoxluq təşkil edəcək”. 

Zərif Salmanlı 

banner

Oxşar Xəbərlər