Xəzər konvensiyası imzalandıqdan bir il sonra

Xəzər konvensiyası imzalandıqdan bir il sonra

Siyasət
14 Oktyabr 2019, 19:13 192
Xəzərin statusunu müəyyən edən Konvensiyanın imzalanmasından bir keçsə də, hələ də sənədlə bağlı müəyyən problemlər qalır. Rusiya KİV-ləri yazır ki, oktyabrın əvvəllərində Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin hüququ statusunu müəyyən edən Konvensiyaya imza atdı. Bir qədər əvvəl isə sentyabrda Rusiya parlamentinin hər iki palatası sənədi ratifikasiya etdi. Beləliklə də, Rusiya bundan əvvəl Xəzər üçün tarixi sayılan Konvensiyanı ratifikasiya edən Azərbaycan, Qazaxıstan və Türkmənistana qoşuldu. "Nezavisimaya qazeta” yazır ki, ötən ilin avqustunda Xəzəryanı beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və  Türkmənistan Xəzərin hüquqi statusunu müəyyən edən Konvensiyaya imza atdılar. Aktau şəhərində baş tutan mərasim kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırıldı, müxtəlif ölkələrin politoloqları tərəfindən ən müxtəlif formada şərh edildi. Axı 20 ildən artıq idi ki, tərəflər sənədin imzalanmasına doğru yol gedirdilər. Onun peyda olması isə Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı qeyri-müəyyənliyə son qoymuş oldu.
Müəllif məqaləsində Rusiya Elmlər Akademiyası Mərkəzi Asiya, Qafqaz, və Volqaboyunun Tədqiqi Mərkəzinin elmi işçisi Aleksandr Vorobyov yazır ki, bu qeyri-müəyyənlik SSRİ-nin dağılmasından və Xəzər hövzəsində müstəqil dövlətlərin yaranmasından sonra yarandı. SSRİ-nin dağılması ilə Xəzər üzrə imzalanan Sovet-İran razılaşmaları da qüvvədən düşdü. Konvensiyaya dərhal "Xəzərin konstitusiyası” adı verildi. "Çərçivə sazişi olan bu Konvensiya əsas müəyyənedici xarakter daşıyır və onunla unikaldır ki, dənizin hüququ üzrə mini-konvensiyanı əks etdirir. Orada Xəzər dənizi nə dəniz, nə də göl kimi əks olunub. Sadəcə, beş Xəzəryanı dövlət tərəfindən əhatə olunan su hövzəsi kimi göstərilib. Belə bir nadir traktovka sənədi hazırlayanlara onun yekun hissəsinin formalaşdırılmasında daha çevik və yaradıcı olmağa imkan verib. Konvensiyanın yekun hissəsində bütövlükdə bir il bundan əvvəl olduğu kimi, Xəzəryanı dövlətlərin rifahı üçün gərəkli olduğu vurğulanır. Konvensiyanın ortaya qoyduğu müəyyənlik qeyri-müəyyənlikdən və qaydaların olmamasından yaxşıdır”, - deyə müəllif yazır. Onun qənaətincə, hər bir imza atan dövlət sənədin imzalanmasından öz mənfəətini əldə etdi: "Rusiya və İran Xəzərdə əcnəbi oyunçuların silahlı qüvvələrinin iştirakının mümkünsüzlüyü barədə təminatını qazandı. Xəzər akvatoriyasının ümumi istifadədə saxlanılması Rusiyaya həm də, öz hərbi-dəniz qüvvələrini yerləşdirmək imkanı verdi. Azərbaycan, Türkmənistan və Qazaxıstan isə dəniz dibində yerləşən geniş neft və qaz ehtiyatlarının mənimsəmək hüququ əldə etdilər. ABŞ Energy Information Administration (EIA)-nin hesablamalarına görə, Xəzər şelfində neft ekvivalentində 6,5 mlrd. ton neft və qaz ehtiyatları var”.
Lakin rusiyalı ekspert hesab edir ki, "bu bir ildən artıq müddətdə bəlli oldu ki, Xəzər Konvensiyasının uğurla imzalansa da, arxasında potensial risklər mövcuddur. Və çox tezliklə onlar özlərini büruzə verəcəklər. Məsələn, İran Xəzəryanı dövlətlər sırasında tək dövlətdir ki, hələ də, Konvensiyanı ratifikasiya etməyib. Güman edilir ki, İran İslam Respublikasında sənədin ratifikasiyasına gələn il başlanılacaq. 2020-ci ilin fevralında ölkədə növbəti parlament seçkiləri keçiriləcək: Konvensiyanın taleyini artıq yeni çağırış parlament müəyyən edəcək. Məsələ ondadır ki, nə cəmiyyətdə, nə də parlamentdə prezident Həsən Ruhaninin ötən ilin avqustunda imza atdığı konvensiyanın Tehran üçün əlverişli olub-olmaması barədə konsensus mövcud deyil”. Rusiyalı ekspert bildirir ki, İran iddia edir ki, ona az ərazi düşüb. "İranlıların narazı hissəsi onlara 20 faiz verilməsini istəyir. Bir il əvvəl İran faktiki olaraq geri çəkildi və bu səbəbdən də bir sıra güzəştlər əldə etdi. Tehran ABŞ-la gərginlik fonunda, eləcə də, Suriyadakı müharibə səbəbindən mürəkkəb beynəlxalq durumdadır. Konvensiyanın imzalanması zamanı da hərbi-strateji mənfəət dənizin daha geniş sektorunu əldə etmək istəyini üstələdi”, - deyə bildirib. Onun qənaətincə, Tehranın hələ də, konvensiyanı ratifikasiya etməməsi narahatçılıq doğurur: "Proses istənildiyi kimi hamar getmir. Konvensiyanın ratifikasiya prosesi İran parlamentində qızğın debatlara gətirib çıxaracaq. Bu, Tehrandakı diplomatların Rusiyadan və sənədə imza atan digər dövlətlərdən yeni güzəştlər tələb etməsinə gətirib çıxara bilər. Bu bir il ərzində yaranan başqa bir müsbət olmayan tendensiya Xəzəryanı dövlətlər arasında dövlətlərarası qarşılıqlı münasibətlərin dinamikasında baş verən durğunluqla bağlıdır. Sənədin imzalanması ərəfəsində "Xəzər beşliyi” arasında dövlətlərarası münasibətlərin dinamikası intensiv idi. Konvensiyanın imzalanmasını Moskva və digər iştirakçı dövlətlər final nöqtə kimi qəbul etmişdilər. Lakin konvensiya özlüyündə çərçivə xarakterlidir. Bir sıra məsələlər və həllini tapmayan mübahisələr bir növ sənəddən kənar mötərizədə qalıb. Məsələlərin həlli daha detal işlənmə, mübahisə və ziddiyyətlər (xüsusən də İran və Azərbaycan arasında yataqların işlənməsi ilə bağlı) həllini gözləyir. Eləcə də, Transxəzər qaz kəmərinin taleyi”.
Müəllif sonda bildirir ki, "Xəzər beşliyi” arasındakı ziddiyyətlər və fikir ayrılıqları dramatik olmasa da, hər halda ortamüddətli perspektivdə qalır. Hazırda Xəzəryanı dövlətlərin iqtisadi əlaqələri o qədər də intensiv deyil, Xəzər regionu dövlətlərinin müxtəlif istiqamətliliyi ortadadır. Ziddiyyətlərin kəskinləşməməsi üçün Xəzəryanı dövlətlər minimum siyasi koordinasiyanın tempini aşağı salmamalı, maraqlar və qarşılıqlı ehtiyacları nəzərə almalı, iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməlidir. Ən əsası, Xəzər regionunda təhlükəsizliyin qorunub saxlanılması üçün hamı istisna olmadan prosesə cəlb etməlidirlər.

Azər NURİYEV