AZE | RUS | ENG |

Xəzər bölgəsi turistlərin sevimli məkanına çevrilə bilər

Xəzər bölgəsi turistlərin sevimli məkanına çevrilə bilər
İstər dəniz kruizləri, istərsə də çimərliklər baxımından mövcud olan böyük potensialdan səmərəli istifadə etməliyik

Rusiyanın Baş Naziri Dmitri Medvedyev Xəzər dənizinin böyük turizm potensialına malik olduğunu bildirib. Medvedyev Türkmənbaşı şəhərində keçirilən Xəzər İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb ki, Xəzər dənizi hövzəsində turizmi inkişaf etdirmək üçün yeni infrastruktur yaradılmalıdır.
Baş nazir qeyd edib ki, Xəzər regionunun gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti buranın populyar turizm istiqamətlərindən birinə çevrilməsinə imkan yaradır. Ekspertlərin hesablamalarına görə, Xəzər sahillərində hər il bir milyona yaxın turist istirahət edə bilər. D.Medvedyevin fikrincə, bunun üçün əlavə infrastruktur tikilməli, rəqabətqabiliyyətli turizm məhsulları, o cümlədən liman şəhərlərinə həsr olunmuş səyahət marşrutları tərtib edilməlidir.
 
Rusiya hökumətinin başçısı Həştərxan gəmiçilərinin "Pyotr Veliki” gəmisini artıq suya buraxdıqlarını və gəmidə tamamlama işlərinin getdiyini deyib. Onun sözlərinə görə, gəmi ilk səyahətə gələn il çıxacaq, Xəzəryanı dövlətlərin limanları, yaxud Xəzər dənizi, Qara dəniz və Azov dənizi boyu marşrutu üzrə hərəkət edəcək.
Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsinin bir neçə dəfə artırılacağını vurğulayan D.Medvedyevin sözlərinə görə, Rusiya ilə Xəzəryanı dövlətlər arasında əmtəə dövriyyəsi son illər 3,5 faiz artıb.

Xəzərin turizm potensialından yararlanmaq üçün biz nə etməliyik?

Turizm üzrə ekspert Rəhman Quliyev bizimlə söhbətində bildirdi ki, Xəzərlə başqa ölkələrə kruizlərin təşkili Xəzərin turizm potensialından yararlanmamız üçün prioritet məsələdir: "Mən kruizlərin təşkilini turizmin inkişafı üçün ən başlıca amillərdən hesab edirəm. İş adamlarına şərait yaratmaq, investisiyalar qoymaq lazımdır ki, dəniz vasitəsilə daşımaçılıq inkişaf etdirilsin. Eyni zamanda 5 Xəzəryanı ölkənin sahil liman şəhərlərindən istifadə edərək, turist mübadiləsi aparmaq mümkündür. Kruizlər Azərbaycana Rusiyadan, Həştərxandan turist axınının artmasına səbəb olacaq. Bu vacib məsələlərdən biridir”.

 
"Ən yaxşı çimərlik Azərbaycandadır”

Ekspert deyir ki, Xəzərin ən yaxşı çimərliyi Azərbaycan tərəfə düşür: "Biz bundan səmərəli istifadə edə bilsək, ölkəyə turist axınını artıra bilərik. Bununla yanaşı, Azərbaycana uçuşlar təşkil edən aviaşirkətlərlə danışıqlar aparmaq lazımdır. İkitərəfli qaydada deyil, birtərəfli qaydada biletlərin ucuzlaşdırılması üçün mümkün variantlardan istifadə etmək lazımdır. Yaxud bu gün Bakı-Moskva təyyarəsinə bilet 200 manatdırsa, geri dönüş biletləri nisbətən ucuz olmalıdır. Eyni zamanda Qazaxıstan hava yollarında güzəştlər edilməlidir. Əgər biz istəyiriksə turist axınını çoxaldaq, aviaşirkətlərlə mütləq danışıqlara nail olmalıyıq. Ona görə də indidən bu sahədə işlərə başlamaq lazımdır. Bununla yanaşı, sərfəli və keyfiyyətli otellərin sayını çoxaltmalıyıq. Dünya təcrübəsində belə hallar çox olur. 20 il bundan əvvəl Bodruma gedəndə hər şey indiki qədər gözəl deyildi. Həmin vaxt orada otel tipli yerləşdirmə məntəqələrinin sayı çox az idi. Amma indi orada olan otellərin sayı-hesabı yoxdur. Bu, qarşıya qoyulan hədəf idi. Onlar qısa müddət ərzində bu hədəfə nail oldular. Düzgün strateji hədəflər qarşıya qoymaqla, biz də məqsədlərimizə nail ola bilərik. Düzdür, məsələn, bir neçə il əvvələ qədər Qəbələdə cəmi bir neçə otelə rast gəlmək olurdu. Amma indi irili-xırdalı onlarla otel və mehmanxana tikilib. İstənilən halda, görülən işlərlə qane olmaq olmaz. Növbəti illər ərzində bu artım tendensiyası davam etdirilməlidir. Ekonom büdcəli otellərin inşasına şərait yaradılmalıdır. Çünki buna büdcəsi çatmayan turistlər də var. Əgər onları nəzərə almasaq, həmin turistləri itirərik. Belə olan təqdirdə, Azərbaycan turistlərin yaddaşında bahalı ölkə kimi qalacaq”.

"Bölgələrimizdə çimərlik əraziləri artırılmalıdır”

Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov deyir ki, Xəzərin turizm potensialından yararlanmaq üçün ilk növbədə çimərliklərin infrastrukturunu yüksək səviyyəyə gətirmək lazımdır: "Bizdə artıq ictimai çimərliklər yaradılır. Amma bunlar daha geniş şəkildə bütün Xəzəryanı sahil ərazisində olmalıdır. Çimərliklər normalara uyğun yaradılmalıdır. Həm turistlər, həm də yerli vətəndaşlar çimərlikdən istifadə edərkən təhlükəsizlik məsələləri və sanitar-gigiyenik normalara da riayət olunmalıdır. Eyni zamanda, sahilyanı ərazilərin təmizliyinə, sözügedən ərazilərdə obyektlərə nəzarət edilməlidir. Bunlar yüksək səviyyəyə gətirirlərsə, Xəzərin turizm potensialından yararlana bilərik”.
Həmsöhbətimiz də hesab edir ki, kruizlərin təşkili Azərbaycana turist axınını artıra bilər: "Kurizlərin təşkilinə artıq başlanılıb. Amma bu iş daha da sürətləndirilməlidir. Bütün bu saydıqlarımız təkcə Bakıya deyil, bölgələrə də aiddir. Cənub bölgəsi, Mingəçevir ərazisi, Nabranda ekoloji təmizliyə, sanitar qaydalara riayət olunmalıdır. Nabranda obyektlər var, amma çimərlikləri yararsız vəziyyətdədir. Müəyyən qrup turistlər var ki, çimərlikləri sevirlər. Bu səbəbdən bölgələrimizdə də eyni şəkildə çimərlik əraziləri artırılmalı və nəzarət gücləndirilməlidir”.

 
"Xəzərdə üzən mehmanxana fəaliyyət göstərəcək”

Məlumat üçün bildirək ki, 2020-ci ilin payızına qədər Xəzər dənizində bir neçə kruiz səfərlərin həyata keçirilməsi planlaşdırılır. Kruizin "Böyük Pyotr” teploxodunda həyata keçiriləcəyi nəzərdə tutulub. "Mosturflot” turoperatorunun mətbuat katibi Aleksandr Filimonov mətbuata açıqlamasında bildirib ki, gəmi azı bir il gecikmə ilə istifadəyə veriləcək: "Xəzər dənizində kruiz səfərlər üçün tələbat artıq indidən çox yüksəkdir. 2020-ci ilin payızına qədər Xəzər dənizində bir neçə səfərlər həyata keçirməyi planlaşdırırıq. Qışda teploxodu Soçiyə göndərmək istəyirik, çox güman ki, o, üzən mehmanxana kimi fəaliyyət göstərəcək”.
"Şərq xəzinələri” kruizi 11 gün, 10 gecə üçün nəzərdə tutulub. Gəmi Bakı (Azərbaycan), Bəndər-Ənzəli (İran), Nouşəhr (İran), Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan), Həştərxan (Rusiya), Mahaçqala-Dərbənddə (Rusiya) dayanacaq.
Tikilməkdə olan teploxodda 155 eyvanlı kayut və 12 lüks kabinə olacaq. Gəmi 310 sərnişin üçün nəzərdə tutulub.
 
Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973