• bazar, 08 Sentyabr, 06:12
  • Baku Bakı 19°C

Xankəndinin siması dəyişir

06.07.24 00:17 2159
Xankəndinin siması dəyişir

Prezident Xankəndidə yeni hotellərin açılışında iştirak edib. Qarabağ Universitetində görülən işlərlə tanış olub.  

Prezident İlham Əliyev Şuşa və Xankəndiyə səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra açılışlara qatılıb, Xocalı Hava Limanında olub. 

Xocalı Hava Limanı təkmilləşdiriləcək

Dövlət başçısına bildirildi ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.

Məlumat verildi ki, Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək.

Ekoloji təmiz universitet şəhərciyi yaradılacaq

Prezident Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub. Bildirildi ki, ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Bununla bağlı müvafiq elan verilib və qeydiyyat prosesi başlanılıb.

Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.

Xankəndidə hotellər istifadəyə verildi

İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace”hotellərinin açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

Bildirildi ki, “Qarabağ” hotelində Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq.

“Palace” hotelində isə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. 

“İsa bulağı” istirahət kompleksi

Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində isə “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib. Bildirildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

“Ağıllı su” sistemi

Prezident Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında da iştirak edib. Bildirildi ki, 2040-cı ilə Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.
Şəhərin Baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. 

Prezident İlham Əliyev Şuşada həmçinin Aşağı Gövhər Ağa məscidinin, Dövlət Xidmətləri Mərkəzinin bərpadan sonra açılışında iştirak edib.

 

banner

Oxşar Xəbərlər