• çərşənbə axşamı, 15 oktyabr, 04:02
  • Baku Bakı 15°C

Fransa Qərbin repressiv dəyənəyi rolunda

31.08.24 05:05 2530
Fransa Qərbin repressiv dəyənəyi rolunda

Fransa boyda dövlət ABŞ-nin “arxa bağçası”na çevrilib, okeanın o tayından gələn təlimatların icraçısı olub. Axı hamı bilir ki, Durovun saxlanılması sifarişi Vaşinqtondan gəlib və siyasi motivlidir.

“Teleqram”ın təsisçisi və sahibi, iş adamı Pavel Durovun Fransada həbsi Qərb üçün söz azadlığı və demokratiya kimi anlayışların siyasi alət, digər dövlətlərə qarşı təzyiq vasitəsi olduğunu bir daha sübut etdi. Bu bəşəri məfhumlar diktəni qəbul etməyən xalqlar və dövlətlərin qaralanması, gözdən salınması niyyəti ilə ABŞ və Avropanın utanmadan və heç bir sıxıntı çəkmədən istifadə etdiyi dəyənəkdir. Əslində, həm də kollektiv Qərbin dəyərlər sisteminin içindən çürüdüyünün bariz göstəricisidir.

Aydındır ki, Fransa hökuməti üçün hazırda həbsdən buraxılan, ancaq ölkəni tərk etməsinə qadağa qoyulan Durova qarşı istənilən ittihamı irəli sürmək çətin məsələ deyil. Ancaq onun Paris aeroportunda həbs edilməsi ortaya bəzi suallar çıxarır.

Sual 1: Bu, söz azadlığının boğulması deyilmi?

Durovun həbsindən bir neçə gün keçməsinə baxmayaraq, nə ABŞ Dövlət Departamenti, nə Avropa Birliyi, nə də onların nəzarətində olan və bizim kimi xalqlara qarşı təzyiq vasitəsi qismində istifadə edilməyə hər an hazır “hüquq müdafiə” strukturlarından heç bir səs çıxmır. Durova qarşı ehtimal edilən ittihamların əksəriyyəti “Teleqram” sosial şəbəkəsinə görədir. Bu platformanın bir milyard nəfərə yaxın auditoriyası var. Azərbaycanda 200-300 nəfər izləyicisi olan, sosial şəbəkə hesablarından dövlətə qarşı olmazın həqarətlərini yağdıran birinin istintaqa cəlb edilməsi adları çəkilən strukturların yuxusuna haram qatır və dərhal ayağa qaldırır. Ancaq nədənsə Durov çapda bir şəxsin həbsi Culian Assanj və bir-iki antiqlobalist jurnalist və hüquq müdafiəçisindən başqa heç kimin “diqqətini cəlb etmir”. 

Qərb cəmiyyəti sadəcə susur

Azərbaycanda və bizim kimi ölkələrdə istənilən belə bir addım ABŞ və Avropanın “demokratiya carçıları”nın dərhal hərəkətə keçməsinə səbəb olur. Fransanın bu repressiv davranışı isə heç kimdə nəinki qınaq yaratmır, “demokratiya bastionu” olan Qərb cəmiyyəti sadəcə susur. Avropada və ABŞ-də hər gün onlarla söz azadlığının boğulması halı baş verir. Fransada sosial etirazları işıqlandıran media nümayəndələri döyülür və həbsə atılır. ABŞ-də ümumi konyukturdan bir qədər fərqli mövqe nümayiş etdirən, “arzu olunmayan” şəxsdən müsahibə götürən jurnalist işindən qovulur. Media əhalinin manipulyasiyasına xidmət edən psixoloji silaha çevrilib. Bununla belə, heç kimi azad sözün boğulmasına görə qınamırlar. 

“Siyasi islam”la mübarizə adı altında müsəlman dünyasına qarşı səlib yürüşünə çıxmış Qərb, İranı sivilizasiyaya başlıca təhdid gördüyü halda Azərbaycanda dövlətçiliyə qarşı əməllərdə ittiham edilən dini ekstremistlərin həbsini “din azadlığının boğulması” kimi qələmə verir. Əvvəllər bu kimi halların mücərrəd də olsa izahı olur, təlimatlandırılmış sözçülər düşdükləri dalanlardan çıxmaq üçün hansısa qeyri-müəyyən bəyanatlarla baş aldatmağa çalışırdılar. Dünya ABŞ-nin “İraqda kimyəvi silah var” kimi “arqument”ləri ilə aldadılırdı. İndi belə bəhanələrə inanan da yoxdur, heç Qərbin özü də buna ehtiyac görmür. 

Sual 2: “Meta”ya olar, “Teleqram”a yox?

Durovun həbsi göstərir ki, Qərb maraqlarına toxunan, qanuni, ya qanunsuz, - istənilən maneəni ən qəddar vasitə ilə neytrallaşdırmağa hazırdır. Halbuki “Teleqram” bu seqmentdə fəaliyyət göstərən platformalardan heç də ən böyüyü və nüfuzlusu deyil. Son statistikaya görə, ilk onluğun sonlarındadır. Görəsən, üzərindən hansısa cinayətkar əməllər törədilən, maliyyə maxinasiyaları, yaxud terror əməliyyatları planlaşdırılan digər bu kimi platformalar yoxdur? “Ərəb baharı”, “rəngli inqilablar” kodu ilə yüzminlərlə insanın qətlə yetirilməsi, ölkələrin viran edilməsi, böyük şəhərlərin yer üzündən silinməsi, milyonlarla qaçqının piyada Yaxın Şərqdən Avropaya doğru qaçması, dənizlərdə boğulması ilə nəticələnən qlobal faciə “Meta”nın nəzarətində olan sosial şəbəkələr üzərindən törədilməmişdi? Misirdə Hüsnü Mübarəkə qarşı qiyamda “Facebook”un iştirakı unudulub? Ölkədə internet qapadılsa da, “Facebook”un işləməsi üçün əlahiddə xarici müdaxilələr edilməmişdi?

“Meta” seçkilərin gedişatına müdaxilə edərsə...

Bu günlərdə ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bəyan edib ki, əgər “Meta” seçkilərin gedişatına müdaxilə edərsə, platformanın sahibi Mark Sukerberqi ömürlük həbsə atacaq. Diqqət edin: söhbət prezidentliyə namizədin Sukerberqə hədə-qorxu gəlməsindən getmir. Problem “Meta”nın prezident seçkilərinə müdaxilə ehtimalındadır və Tramp bunu rəsmən dilə gətirir. Bəyəm seçkilərin aqibətini dəyişmək cinayət deyil? Görəsən, Durov bütün bunlardan daha qorxulu cinayətlərin müəllifidir?

Sual 3: Makron rüsvay olmaq üçün daha nə etməlidir?

ABŞ-nin və Avropanın lal olmasını bir kənara qoysaq, dünyaya meydan oxumaq istəyən, ağıl öyrədən Fransa prezidenti Emmanuel Makronun növbəti dəfə bir siyasi lider kimi biabır olması maraq doğuran digər məqamdır. Görəsən, fransız xalqı özünə nə vaxtsa Makrondan rüsvayçı prezident seçəcəkmi? Daxili, sosial, xarici siyasətdə dəfələrlə biabır olmuş, öz vətəndaşları tərəfindən döyülərək aşağılanmış Fransa prezidenti atdığı addımları qəsdənmi edir, yoxsa nə vaxtsa yaşadığı hansısa kompleksinə görəmi? 
Bu suallara cavabı Paris olimpiadasının açılış mərasimində axtarmaq olar. Dünya tərəfindən qınanılan mərasimə haqq qazandıran və bunu ölkəsinin əldə etdiyi nailiyyət, nemət adlandıran bir prezidentin repressiv hikkəsi izaholunandır. Belə şəxslərin əslində çox aqressiv olmalarını şərh edən psixoloji təlimlər, əsərlər və psixoloqlar var. Ancaq bundan da ağırı odur ki, Fransa boyda dövlət ABŞ-nin “arxa bağçası”na çevrilib, okeanın o tayından gələn təlimatların icraçısı olub. Axı hamı bilir ki, Durovun saxlanılması sifarişi Vaşinqtondan gəlib və bu, siyasi problemdir.

Rüstəm Qaraxanlı

banner

Oxşar Xəbərlər