• cümə axşamı, 02 yanvar, 16:20
  • Baku Bakı 11°C

Hamımızı kədərləndirən dəhşətli qəza

30.12.24 05:34 401
Hamımızı kədərləndirən dəhşətli qəza

Təkzibolunmaz faktlar qəzanın məhz Rusiya hava məkanında baş verdiyini təsdiqləyir. Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək üzr istəyib.

Yola salmağa hazırlaşdığımız ilin son həftəsində dövlətimizi və xalqımızı kədərə boğan dəhşətli qəzaya şahidlik etdik. “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla, üç ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Eyni zamanda, dövlət başçısı dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Həqiqətə uyğun olmayan versiyalar gündəmdən çıxarılıb 

Bu məşum hadisə nə qədər kədərli və ağır faciə olsa da, onun fəsadlarının azaldılması, başvermə səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dövlətin ali rəhbərliyinin ortaya qoyduğu qətiyyət və siyasi iradə son nəticədə öz sözünü deyib. Rusiyaya səfərini yarımçıq qoyaraq dərhal Azərbaycana qayıdan Prezident İlham Əliyev hava limanında operativ müşavirə keçirərək ilk dəqiqələrdən bütün zəruri tədbirlərin görüləcəyini bildirib. 

Qeyd edək ki, ilk anlardan etibarən qəzanın başvermə səbəbləri ilə bağlı bir sıra həqiqətə uyğun olmayan ehtimallar ortaya atılıb. Təyyarənin quş sürüsü ilə toqquşması, salonda oksigen balonunun partlaması kimi həqiqətdən uzaq bu ehtimallar elə ilk gündən Bakının operativ müdaxilələri və hadisənin əsl səbəblərinin şəffaf şəkildə araşdırılmasında qətiyyəti sayəsində sıradan çıxarılıb.

Hadisə necə baş verib? 

İlkin araşdırmalar zamanı məlum olub ki, AZAL təyyarəsi Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Raket Qroznı üzərində pilotsuz uçuş aparatlarının aktivliyi zamanı 8432 saylı reysi yerinə yetirən təyyarəyə atılıb və onun qəlpələri təyyarənin yaxınlığında havada partlayaraq (qəlpələr partlamır, partlayışdan sonra əmələ gəlir) sərnişinlərə və ekipaj üzvlərinə zərər yetirib. Zərər görmüş təyyarənin pilotlarının məcburi eniş üçün etdiyi sorğulara baxmayaraq, Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib. Ekipaj Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb. Bütün bunlar kənar fiziki müdaxilə ehtimalını artırır. 

Pilotların peşəkarlığı 29 nəfəri xilas edib 

Ekspertlər də bildirirlər ki, bu cür zədə alan təyyarənin uzun müddət havada qalması, böyük məsafə qət etməsi və baş verən hadisədə 29 nəfərin sağ qalması pilotların və ekipaj üzvlərinin peşəkarlığının nəticəsidir. Burada Qazaxıstan tərəfinin hadisə zamanı faciənin miqyasının böyüməməsi üçün göstərdiyi operativ reaksiya da qeyd edilməlidir. İlk dəqiqələrdən etibarən Qazaxıstan dövlətinin və ictimaiyyətinin baş vermiş faciəyə yüksək həssaslıqla yanaşması təqdirəlayiqdir.  

Bu qarşılıqlı fəaliyyət nəticəsində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi, onların nəşlərinin  və yaralıların Bakıya gətirilməsi təmin edilib. Bundan əlavə, AZAL-ın Müşahidə Şurasının qərarı ilə “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.

Putin üzr istədi

Təkzibolunmaz faktlar qəzanın məhz Rusiya hava məkanında baş verdiyini bir daha təsdiqləyir. Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Putin “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Dövlət başçıları faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Cinayət işi açılıb

Bununla belə, Bakı Rusiyadan tək üzr yox, həm də beynəlxalq təcrübəyə əsasən digər addımların da atılmasını gözləyir. Artıq Rusiyada baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Cinayət işi Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına tapşırılıb. “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, - qurumdan bildirilib.

Son məlumatlara görə, Azərbaycan prokurorluq orqanlarının əməkdaşları da istintaq prosesində iştirak etmək üçün Qroznıya səfər ediblər. Həmçinin qəzanın səbəbləri ilə bağlı araşdırma hazırda 17 beynəlxalq ekspert tərəfindən aparılır. 

Bütün bunlar onu söyləməyə əsas verir ki, bizləri kədərə boğan təyyarə qəzasının əsl günahkarları tezliklə müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlar. 

Azad Əliyev 

banner

Oxşar Xəbərlər