• cümə axşamı, 02 yanvar, 15:48
  • Baku Bakı 11°C

İlklər və uğurlar ili 

30.12.24 05:28 389
İlklər və uğurlar ili 

2024-cü il ölkəmizin tarixinə önəmli hadisələrlə yazıldı. Bu ildə yaşadıqlarımız, əldə olunan nəticələr 2025-ci ildə daha möhtəşəm uğurlara imza atacağımıza dəlalət edir.

2024-cü il Azərbaycanın müstəqillik tarixinə ən uğurlu illərdən biri kimi yazıldı. Dünyada və bölgəmizdə cərəyan edən gərgin proseslər fonunda ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bu qənaətə gəlməyə əsas verir. 2024-cü il həm də Azərbaycan üçün çoxsaylı ilklərlə yadda qaldı. 

Prezident və parlament seçkiləri ili 

Yola saldığımız ildə ölkəmiz üçün ən mühüm siyasi hadisə təbii ki, fevralın 7-də təşkil olunan növbədənkənar Prezident seçkisi oldu. Bu, əslində Zəfər seçkisi idi. Çünki ilk dəfə olaraq seçki prosesi Azərbaycanın bütün suveren ərazilərini əhatə edirdi. İlk dəfə olaraq keçmiş məcburi köçkünlərin bir qismi öz seçimlərini işğaldan azad edilən doğma yurdlarında edirdilər. Təbii ki, bu seçkilərdə Azərbaycan xalqının seçimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev oldu. Xalq dövlətini Zəfər yoluyla daha uğurlu gələcəyə aparan liderinə növbəti dəfə dərin sevgisi və sarsılmaz inamını ifadə etdi. Sentyabrın 1-də isə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində növbədənkənar parlament seçkiləri təşkil olundu. 

Dövlət Suverenliyi Gününün təsisi

2024-cü ili yaddaqalan edən digər bir hadisə Prezident İlham Əliyevin Dövlət Suverenliyi Günün təsis edilməsi ilə bağlı Sərəncamı oldu. Sentyabrın 19-u antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində tam suverenliyinin bərpasının ildönümü ərəfəsində belə bir sərəncamın imzalaması xalq tərəfindən alqışlandı. 

Xarici siyasətdəki uğurlar

Başa çatmaqda olan 2024-cü ildə də Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirib. Dövlət başçısının fevralın 16-18-də Almaniyaya səfəri ilə başlayan 2024-cü il ölkəmizin xarici siyasət və beynəlxalq aləmlə yeni əməkdaşlıqların qurulması fəaliyyətində  dinamikliyi ilə fərqlənir. Azərbaycan Prezidenti il ərzində iki dəfə Almaniyada, iki dəfə Türkiyədə, iki dəfə Qazaxıstanda, üç dəfə Rusiyada, Misirdə, Pakistanda, Böyük Britaniyada, Özbəkistanda, İtaliyada və Qırğızıstanda səfərdə olub.

İlin əvvəlindən indiyədək Prezident İlham Əliyev təqribən 200-ə yaxın xarici qonaq qəbul edib ki, onlardan da 50-dən çoxu Prezident, Baş nazir və beynəlxalq təşkilat rəhbəridir. 

İşğaldan azad edilən ərazilərin bərpası prioritet oldu 

İşğaldan azad edilən ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı 2024-cü ildə də intensiv şəkildə davam etdirilib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident burada Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Bu il həm də xarici dövlət başçılarının azad edilən rayonlara səfərləri ilə yadda qalıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli və Ağdama səfər ediblər. Mayın 10-da Şuşada birinci yaşayış kompleksi istifadəyə verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 30 mindən çox şəxs məskunlaşıb, fəaliyyət göstərir. 

Çoxsaylı beynəlxalq tədbirlər məkanı 

Azərbaycan hər zaman olduğu kimi, bu il də çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların sayı 130-a bərabərdir. Bu tədbirlərin əksəriyyətində Prezident İlham Əliyev bilavasitə iştirak edib.

Onların sırasında ən çox diqqət çəkənlərdən biri də Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü olub.

Şuşada keçirilən daha bir beynəlxalq tədbir - İkinci Qlobal Media Forumu xüsusi qeyd olunmalıdır. Forumda iştirak edən Prezident İlham Əliyevin dünya siyasəti və bölgəmizlə bağlı açıqlamaları böyük maraqla qarşılanıb. 

Sülh danışıqlarında yeni mərhələ 

İlin əvvəlində Almaniyanın təşəbbüsü ilə keçirilən ikitərəfli görüşlə başlayan sülh danışıqları sonradan bir neçə mərhələdə irəlilədi. Ən sonda 2024-cü ilin may ayında Azərbaycan bu istiqamətdə daha bir möhtəşəm qələbəyə imza ataraq qeyd-şərtsiz Qazaxın 30 il işğal altında qalan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin nəzarətimizə qaytarılmasını təmin etdi. Həmçinin iki ölkə arasında ilk dəfə olaraq sərhəd komissiyalarının birgə iştirakı ilə müvafiq istiqamətdə delimitasiya və demarkasiya işləri aparıldı. Sülh danışıqları ilə bağlı tərəflər ən ali səviyyədə Kazanda bir araya gəliblər. Son məlumatlara görə, tərəflər sülh sazişi mətninin 17 bəndindən 15-ni artıq razılaşdırıblar. 

Bundan əlavə, Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi də iyunun 12-də başa çatdı. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk etdi.

COP29 - ilin ən böyük tədbiri

Başa çatmaqda olan ilin ən əhəmiyyətli beynəlxalq tədbiri isə COP29 oldu. Ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası həm təşkilatçılıq, həm də alınan qərarlar baxımından COP-lar tarixinə ən uğurlu tədbir kimi düşüb. Bu tədbirin hazırlıq müddəti cəmi 10 ay çəksə də, sammitin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görüldü, lazımi infrastruktur yaradıldı. COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi. 

Göründüyü kimi, qeyd etdiklərimiz yola salmağa hazırlaşdığımız 2024-cü ildə baş verən önəmli hadisələrin kiçik bir hissəsidir. Ümumilikdə bu ildə yaşadıqlarımız, əldə olunan nəticələr  2025-ci ildə daha möhtəşəm uğurlara imza atacağımıza dəlalət edir.   

Azad Əliyev

banner

Oxşar Xəbərlər