• bazar ertəsi, 16 sentyabr, 23:04
  • Baku Bakı 25°C

Tehranla Moskvanı üz-üzə qoyan dəhliz - TƏHLİL

07.09.24 05:27 1136
Tehranla Moskvanı üz-üzə qoyan dəhliz - TƏHLİL

Zəngəzur dəhlizi məsələsi Kremlin xüsusi gündəmindədir. Şimal qonşumuzun rəsmiləri, xüsusilə də xarici işlər naziri Sergey Lavrov və Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın dəhlizlə bağlı son açıqlamaları İranda ciddi narazılıq yaradıb.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək 40 kilometrlik yol bu gün dünyanın aparıcı güc mərkəzlərinin əsl rəqabət və qarşıdurma meydanına çevrilib. Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra 10 noyabr üçtərəfli bəyanatına məlum maddənin salınması zamanı onun əhəmiyyətini bir çoxları o qədər də dərk etmirdi. “Zəngəzur dəhlizi” adını almış bu yol uğrunda indi dünyanın əsas güc mərkəzləri ciddi qarşıdurma yaşayırlar. Bəs nədir Zəngəzur dəhlizinin əhəmiyyəti? Bəs 40 kilometrlik yol uğrunda belə ciddi geosiyasi qarşıdurmanı alovlandıran nədir? 

Bakı və İrəvan üçün yeni imkanlar

Azərbaycan üçün Zəngəzur dəhlizi ayrılmaz tərkib hissəsi olan Naxçıvana və strateji müttəfiqi Türkiyəyə birbaşa çıxış deməkdir. Geniş anlamda bu yol həm iqtisadi, həm də siyasi baxımdan Türk dövlətləri arasında birbaşa əlaqə, Şərq-Qərb dəhlizinin əsas arteriyalarından biri kimi dəyərləndirilir. 

Ermənistan üçün isə Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və regional inteqrasiyanın bir parçasına çevrilmək, iqtisadi inkişaf deməkdir.  

Göründüyü kimi, Prezident İlham Əliyevin dörd il öncə irəli sürdüyü təşəbbüs əslində Bakı və İrəvan üçün yeni imkanlar vəd edir. Ancaq təəssüf ki, Ermənistan rəhbərliyi bu dəfə də tarixi şansı qaçırmaq üzrədir.  

Alternativ yol, zəngin resurslara çıxış

Ukraynada müharibə başlayandan sonra Qərblə münasibətləri kəskinləşən Rusiya üçün Zəngəzur dəhlizi, əslində üzləşdiyi sanksiyalardan yan keçməklə dünyaya çıxış üçün alternativ imkan anlamına gəlir. Bakı və Ankara ilə münasibətlərini qoruyub saxlamağı bacaran Moskva Zəngəzur dəhlizi vasitəsi ilə Yaxın Şərq və cənub ölkələrinə çıxışı hədəfləyir. Həm də Moskvada bu arteriya Şimal-Cənub dəhlizinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.

Türkiyə üçün isə Zəngəzur dəhlizinin əhəmiyyəti Azərbaycanın maraqları və məqsədləri ilə eynilik təşkil edir. 

Avropa İttifaqı və ABŞ dəhlizə Mərkəzi Asiyanın zəngin resurslarına çıxış və Rusiyanın istər Cənubi Qafqazda, istərsə də məlum regionda təsirinin zəiflədilməsi imkanı kimi yanaşır. 

Zəngəzur dəhlizi Kremlin gündəmində

Bütün bunların fonunda Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmələr yaşanmaqdadır. Bu dəfə 40 kilometrlik yolun qarşı-qarşıya gətirdiyi nə Bakı ilə İrəvandır, nə də Vaşinqtonla Moskva. Son illərdə münasibətlərini üst səviyyəyə çıxararaq strateji müttəfiqlik haqqında saziş imzalamağa hazırlaşan Rusiya və İrandır.  

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra Zəngəzur dəhlizi məsələsi Kremlin xüsusi gündəmindədir. Şimal qonşumuzun rəsmiləri, xüsusilə də xarici işlər naziri Sergey Lavrov və Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın dəhlizlə bağlı son açıqlamaları İranda ciddi narazılıq yaradıb. İş o yerə çatıb ki, rəsmi Tehran Rusiyanın bu ölkədəki səfirini XİN-ə çağıraraq etirazını nümayişkaranə surətdə ifadə edib. Qeyd edək ki, S.Lavrov dəhlizin açılmamasının əsas səbəbkarı kimi Ermənistan rəhbərliyini göstərib. M.Zaxarova isə bu məsələnin üçtərəfli bəyanata uyğun rus sərhədçilərinin birbaşa nəzarəti altında həll edilməsinin aktuallığını itirmədiyini deyib. İranın narahatlığı ilə bağlı sualı isə Tehrana ünvanlamağı məsləhət görüb. Görünən odur ki, Moskva kommunikasiyaların açılması məsələsində prosesi ölü nöqtədən tərpətmək üçün artıq düyməyə basıb. 

İrana gəldikdə, Tehranın Zəngəzur dəhlizi ilə bağlı "narahatlıqlar"ını hakimiyyətə yaxın "Tasnim" agentliyi "Bu xəyali dəhliz yaradılmayacaq" sərlövhəli məqaləsində sadalayıb. Bildirilir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın dünyaya çıxış qapısı olan sərhəd qonşularından birinin sayının azalması, Türkiyə-Azərbaycan tandeminin mövqelərinin güclənməsi, "İranın qırmızı xətt elan etdiyi bölgə dövlətlərinin sərhədlərinin və suverenliyinin pozulması" anlamına gəlir. Rusiya XİN-ni hədəfə alan məqalədə Moskvaya "strateji müttəfiqlik sənədi imzalamağa hazırlaşan dövlətin dəhlizlə bağlı bəyanatlarının müttəfiqlik ruhuna uyğun olmadığı" xatırladılır. 

Əslində Tehranın müttəfiq adlandırdığı bir ölkənin sərhədçilərinin nəzarətində olacaq dəhlizin İranın maraqlarına zidd olması ilə bağlı iddiaları müəyyən suallar doğurur. Onsuz da İran-Ermənistan sərhədində rus hərbçiləri xidmət edir. Bu məsələdə Tehranın başlıca qorxusu 44 günlük müharibədən sonra Azərbaycana təsir imkanlarının minimuma düşməsi, əlində olanları da itirmək riskidir. Artıq Ermənistan rəhbərliyi də Tehranın məlum demarşından ürəklənərək Moskvanın dəhlizə nəzarətinin mümkünsüzlüyünü açıq şəkildə bəyan edir. Yəni Tehran bu məsələdə İrəvanı da özünün dili ilə danışmağa məcbur edir. Rusiyanın istər Tehrana, istərsə də vaxtilə forpostu elan etdiyi İrəvana hansı cavabı verəcəyi maraq doğurur. Əslində yeni gəlişmələrin istiqaməti də Kremlin mümkün reaksiyasından sonra müəyyənləşəcək. 

Azərbaycanın mövqeyi dəqiq və aydındır 

Azərbaycanın dəhlizlə bağlı mövqeyi dəqiq və aydındır. Hazırda Ermənistanın bu dəhlizlə bağlı təhlükəsizlik zəmanəti vermək imkanı yoxdur. Açılacaq yol beynəlxalq hüquqa uyğun şəkildə maneəsiz keçidi təmin etməlidir. Burada üçüncü tərəfin təhlükəsizlik zəmanəti mütləqdir. Digər tərəfdən, Azərbaycan üçün regional kommunikasiyaların işləməsi məsələsində hansısa çətinlik də yoxdur. Bakı İran üzərindən hər iki dövlətin maraqlarına uyğun olan alternativ marşrut reallaşdırır. Zəngəzur dəhlizi hazırda bir-biri ilə ciddi qarşıdurma aparanlara və onlara bu meydanı verən Ermənistana daha çox lazımdır. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər