Xalqın çətin günlərinə sevinənlər “milli” ola bilərmi?
05.08.20 20:22
3179
Antimilli
Şura: "İnsanların narahatlığı birmənalı olaraq bizə sərf edir...”
Onlar öz xalqının, millətinin,
vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlər, ondan öz
məqsədləri, öz təbliğatları üçün istifadə edənlərdir. Söhbət, əlbəttə ki, Milli
Şura adlı psevdoqurumdan gedir. Hamıya məlumdur ki, koronovirus bəlası
ümumilikdə dünyaya da, ölkəmizə də, xalqımıza da ziyan vurdu. Hər bir vətəndaş
bu bəladan əziyyət çəkir, ondan xilas olmaq üçün tətbiq edilən karantin rejimi
çətinlik yaradır.
Bununla belə, hər birimiz
prezidentimizin çağırışına cavab olaraq, birlik nümayiş etdirib, bir-birimizə
lazımi dəstək göstəririk. Lakin hələ də görürük ki, virusun yaratdığı vəziyyətə,
təəssüf ki, sevinənlər də var... İnsanların vəziyyətinin çətinləşməsinin onlara
sərf etdiyini açıq-aşkar etiraf edən Milli Şura üzvlərinin dialoqlarından birinə
nəzər salaq. Gültəkin
Hacıbəyli:"Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı
çətinləşir, bu da açığı, birmənalı olaraq bizə sərf edir. Evində oturan
insanların, işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda
çətinlik çəkir, xalqın güzəranı pisləşir və s. Buna sevinmək lazımdır. Biz
maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın,
bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki,
pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə
də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi
birmənalı olaraq bizim xeyrimizədir”. Rahim
Hacıyev:"Heç kim bizi dəstəkləmir, kimin nə dostu-tanışı, sanballı müxalifətçilər
varsa, onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar”. Qənimət
Zahid:"Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına
yükləyəsən...”
Özünü müxalifət adlandıran, guya
xalqın gələcəyini düşünən Milli şuraçıların cılızlığı, miskinliyi, xalqa düşmən
münasibəti bu dialoqdan tam aydın görünür. Bunlar öz məqsədlərinə çatmaq üçün
xalqın ən ağır duruma düşməsinə də razıdırlar. Koronavirusu az qala bayram
edirlər, insan ölümünə, iqtisadiyyatın geriləməsinə, vətəndaşlarımızın maddi
təminatının aşağı düşməsinə sevinirlər. Pandemiyanın gətirdiyi çətinliklər
üzərindən siyasi oyun oynayır, şəxsi maraqlarını təmin etməklə guya özlərini
vətənpərvər, xalqın qayğısına qalan kimi göstərmək istəyirlər. Sözün əsl
mənasında bu anti-Azərbaycan qüvvələrin məqsədi pandemiya bəlası səbəbindən
insanların üzləşdiyi çətin vəziyyətdən istifadə edib özlərini gündəmə gətirməkdir.
Bu cür yanaşmanı ancaq vətən xainlərindən gözləmək olar.
"Neftin
qiyməti düşən kimi, hərəsi bir kamera qarşısında bunu toy-bayrama çevirir”
Millət
vəkili Cavid Osmanov deyir ki, dünya ölkələri və xalqlarının
koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda ermənipərəst qüvvələr
tərəfindən maliyyələşən Milli Şura və onun ətrafında birləşən bir qrup şəxs
ölkəmizin bu istiqamətdə gördüyü işlərə kölgə salmaq istəyir: "Adlarını Milli Şura qoyublar, amma bunlar uzun
müddətdir ki, antimilli siyasət aparırlar. Bu şuranın üzvləri Tovuz
istiqamətində Ermənistanın 12 iyul təxribatından sonra birbaşa və açıq şəkildə
bir daha nümayiş etdirdilər ki, onlar vətənimizə xidmət etmirlər. Onlar yalnız
və yalnız ermənipərəst qüvvələrə xidmət edir, onların dəstəyi altında
sifarişləri həyata keçirirlər. Son hadisələr də bunu açıq şəkildə ortalığa
qoydu. Xüsusilə də internet vasitəsilə, xuliqanlığı, vəhşiliyi, vandalizmi
soydaşlarımızın üzərinə yıxması, erməni tərəfinin məzlum bir xalq olduğunu
nümayiş etdirməyə çalışması bunların bir daha açıq-aydın kim olduğunu göstərir.
Bunların onlayn iclaslarındakı çıxışlarından görünür ki, ölkəmizdə ictimai-siyasi
sabitliyin pozulmasına çağırışlar edir, hətta neftin qiyməti 14 dollara düşəndə
sevinirlər. Çünki
onlar yaxşı başa düşürlər ki, Azərbaycanın neftindən, qazından ölkəyə daha çox
investisiya, vəsait, valyuta gəlir. Bu vəsaitlər isə Azərbaycan xalqının sosial
rifah halının yaxşılaşdırılması istiqamətində xərclənir, Azərbaycan
iqtisadiyyatının yaxşılaşdırılmasına yönəldilir. Neftin qiymətinin düşməsi
birbaşa ölkə iqtisadiyyatına, o cümlədən vətəndaşlarımıza ciddi zərbə vurur.
Amma neftin qiyməti düşən kimi, özlərini Milli Şura adlandıran bu insanların hərəsi
bir kamera qarşısında bunu toy-bayrama çevirir”.
Həmsöhbətimiz vurğulayır ki, bu
insanlardan xalqımıza, dövlətimizə qarşı istənilən addımı gözləmək mümkündür:
"Koronavirus pandemiyası dövründə hər birimiz şahidi olduq ki, bütün dünya
ölkələrində iqtidarla müxalifət arasında belə münasibətlər yoxdur. İstər
iqtidar, istər müxalifət - bütün cəmiyyət olaraq, hər kəs bu virusa qarşı
birlikdə mübarizə aparmaq, ağıllı təkliflər vermək üçün birləşib. Amma
antimilli şuranın üzvləri növbəti dəfə yalançı bəyanatlar vermək, çağırışlar
etməklə birmənalı olaraq hakimiyyətə, dövlətçiliyimizə və xalqımıza ziyan
vurmağa çalışırlar. Elə "zoom-konfrans”larında da koronavirus pandemiyası fonunda
vəziyyətin gərginləşməsi, ölkədə ictimai-siyasi sabitliyin pozulmasından dəm
vururlar. Məlumdur ki, bunlar hamısı eyni nöqtədən idarə olunur. Bu nöqtədə də,
təbii ki, Ermənistan lobbisi dayanır. Onlar "Soros” kimi fondlara, ölkəmizə
qarşı daim qərəzli mövqe tutan digər beynəlxalq təşkilatlara xidmət edən tör-töküntülərdir
ki, xalqımıza, dövlətimizə, müstəqilliyimizə qarşı təhqir-böhtan kampaniyası
aparmağa yığılıblar. Onlar, eyni zamanda bu koronavirus pandemiyasından
istifadə edib, istəyirlər ki xalq küçələrə çıxsın, virus daha da çox yayılsın
və ölkədə vəziyyət gərginləşsin. Vəziyyəti
gərginləşdirib, bundan öz xeyirlərinə istifadə etmək istəyirlər. Onları
insanların nə istədikləri maraqlandırmır. 90-cı illərin əvvəllərində
Azərbaycanda hakimiyyətdə olduqları zaman etdiklərini təkrarlayırlar. Onlar
istəyir ki, ölkəmizdə virusla bağlı təşviş yaransın, ölkəmizin iqtisadiyyatı
çöksün. Bunlar 30 il keçməsinə baxmayaraq, inkişaf etməyiblər və düşünürlər ki,
Azərbaycan yenə də 90-cı illərin əvvəlindəki Azərbaycandır. Xeyr. Bu gün
Azərbaycan həm iqtisadi, həm də ordu quruculuğu baxımından regionunu ən
qüdrətli ölkəsidir. Bu gün ölkə prezidentinin ətrafında bütün Azərbaycan xalqı
birləşib. Bu gün Azərbaycanın ordusu dünyanın 50 ən güclü ordusu siyahısına
daxildir. Azərbaycan koronovirus pandemiyasına qarşı mübarizəni təkcə milli
ruhda aparmır, eyni zamanda regional və qlobal ruhda çağırışlarla çıxış edir,
30-da çox ölkəyə müxtəlif yardımlar göstərir. Azərbaycan bu gün güclü və
qüdrətli dövlətdir və ölkənin güclü lideri var. Bu liderin ətrafında da bütün
xalq birləşib”.
"Dövlət
pandemiya dövründə də insanların yanındadır”
"Yurddaş”
Partiyasının sədri Mais Səfərli isə deyir ki, Milli Şura heç bir
siyasi fəaliyyəti olmayan təşkilatdır: "Milli Şura artıq fiaskoya uğrayan bir
təşkilatdır. Çox heyf ki, onlar "milli şura” kimi bir ifadədən sui-istifadə
edirlər. Milli Şura bu gün tarixin arxivinə qovuşmuş bir təşkilatdır. Sadəcə
olaraq, orada 5-10 nəfər görüntü xatirinə adamlar qalıb ki, indiki zamanda
videokonfranslar keçirib bunu sosial şəbəkələrdə yayırlar. Amma əslində onların
heç bir siyasi fəaliyyəti yoxdur. Bu təşkilat vaxtilə Rüstəm İbrahimbəyovun
göstərişi ilə yaradılmışdı. Heç bir nəticəsi də olmadı. Sadəcə, bir qrup adam
bu sözü istismar edərək, öz maraqları üçün çalışmağa başladı. Bunların
Azərbaycan xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur. Əksinə, ölkənin milli
maraqlarına ciddi şəkildə zərbələr vururlar. Neftin qiyməti düşəndə
sevinirdilər. Yaxud Azərbaycanda vəziyyət pis olan kimi, bunlar az qalırlar
çırtma vurub oynasınlar. Bu o deməkdir ki, onlar Azərbaycan xalqının maraqlarına
uyğun hərəkət etmirlər. Daha doğrusu, düşmənçilik edirlər. İndi də
koronavirusla bağlı, baxın görün, hansı mövqedədirlər. Bu gün Azərbaycan
koronavirusla mübarizə aparan ən qabaqcıl ölkələrdən biridir. Bunu Ümumdünya Səhiyyə
Təşkilatı da prezidentimizə ünvanlanan məktublarda dəfələrlə bildirib.
Azərbaycan koronavirusla bağlı situasiyanı nəzarətə almış dövlətdir.
Səhiyyəmizin imkanları kifayət qədər artırılıb, modul tipli xəstəxanalar
açılıb. Dövlətimiz gecə-gündüz bu virusla mübarizə aparır və bunun müsbət
nəticələrini də görürük. Avropa ölkələri və ABŞ kimi dövlətlərdə koronavirus
böyük insan itkilərə səbəb olub. Amma virusdan ölən insanların sayı baxımından
Azərbaycan dünyada, demək olar ki, ən müsbət dinamikaya malik ölkələrdəndir.
Əlbəttə ki, bu, ölkə rəhbərliyinin, həkimlərin fədakar əməyi nəticəsində olub”.
Həmsöhbətimiz deyir ki, Milli Şura
xalq tərəfindən çoxdan inkar edilib: "Azərbaycan dövləti pandemiya dövründə də
insanlarımızın yanındadır. İnsanlarımıza maddi yardım edilib, sahibkarlara vəsait
ayrılıb. Belə olan halda, Azərbaycanda görülən işlərə rişxənd etmək, insanların
pis gününə sevinmək, hesab edirəm ki, nəinki siyasətçi əxlaqına, insanlıq çərçivəsinə
sığmır. Milli Şura xalq tərəfindən çoxdan inkar edilir. Onlar bu hərəkətləri
ilə özlərini daha biabırçı vəziyyətə qoyurlar. Təbii ki, onlar ölkə xaricində
yerləşən anti-Azərbaycan dairələrindən asılıdır və həmin dairələrin sözünü
deyirlər. Milli Şurada özlərini teatr aktyorları kimi aparanlar onların nəinki
dəyirmanına su tökürlər, onların diktəsi ilə işləyirlər”.