Xalid Hüseynin "Min möhtəşəm günəş"i

Müharibə və insan, düşmənlik-dostluq, haqsızlıq-ədalət, nankorluq-fədakarlıq,
peşmanlıq, vicdan əzabı, sədaqət və s. bütün bunlar dünyaca məşhur yazıçı Xalid
Hüseyn yaradıcılığının əsas mövzusunu təşkil edir. Onun ikinci böyük əsəri olan
"Min möhtəşəm günəş" öz adını XVII əsr Azərbaycan şairi Saib
Təbrizinin "Qəndəharnamə" poemasının:
Bu
şəhərin nə damını işıqlandıran ulduzları saya bilərsən,
Nə də divarlarının arxasında gizlənən min möhtəşəm günəşi...
beytindən götürmüşdür. Bu poema II Şah AbbasınƏfqanıstanyürüşünə
və1649-cu
ildəQəndəharı tutmasına həsr olunmuşdur. Bundan əlavə Xalid Hüseyn öz əsərində klassik ədəbi
nümunələrə də müraciət edir ki, bu da cəmiyyətin normal və firavan yaşamasına
mane olan uydurma qanunların qədim milli ənənələrdən gəldiyini göstərməyə
xidmət edir.
Əsərdə təsvir edilən Kabil - əvvəl özünün
asudə, rahat günlərini yaşayır. Sonra bir birini izləyən hərbi rejimlər,
müharibələr Kabili dağıdır. Əsərin sonunda isə Kabil müharibələrdən, orta əsr
qanunlarından, cahillikdən qurtarır və özünün çiçəklənmə dövrünü yaşayır. Kabil
də əsərin bir personajı kimi əsas qəhrəmanların talelərinin hər
mərhələsində-istər iztirablarında, istərsə də xoşbəxtliyində paralel iştirak
edir.
Əsər
əvvəldən axıra kimi qadınların ailə, cəmiyyət tərəfindən üzləşdiyi
haqsızlıqlar, faciələri özündə əks etdirir. 14 yaşlı Məryəmin ilk həyat dərsi
çox sevdiyi atasının yanına getməsi, yalvarışları ilə başlayır. Lakin bu ata
sevgisi Məryəmə baha başa gəlir. O, kor-peşman evə-anasının yanına dönəndə
həyatının sonuna qədər ona vicdan əzabı verən hadisə ilə qarşılaşır. Qızının
xəyanətini həzm edə bilməyən Nana intihar edir. Beləliklə də Məryəm eyni gündə
iki həyat dərsini alır. Ağır peşmanlıq hissi ilə yaşayan Məryəm anası Nananin
"Kompasın
həmişə şimalı göstərən əqrəbi kimi, bir kişinin günahlandıran barmağı da daim,
bir qadını göstərər..." sözlərini ömrü böyük unuda bilmir.
Məryəm həm
də zəngin kişinin qeyri-qanuni qızı idi. Zorla özündən otuz yaş böyük kişiyə
ərə verilən Məryəm illər keçsə də ana ola bilmir. Həm analıq sevincindən, həm
də buna görə əri Rəşidin normal münasibətindən məhrum olan Məryəm çox
bədbəxtdir.
Yazıçı bu
ailənin faciəsini göstərmək üçün onlarla müqayisədə gözəl müəllim ailəsini
təsvir etmişdi. Belə ki, qonşuluqdakı Hakim və Fəribənin ailəsi Rəşidgilin
ailəsinin tam tərsi idi. Bu ailənin təməli sevgi, hörmət üzərində qoyulmuşdu.
Lakin müharibə bu ailənin də bədbəxtliyinə səbəb olur. 1978-ci ildə Sovet
imperiyasının Əfqanıstana hücum etməsi Hakim müəllimin işdən qovulmasına, iki
oğlunun mücahid kimi şəhid olmasına və arvadı Fəribənin ağlını itirməsinə səbəb
olur. Müharibənin acıları içində yeganə ürək açan məqam ailənin kiçik qızı
Leyla ilə Tarikin eşqi idi. Lakin bu eşq də imkansızdı. Çünki minada bir
ayağını itirən Tariki də ailəsi tacik qızı Leyla ilə evlənməyə qoymur.
Müharibənin ağır şərtləri belə milli əngəlləri aradan qaldıra bilmir. Doğrudur,
sonradan Pakistana köçmək ərəfəsində Tarik Leylaya evlilik təklifi edir, lakin
bu dəfə də Leyla öz ailəsini belə ağır şərtlərdə qoyub gedə bilməyəcəyini
söyləyir. Bu dəfə də müharibə, onun doğurduğu ağır şərtlər gənc aşiqlərin illərlə
ayrılığına səbəb olur.
Valideynləri ilə qalan Leylaya atası
ölməmişdən əvvəl bir zaman Kabila həsr edilmiş "Min möhtəşəm günəş"
poemasından danışır. Hər iki valideynini, qardaşlarını itirən Leyla öz
vətənində tamam tək, çarəsiz qalır.
Pakistana köçən
Tarikin ölüm xəbərini eşidən Leyla, tezliklə hamilə olduğunun da fərqinə varır.
Məcburiyyət qarşısında Rəşidin ikinci arvadı olmağına razı olur. Burda isə
Leylanın Məryəm qarşısında peşmanlıq hissi baş qaldırır. Əvvəllər Məryəm
Leylaya alçaldığı üçün düşmən mövqeyində olsa da, sonradan onun da Rəşidə
nifrət etdiyini duyur. Əslində, bir-birinə günü olan bu qadınları eyni kişiyə
bəslədiyi nifrət birləşdirir. Onları biri-birinə bağlayan problem əslində
onlara bir ailə olmağa, ana bala münasibətini qazanmağa səbəb olur. Qadınlar
bir-birinə hər işdə dəstək olaraq Rəşiddən qaçmağı belə düşünürlər. Lakin burda
da onların qurtulmağına maneə olan səbəb mənasız ənənələri qoruyan cəmiyyət
olur. Belə ki, Pakistana qaçmaq istəyən Məryəmlə Leylanı polis ərlərinə təhvil
verir. Səbəb isə kişisiz yola çıxmaları olur. Ərləri tərəfindən ölümcül hala
salınan qadınlar yenə dözməyə məcbur olurlar. Atasını axtarmağa məcbur olan
Məryəm bu dəfə də vaxtilə atasının barışmaq təklifini rədd etdiyi üçün peşman
olur. Çünki artıq atası da həyatdan köçmüşdü və Məryəm illər öncə ondan gələn
məktubu oxumadan yandırmışdı. Məryəm bundan sonrakı ömrünü Leylanın övladlarını
böyütməyində, onları öz övladları kimi bilməkdə görürdü. Lakin 2001-ci ildə
Tarikin Pakistana gəlib Leylanı tapması ilə vəziyyət dəyişir. Arvadları ölüm
qorxusu ilə hədələyən Rəşid özü qurduğu tələnin qurbanı olur. Məryəm bütün bu
illər boyu çəkdiyi zülmlərin heyfini almaq üçün, həm də ən əsas Leylaya kömək
etmək üçün Rəşidi qətlə yetirir. Böyük kütlə qarşısında edam edilən Məryəm
ölümdən əvvəl bu dünyada kiməsə xeyri dəydiyi üçün, boşuna yaşamadığı üçün
sevinc duyur. Özünü fəda etmək bahasına başqasının xoşbəxtliyinə səbəb olduğu
üçün şad olur. Xalid Hüseyn onun ömrünün son anlarını son dərəcə təsirli
notlarla təsvir etmiş, keçirdiyi hissləri, düşündüklərini real boyalarla əks
etdirə bilmişdir. "Məryəm əlləri dizlərinin ortasında divana uzandı. Bu
anda onun yadına vaxtilə anası Nananın dediyi sözlər düşdü; hər bir qar
dənəcəyi dünyanın hər hansı bir yerində haqsızlığa uğramış qadının ağzından çıxan
ahdır. Bütün bu ahlar göy üzünə yüksəlir, buludlara yığılır, sonra kiçik
hissəciklərə bölünüb səssizcə insanların üzərinə yağırlar.
Bu bizim
kimi qadınların nələr çəkdiyini göstərir. Başımıza gələn hər şeyə necə səssiz
qaldığımızın".
Hadisələr
inkişaf etdikcə əsərin ikinci əsas qəhrəmanı Leyla Tariklə Pakistana gedir və
orada ailə qurur. Leyla ilə Tarik 2002-ci ildə Əfqanıstana qayıdır. Yazıçı
terror təşkilatlarının əlində qan ağlayan Əfqanıstanın rifahını 2001-ci il 11
sentyabr hadisələrindən sonra ABŞ-ın Taliban təşkilatına müharibə elan
etməsində görür. Görünür 11 sentyabr hadisələrindən sonra Xalid Hüseyn
ölkəsinin nəhayət ki, müxtəlif radikal qruplaşmalardan, terroristlərdən
qurtularaq müasir, hüquqi bir dövlətə dönəcəyini bütün varlığı ilə inanırdı.
Ona görə də əsərin sonunda müharibədən sonra vətəninə dönən Leylagilin ailəsi
bərpa və xeyriyyə müəssisələrində çalışmağa başlayır. "Kabil günü gündən
dəyişir, bərpa edilir. Orta əsr qanunları ləğv edilir, məktəblər, muzeylər,
kinoteatrlar açılır, musiqi səsləri gəlir". Leyla uşaq sığınacağında
uşaqlara dərs deyir. "Bir cəmiyyətin qadınları təhsilsiz olduğu müddətcə
müvəffəqiyyətə yetmək şansı yoxdur..." deyən Leyla inanır ki, gələcək nəsillər təhsil
alarsa ölkəsini cahillikdən və radikal dini cərəyanlardan xilas edə bilər.
Əsərin sonunda biz Leylanı yenə ana olmağa hazırlaşdığını görürük. Leylanın ən
böyük arzusu qızının dünyaya gəlməsi olur. Çünki, o, körpəsinə ən sevdiyi
insanın – Məryəmin adını qoymaq istəyir.
Ümumiyyətlə,
qeyd etməliyik ki, əsərlərini əsasən nikbin sonluqla bitirmək Xalid Hüseyn
yaradıcılığına xas xüsusiyyətdir. Burda da yazıçı Əfqanıstanın bir zaman özünün
gördüyü, günü-gündən yaxşıya doğru inkişaf edəcək bir ölkəyə çevriləcəyinə olan
inamıdır. Əsərdə həyatını bir kişiylə məcburən bağlamış iki qadının acı taleyi
verilsə də, burada müharibə və insan xətti də əsas götürülür. Bir cahil və
kobud kişiylə yaşamağa məcbur olmuş iki qadın əslində həm də heç bir insani
hüquqları tanınmayan qadınların ümumiləşdirilmiş obrazıdır. Əsərin əsas qəhrəmanlarından
olan Məryəmə həyat heç vaxt xoş üzünü göstərmir. Məryəm varlı adamın qeyri
qanuni münasibətindən dünyaya gəlmiş qızı idi, üstəlik həm eybəcər, həm də
sonsuz idi. O, öz bədbəxtliyinin səbəbini anasının vaxtilə səhv edərək atası
ilə qeyri qanuni münasibət yaşamasında görürdü. Məryəm daim alçaldılmağa,
təhqir olmağa, itaət etməyə öyrənir. Əsərin digər qütbündə isə biz ailə sevgisi
görmüş, təhsil görmüş, sevgi yaşamış mübariz Leylanı görürük. Bu iki qadını
eyni problem uğrunda mübarizə bir birinə yaxınlaşdırır. Onlar çoxdan
axtardıqları ailə sevgisini, səmimiliyi, fədakarlığı bir birində tapırlar.
Məryəmlə Leyla sanki köhnəliklə müasirliyin astanasında qalan Əfqanıstanı
simvolizm edir. Geriliklə yenilik, yaşlı nəsillə gənc nəsil bir birinə düşmən
mövqedə durmaqdansa ortaq problemin qarşısında birləşir, mübarizə aparır.
Nəticədə köhnəlik özünü yeniliyə fəda edir. Yenilik isə öz tarixinə sahib
çıxır, onun fədakarlığına qədirşünaslıqla yanaşır, yaşatmağı istəyir.
Əsərdə
qadınların belə bədbəxt həyat sürməsinə ailə, cəmiyyət, savadsızlıq nə qədər
günahkardırsa, bir-birini təqib edən qanlı müharibələr, siyasi rejimlər də bir
o qədər məsuliyyət daşıyır.
Xalid Hüseynin "Çərpələng uçuranlar"
romanında əgər fədakar kişi dostluğundan bəhs edilirdisə, "Min möhtəşəm
günəş" əsərində güclü qadın dostluğu təsvir edilmişdir. Maraqlı məqam odur
ki, Azərbaycan ədəbiyyatında da bu ardıcıllıq İsmayıl Şıxlının əsərlərində
özünü göstərməkdədir. İsmayıl Şıxlı əgər "Dəli Kür" əsərində Cahandar
ağanın timsalında yanlışı ilə doğrusu ilə Azərbaycan kişisinin portretini
yaratmışdısa, ömrünün sonunda "Ölən dünyam" əsərindəki Güllü arvad
obrazı ilə Azərbaycan qadının bədii obrazını yaratmışdı.
Babayeva Məlahət
