AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vətəndaşlarımızın rifahının yüksəldilməsi

Vətəndaşlarımızın rifahının yüksəldilməsi

Cəmiyyət
08 Avqust 2020, 17:30 440
Dövlətimizin başçısı İlham Əliyev Prezident seçildiyi ilk gündən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına dair verdiyi vədinə qəbul etdiyi hər bir qərarı, atdığı hər bir addımı ilə hər zaman əməl edib. Bu gün də hamımız ən çətin, ən ağır məqamlarda belə məhz xalqın rifahının, dövlətin mənafeylərinin möhtərəm Prezidentimizin siyasətində prioritet olduğunun canlı şahidləriyik. Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videokonfrans formatında keçirdiyi müşavirədə müzakirə olunan məsələlər də bütünlüklə bu prioritetlərin təmin olunmasına istiqamətlənmişdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının həmin müşavirədə söylədiyi giriş nitqində qeyd etdiyi kimi, bu gün ölkəmizdə koronavirusa qarşı görülən qətiyyətli mübarizə tədbirləri nəticəsində artıq müsbət dinamika müşahidə olunmaqdadır. İyulun 16-dan müşahidə olunmağa başlayan bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər gözlənilən effektiv nəticələri verməkdədir. Məhz bu tədbirlər nəticəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyət hazırda tam nəzarət altındadır və son üç həftə ərzində xəstəliyə yoluxanların sayı sağalanların sayından xeyli aşağı düşüb. Xüsusi olaraq bunu da qeyd etmək istərdim ki, pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk günlərdən dövlətimizin başçısı bilavasitə nəzarəti altında bütün tələb olunan qabaqlayıcı tədbirlərin təxirə salınmadan həyata keçirilməsi sayəsində biz bu vəziyyətdən ən az itkilərlə çıxırıq.

"Təbii ki, əldə olunmuş nəticələrdə koronavirusla mübarizədə əsl fədakarlıq nümayiş etdirən həkimlərimizin çox böyük əməyi vardır. Prezident də öz çıxışında qeyd etdiyi kimi, məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Digər tərəfdən isə, bu qorxunc xəstəliklə effektiv mübarizə apara bilmək üçün həkimlərimizin də müvafiq şəraitə, tələb olunan preparat və avadanlıqlara olan ehtiyacları yenə də dövlətimiz tərəfindən təmin edilib. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir ki, həmin xəstəxanaların da 41-i son 17 il ərzində məhz möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa tapşırığı əsasında tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Həmçinin bir müddət əvvəl xəstələrin sayı artmaqda olduğundan yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə də modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib. O cümlədən Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində dövlət başçımızın bilavasitə iştirakıyla bu xəstəxanaların açılışı olub. Yaxın gələcəkdə isə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə də təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”, - deyə professor vurğulayıb.

Aqiyə Naxçıvanlı qeyd edib ki, pandemiya dövründə zəruri karantin rejiminin tətbiqi ilə əlaqədar insanların maddi durumlarının necə olacağı da əsas narahatlıq doğuran məsələlərdən idi. Bir çox sahələr öz fəaliyyətini dayandırdığından vətəndaşların maddi gəlirlərinin də kəskin şəkildə aşağı düşəcəyi gözlənilirdi. Lakin dövlətimizin başçısının atdığı məqsədyönlü addımlar, qəbul etdiyi düşünülmüş və müdrik qərarlar sayəsində bu problem də ən optimal şəkildə öz həllini tapmış oldu. Son aylar ərzində 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmədiyi halda belə dövlət tərəfindən onlara əməkhaqqı ödənilir. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub və onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilib. Avqustun 6-da keçirilmiş müşavirədə isə möhtərəm Prezidentimiz İlham Əliyev bu xüsusda qəbul etdiyi növbəti insanpərvər qərarı ilə həqiqətən məhz insanlarımızın mənafeylərinin, vətəndaşlarımızın rifahının yüksəlişinin onu düşündürən ən ümdə məsələlərdən olduğunu bir daha təsdiq etmiş oldu. Belə ki, dövlətimizin başçısı aztəminatlı təbəqəyə aid olan insanların dövlət dəstəyilə bundan sonra da əhatə olunmalarının vacibliyini vurğulayaraq, avqust ayında da onlara 190 manatlıq müavinətin ödənilməsi barədə müvafiq qurumlara tapşırıq verdi.

Deputat bildirib: "Həqiqətən də son illər ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu məqamı öz çıxışında xüsusi olaraq vurğulayan dövlət başçımız bu barədə deyib: "Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq”.

Aydındır ki, bütün bu sosial layihələrin həyata keçirilməsi yalnız güclü iqtisadiyyata malik ölkələrdə mümkündür. Nəzərə alsaq ki, bu gün pandemiya ilə əlaqədar bir çox inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz və hətta ondan da çoxdur, bu zaman Azərbaycanda vəziyyətin kifayət qədər qənaətbəxş olduğunu daha aydın görə bilərik. Təbii ki, bu vəziyyət də birbaşa Prezident İlham Əliyevin güclü iradəsi, qüsursuz idarəçilik təcrübəsi və qəbul etdiyi müdrik qərarlar sayəsində formalaşıb. O cümlədən vergi sistemində aparılan ciddi islahatların nəticəsi olaraq, bu gün vergilərin 75 faizi özəl sektorda formalaşıb və 6 ay ərzində proqnozdan əlavə vəsait yığılıb. Bununla belə, dövlətimizin başçısının dediyi kimi, yenə də iqtisadi inkişafımız təmin edilməlidir və bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır.

Göründüyü kimi, bu gün müşahidə olunan müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Biz unutmamalıyıq ki, bütün bəşəriyyəti təhdid edən təhlükə, COVID-19 infeksiyası hələ ki, yoxa çıxmayıb. Məhz buna görə dövlətimiz də xəstəliyə qarşı mübarizəni səngitmir və bu məsələyə çox ciddi nəzarət olunur. Öz növbəmizdə biz vətəndaşlar da hamılıqla son dərəcə məsuliyyətli olmalıyıq. Yalnız bu halda, yaxın vaxtlarda bu karantin rejiminin daha da yumşaldılması və cəmiyyətimizin normal həyata yenidən dönməsi mümkün ola bilər”.