• çərşənbə, 15 Yanvar, 11:01
  • Baku Bakı 6°C

Verilən dəyərin əyani nəticəsi 

17.08.24 06:11 3195
Verilən dəyərin əyani nəticəsi 

İdmançılarımızın Paris Yay Olimpiya Oyunlarında qazandıqları medallar sayəsində Azərbaycan dünya ölkələri arasında 30-cu, müsəlman ölkələri arasında isə üçüncü yeri tutub. Qeyd edək ki, idmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. 

Azərbaycan idmançıları Paris Yay Olimpiya Oyunlarında növbəti dəfə ölkəmizi layiqincə təmsil etdilər. Əldə edilən nəticələr ölkənin ali rəhbərliyi, cəmiyyətimiz tərəfindən də yüksək qiymətləndirilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan budəfəki olimpiya oyunlarında iştirak edən ölkələr arasında 30-cu yeri tutub. Bu, müstəqil Azərbaycanın Olimpiya Oyunlarında əldə etdiyi ən yaxşı göstərici hesab edilir.   

“Azərbaycan güclü idman dövlətidir”

Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçiləri ilə görüşündə də olimpiya komandamızın iştirakına yüksək dəyər verib. Dövlət başçısı bildirib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır: "Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir". 

Müsəlman ölkələri arasında üçüncü

Əslində olimpiya oyunları həm də müxtəlif idman növləri ilə bağlı müvafiq federasiyaların, qurumların dörd illik hesabatıdır desək, yanılmarıq. Hər bir növbəti olimpiadaya hazırlıq məhz özündən əvvəlkindən dərhal sonra başlayır. Bu mənada Paris Olimpiadası da istisna deyil. 

Qızıl medalçılarımız Hidayət Heydərov və Zelim Kotsoievi təbrik edən dövlət başçısı da bu məqama xüsusi vurğu edib. “Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır” - dövlət başçısı deyib.

Prezident İlham Əliyev də bildirib ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb: "Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır”.

"Daha çox medal qazana bilərdik"

Oyunların gedişində bəzi idmançılarımızın potensialının daha yüksək olduğunu, daha yaxşı çıxış edə biləcəklərini də gördük. Dövlət başçısının da vurğuladığı kimi, daha çox medal qazana bilərdik. Amma bu, idmandır, idmanda qələbə də olur, məğlubiyyət də: "Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.

Müvafiq səlahiyyətlilər qarşısında qoyulan tələblər

İndi qarşıda yeni dördillik hazırlıq prosesi var. Növbəti olimpiadanın uğur təməlləri indidən atılmalı, çatışmazlıqlar əvvəlcədən müəyyənləşdirilərək ciddi hazırlığa start verilməlidir.   

Milli Olimpiya Komitəsinin Prezidenti kimi İlham Əliyevin müvafiq səlahiyyətlilər qarşısında qoyduğu tələblər də məlumdur. Dövlət başçısı deyib ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək: “Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir”. Prezident növbəti Olimpiya Oyunlarına hazırlıq prosesinin ardıcıl aparılacağına əminliyini ifadə edib.

“Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”

Prezidentin də vurğuladığı kimi, bu gün Azərbaycanda gənclərin idman yarışlarına marağı həddən artıqdır. Bunun başlıca səbəbi isə dövlət olaraq idmanın inkişafı, əldə edilmiş uğurlara görə idmançılara göstərilən diqqətdir. Həqiqətən də hər Olimpiya Oyunlarından sonra gənclər arasında qızıl medal əldə edilən idman növünə kütləvi axın müşahidə edilir. Bu axın həm də gələcək qızıl medalçıların seçim imkanlarını genişləndirir. Bu fakt Prezident İlham Əliyev tərəfindən də təsdiqlənir. Dövlət başçısı olimpiya mükafatçıları ilə görüşdə  həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayının çox olacağına əminliyini ifadə edib: "Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.

Yüksək mənəvi keyfiyyət

Paris Olimpiya Oyunları həm də idmançılarımızın nümayiş etdirdiyi yüksək fərdi keyfiyyətləri ilə yadda qaldı. Parisin ölkəmizə qarşı nümayiş etdirdiyi təxribat qaliblərimizin, mükafatçılarımızın nümunəvi davranışına heç bir təsir göstərmədi. Komanda üzvlərimiz hər zaman olduğu kimi bu dəfə də Azərbaycan adını uca tutdular.   

İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan Prezident İlham Əliyev də deyib ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. 

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Heydərov Hidayət Minayət oğlu, Kotsoiev Zelim Oleqoviç, Məmmədov Elxan Əbülfəz oğlu, Trautmann Riçard “Şöhrət” ordeni ilə təltif ediliblər. Olimpiya komandamızın uğur qazanan digər üzvləri də təltif olunublar. Oyunlarda medal qazanan idmançılara və məşqçilərinə pul mükafatları da təyin edilib.  

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər