• şənbə, 11 Yanvar, 07:08
  • Baku Bakı 8°C

Təhlükəsizliyimiz də birdir, maraqlarımız da

11.01.25 03:40 78
Təhlükəsizliyimiz də birdir, maraqlarımız da

Şuşa Bəyannaməsi ilə bir üst səviyyəyə qalxan Türkiyə-Azərbaycan strateji müttəfiqliyi hər kəsin hesablaşmaq məcburiyyətində qaldığı bir gücdür. Bu əlaqələr artıq tək Cənubi Qafqaz regionunu deyil, daha geniş coğrafiyanı əhatə etməyə başlayıb. 

Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik əlaqələri artıq tək Cənubi Qafqaz regionunu deyil, daha geniş coğrafiyanı əhatə etməyə başlayıb. Bu fakt özünü iki ölkə arasındakı təmaslarda da göstərir.

“Hər zaman Azərbaycanın yanındayıq”

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.

Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.

“Azərbaycanın sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyirik”

Rəsmi Ankaranın bütün məsələlərdə Bakıya tam dəstək verdiyini xarici işlər naziri Hakan Fidan bir daha bəyan edib. Yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinq zamanı türkiyəli nazir bildirib ki, ölkəsi Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir: “Sülh sazişi sənədinə imza atılması üçün yerdə qalan bir neçə bənd var ki, onların da tamamlanması lazımdır. Ümid edirik ki, 2025-ci ildə qalıcı sülhə nail olunacaq və firavan bir bölgə görəcəyik”.

H.Fidan deyib ki, Azərbaycanın Qarabağdakı işğal prosesini başa çatdırması ilə bölgədə davamlı sülh üçün tarixi fürsət yaranıb. O, Türkiyənin sülh və sabitlik prosesində Azərbaycanla çiyin-çiyinə hərəkət etdiyini ifadə edib.

“Gücümüz daha da artacaq”

İki ölkə arasındakı münasibətlərin dünyaya nümunə olduğunu Prezident İlham Əliyev də yerli telekanallara son müsahibəsi zamanı bəyan edib. Dövlət başçısı Suriyada yaşanan son hadisələrə münasibət bildirərkən Bakı-Ankara münasibətlərinə də toxunub. Onun sözlərinə görə, Türkiyənin Suriyanın inkişafındakı rolu çox əhəmiyyətlidir: “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq. Bizim Müttəfiqlik Bəyannaməmiz hər gün yeni amillərlə zənginləşir və D-8-lə bağlı bax, bayaq verdiyiniz suala qayıtdıqda, bizi ən çox dəstəkləyən də yenə Türkiyə olmuşdur və birinci bizi təbrik edən də Türkiyə olmuşdur. Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, - bir qədər bu məsələyə biz toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya - Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan”. 

Dövlət başçılarının bəyanatlarından da göründüyü kimi, Şuşa Bəyannaməsi ilə bir üst səviyyəyə qalxan ikitərəfli münasibətlər, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi artıq beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir gücünə malik, hər kəsin hesablaşmaq məcburiyyətində qaldığı bir faktdır. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər