• cümə axşamı, 13 iyun, 05:29
  • Baku Bakı 24°C

Vasitəçisiz əldə edilən uğurlar - TƏHLİL

04.05.24 06:14 2642
Vasitəçisiz əldə edilən uğurlar - TƏHLİL

Prezident İlham Əliyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülhə doğru gedir. Çünki adlarını vasitəçi qoyanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. 

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi istiqamətində ümidverici addımlar atılmaqdadır. İki ölkə arasında birbaşa danışıqlar fonunda əldə edilmiş razılaşmalar bu qənaətə gəlməyə əsas verir. Bakının humanist qərarı ilə ölkəmizə qarşı müəyyən cinayətlərdə ittiham olunan erməni hərbçilər azad edildi. COP29 tədbiri ilə bağlı qarşılıqlı anlaşma əldə olundu. Daha sonra sərhədlərin müəyyənləşdirilməsi istiqamətində birgə komissiyaların ardıcıl görüşləri keçirildi. Bütün bunlar ilkin addımlar kimi dəyərləndirilsə də, vasitəçilərsiz danışıqlar formulunun daha uğurlu seçim olduğunu isbatlayır. Azərbaycana məxsus dörd kəndin geri qaytarılması ilə Qazax-Tovuz istiqamətində demarkasiya və delimitasiyaya start verilməsi, prosesin qarşılıqlı anlaşma və beynəlxalq hüquq çərçivəsində irəlilədilməsi tərəflərin heç bir kənar müdaxilə olmadan razılığa gələ biləcəyini bütün dünyaya bir daha nümayiş etdirdi. Artıq bu format beynəlxalq səviyyədə də qəbul edilir. Ayrı-ayrı beynəlxalq təşkilatların və dövlətlərin məlum proseslə bağlı dəstək bəyanatlarında biz bunu müşahidə edirik.    

"Cənubi Qafqazda buna icazə verməyəcəyik"

Prezident İlham Əliyev də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq: "Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər".

Öz maraqlarını düşünən vasitəçilər 

Dövlət başçısının da vurğuladığı kimi, post-müharibə dövrünün reallıqları sülh prosesinin irəlilədilməsi baxımından yeni yanaşmalar tələb edir. Azərbaycan 30 il ərzində məhz vasitəçilərə ümid olaraq münaqişənin sülh yolu ilə həlli üçün  danışıqlar aparıb. Lakin bu gün həmin sonsuz danışıqların pərdəarxası məqamları açıqlandıqca, vasitəçilik missiyasını üzərinə götürənlərin əsl niyyətlərinin nədən ibarət olduğu açıq şəkildə görünür. Əslində onlar bölgədə qalıcı sülh yox, əksinə, daim müdaxilə imkanlarına yol açan münaqişəli vəziyyətin qalması üçün vasitəçilik ediblər. Onların geosiyasi maraqları münaqişəli vəziyyətdən illərlə əziyyət çəkən milyondan artıq soydaşımızın iztirablarından üstün tutulub. Sonunda Azərbaycan bu ədalətsizliyə özü son qoymaq məcburiyyətində qalıb. Beynəlxalq hüququ, BMT qətnamələrini əsas tutaraq suverenliyini, ərazi  bütövlüyünü bərpa edib. 

Vasitəçilərsiz danışıqlar formulu

Təəssüf ki, müharibədən dərhal sonra Bakının sülh təşəbbüsü ilə çıxış etməsi, hətta baza prinsiplərini müəyyənləşdirməsi Ermənistan və onun arxasında duranlar tərəfindən lazımınca qiymətləndirilmədi. 2022-ci ildə iki ölkə arasında sülh sazişinin imzalanacağına dair böyük ümidlər olsa da, başda Fransa olmaqla bu prosesin reallaşmaması üçün əllərindən gələni etdilər. Brüssel, Moskva və Vaşinqton formatları məhz bu səbəbdən özünü doğrultmadı. Biz 30 illik işğal dövründə vasitəçi olanların yenidən Cənubi Qafqazı qaynar qazana çevirmək planlarının dəyişmədiyinin şahidi olduq. Təbii ki, rəsmi Bakı milli maraqlarını birbaşa təhdid edən bu proseslərin qarşısını həm hərbi-siyasi, həm də diplomatik yollarla alaraq, sülh qatarının onun müəyyənləşdirdiyi istiqamətdə irəliləməsinə çalışır. Bu işdə uğur əldə etdiyimizi əminliklə söyləyə bilərik. Dörd kəndin işğaldan azad edilməsi, rus sülhməramlılarının vaxtından əvvəl ərazilərimizi sakit bir şəkildə tərk etməsi belə qənaətə gəlməyə əsas verir.  

Qazaxıstan ikitərəfli görüş üçün seçilən məkandır

Qarşıda Qazaxıstan görüşü var. Hər iki tərəf xarici işlər nazirləri səviyyəsində bu görüşün təşkilinə razılıq verib. Bir məqam xüsusi qeyd edilməlidir ki, Qazaxıstan danışıqlar prosesində vasitəçi deyil. Sadəcə, ikitərəfli danışıqlar formatının davamlı olması üçün seçilən bir məkandır. Bu ölkənin növbəti görüş yeri kimi seçilməsi də Azərbaycanın diplomatik uğuru sayılmalıdır. Çünki Qazaxıstan hazırda konfrantasiya halında olan Qərb və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir. Bu, sülh prosesini nəzarəti altına almağa çalışan böyük güclərin Qazaxıstan görüşünə qısqanclıqla yanaşmaq ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Vasitəçilərsiz danışıqlar formulunun daha uğurlu seçim olduğunu artıq İrəvan hakimiyyəti də anlayır. İstər son aylarda səsləndirilən bəyanatlar, istərsə də kəndlərin qaytarılması və sərhədlərin müəyyənləşdirilməsi istiqamətində sülhə xidmət edən addımların atılması ümidvericidir. Bununla belə, son üç ildə yaşanan proseslər bir daha təsdiqləyir ki, sülh sazişinin tezliklə imzalanması Ermənistan rəhbərliyinin siyasi iradəsindən, Fransa və digərlərinin pozucu oyunlarından uzaq durmaqla ikitərəfli vasitəçilərsiz danışıqlar formatına sadiqliyindən asılıdır. 

Azad Əliyev   

banner

Oxşar Xəbərlər